Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

NOPEC - neft təklifi və qiymətlərin düşməsi: OPEC niyə Trampın prezidentliyindən qorxur

© AP Photo / Lisa LeutnerOPEC, arxiv
OPEC, arxiv - Sputnik Azərbaycan, 1920, 30.11.2024
Abunə olmaq
Ağ Evin yeni seçilmiş rəhbəri, görünür, inflyasiyanın qarşısını almaq və neftin maya dəyərini azaltmaq üçün təkcə OPEC+ deyil, həm də Amerika neft şirkətləri ilə mübarizə aparmalı olacaq.
BAKI, 30 noyabr - Sputnik. Yaxın Şərq münaqişələri risklərinin zəifləməsi ilə əlaqədar neft bazarında yalnız nisbi sabitlik başlayır, o zaman ki, qiymətləri yenidən dəyişən digər amillər meydana çıxır.
Belə ki, neft bazarının pərdə arxasında bir müddətdir ki, OPEC+ ölkələri arasında neft hasilatının həcmi ilə bağlı fikir ayrılıqlarının olduğu barədə pıçıltılar səslənir - onlar deyirlər ki, neft hasilatını azaltmağı öhdəsinə götürən bir sıra ölkələr faktiki olaraq hasilat həcmini artırıb.
Ümumiyyətlə, OPEK mübahisələrə yad deyil - alyans üzvləri həmişə tələb olunan neft hasilat həcmi ilə bağlı ümumi rəyi bölüşmürlər, lakin bu dəfə vəziyyəti ABŞ-ın növbəti prezidenti Donald Trampın öz düzəlişlərini edə biləcəyi faktı daha da gərginləşdirir. Çox güman ki, bu, hasilatçı ölkələrin maraqlarına uyğun gəlməyəcək.
Qiymətlərin düşməsi təhlükəsi qarşısında OPEK üzvləri hasilatın azaldılması ilə bağlı ortaq mövqeyə gələ bilmədilər - ilin əvvəlindən alyans üzvləri hasilat həcmini bərpa etməyi planlaşdırırdılar, lakin ekspertlər hesab edir ki, bir sıra hasilatçı ölkələr bir müddət istehsalın azaldılması üçün lobbiçilik edir. Məhz bu məsələ ilə bağlı uzun danışıqlar prosesi olduğuna görə OPEC+ ölkələri nazirlərin görüşünü dekabrın 1-dən 5-ə təxirə saldılar.
Səudiyyə Ərəbistanı ilə ABŞ arasında NOPEC vasitəsilə “dava-dalaş”
Birləşmiş Ştatlar NOPEC qanun layihəsindən (“Neft hasilatı və ixracı kartelləri haqqında”, sözün əsl mənasında OPEC-ə YOX) OPEC-ə və xüsusən də Səudiyyə Ərəbistanına təzyiq vasitəsi kimi istifadə edir.
NOPEC formaları təxminən iyirmi ildir ki, ABŞ Konqresi tərəfindən nəzərdən keçirilir, lakin heç vaxt komitə müzakirələrindən kənara çıxmayıb.
Yalnız bir dəfə, 2007-ci ildə qanun layihəsinin bir versiyası Nümayəndələr Palatası və Senat tərəfindən təsdiqlənmişdir. Lakin prezident Corc Buşun veto qoyması səbəbindən NOPEC heç vaxt qanuna çevrilmədi.
NOPEC qanun layihəsinin mahiyyəti ondan ibarətdir ki, o, ABŞ Ədliyyə Departamentinə neft hasilatına nəzarət etməyə və ya qiymətlərə təsir göstərməyə cəhd etdiyinə görə OPEC üzvü olan ölkələrə qarşı antiinhisar iddiası qaldırmağa imkan verəcək.
Yəni, sənəd digər ölkələrin xammal istehsalının məhdudlaşdırılmasına və “qara qızıl”ın qiymətlərinin müəyyənləşdirilməsinə yönəlmiş istənilən birgə hərəkətlərini qanunsuz hesab edir.
Qanun layihəsinin qəbulu OPEK çərçivəsində neft ixrac edən ölkələrə qarşı sanksiyaların tətbiqinin qanuniliyi anlamına gələ bilər.
© AP Photo / Alex BrandonDonald Tramp, arxiv
Donald Tramp, arxiv - Sputnik Azərbaycan, 1920, 30.11.2024
Donald Tramp, arxiv
Prezident Donald Trampın əvvəlki dövründə NOPEC ən fəal şəkildə nəzərdən keçirilib və irəli sürülüb. Belə ki, 2018-ci ildə Səudiyyə Ərəbistanının neft hasilatını azaltmaq qərarına cavab olaraq Tramp NOPEC qanununu qəbul edəcəyini açıqlamışdı.
Ümumiyyətlə, Tramp OPEK-in açıq tənqidçisidir – 2018-ci ildə çıxışı zamanı o, “OPEC və OPEC ölkələri dünyanın qalan hissəsini soyurlar” demişdi. Tramp ilk növbədə Səudiyyə Ərəbistanına istinad edərək bildirib ki, OPEK ölkələri qiymətləri aşağı salmasa, bəziləri hərbi yardımdan məhrum olacaq.
Daha sonra neftin bahalaşmasının nəticələrindən qorxan Ər-Riyad “qara qızıl” hasilatını artırdı və bununla da dünya qiymətlərini aşağı saldı. Trampa daha bir itaətsizlik Səudiyyə Ərəbistanı tərəfindən 2020-ci ildə göstərildi, o zaman krallıqda hakimiyyət artıq vəliəhd şahzadə Məhəmməd bin Salmanın əlində idi.
Ər-Riyad yenidən hasilatı azaldıb, neftin orta qiymətini 85 dollar/bareldən yuxarı qaldırıb. Daha sonra bir sıra ABŞ KİV-lərinin yazdığına görə, Tramp Bin Salmanla telefon danışığı apararaq ona açıq şəkildə bildirmişdi ki, əgər səudiyyəlilər neft hasilatını normallaşdırmasalar, o, qanunvericilərin amerikalıların Səudiyyə Ərəbistanından eri çəkilməsi ilə bağlı qanun qəbul etməsinə mane olmaqda aciz olacaq.
Bundan əlavə, mətbuatda yayılan məlumatlara görə, Tramp Ər-Riyadı krallığa hərbi yardımı dərhal dayandırmaqla hədələyib, nəticədə Səudiyyə Ərəbistanı neft qiymətləri ilə bağlı Vaşinqtonla əməkdaşlığa razılaşıb.
Səudiyyə Ərəbistanı artıq əvvəlki kimi deyil
2021-ci ildə prezidentlik müddətinə Səudiyyə hakimiyyətini tənqid etməklə başlayan Co Bayden hakimiyyətə gəldikdən sonra Ər-Riyad və Vaşinqton arasında “neft dostluğu” sona çatdı. 2022-ci ildə Səudiyyə Ərəbistanının başçılıq etdiyi OPEC+ ölkələri gündəlik neft hasilatını dərhal 2 milyon barel azaltdıqlarını elan etdilər ki, bu da “qara qızıl”ın qiymətlərini əhəmiyyətli dərəcədə artırdı.
Elə həmin ilin yayında Bayden neft hasilatını artırmaq istəyi ilə şəxsən Səudiyyə Ərəbistanına getdi, lakin Ər-Riyad bununla razılaşmadı, nəticədə “qara qızıl”ın qiyməti son bir neçə ildə bir barel üçündavamlı olaraq 75-85 dollar aralığında oldu.
Üstəlik, Səudiyyə Ərəbistanı bu yay ABŞ-la yalnız amerikan dolları ilə məcburi neft ticarəti haqqında müqaviləni yeniləməkdən imtina etdi - bu müqavilə ABŞ-dan hərbi və digər yardımların alınmasının qarantiyası kimi 1974-cü ildə bağlanıb.
Ümumiyyətlə, Səudiyyə Ərəbistanı Baydenin prezidentliyi dövründə Vaşinqtondan uzaqlaşmaq və Amerika valyutasının milli iqtisadiyyatdakı hökmranlığından tədricən imtina etmək siyasəti yürütməyə başladı.
Belə olan halda, ekspertlər hesab edirlər ki, Ər-Riyadın Vaşinqtona əvvəlki etimadını bərpa etmək və bir daha səudiyyəliləri neft qiymətləri ilə bağlı danışıqlar masasına oturtmaq üçün Tramp yeni prezidentlik müddətində bir sıra güzəştlərə getməli və bəzi təhlükəsizlik zəmanətləri verməli olacaq.
Tramp qazmaq istəyir, bəs şirkətlər?
Neft qiymətlərini təhdid edən və OPEK ölkələrini birləşdirəcək digər amil Trampın ölkədə neft hasilatını inkişaf etdirməyə yönəlmiş siyasətidir - seçki kampaniyası zamanı gələcək prezident bəzi “yaşıl” təşəbbüsləri məhdudlaşdıracağını və neft və qaz layihələrinə yaşıl işıq yandıracağını vəd etmişdi.
Ekspertlər hesab edirlər ki, ABŞ-da şist neft hasilatının artması nəticəsində “qara qızıl”ın dəyəri xeyli aşağı düşəcək – bazarlar qiymətlərin bir barel üçün 55-65 dollar diapazonunda olacağını gözləyə bilər.
Eyni zamanda Amerika mediası yazır ki, ən böyük neft hasil edən şirkətlər Trampın hasilatı artırmaq ideyasını dəstəkləmir, çünki aşağı qiymətlər özəl şirkətlər üçün sərfəli deyil. Belə ki, Exxon Mobile ABŞ neft və qaz istehsalçılarının yaxın illərdə hasilatı əhəmiyyətli dərəcədə artırmayacaqlarını bildirib.
Şirkətlər qeyd edirlər ki, bu gün ABŞ artıq rekord həcmdə gündəlik 13 milyon barel xam neft hasil edir ki, bu da istənilən digər ölkənin göstəricilərini üstələyir və son on ildə ABŞ-da neft hasilatının təxminən 45% artması deməkdir.
Eyni zamanda, Trampın planlarına görə, qısa müddətdə cari həcmlərə daha 3 milyon barel əlavə olunacaq ki, bu da neft hasil edən şirkətlər üçün əlavə investisiyalar deməkdir ki, bu da qiymətlərin enməsi halında rasional və sərfəli deyil.
Belə olan halda Tramp, görünür, inflyasiyanı saxlamaq və neftin maya dəyərini azaltmaq üçün təkcə OPEC+ deyil, həm də ABŞ neft şirkətləri ilə mübarizə aparmalı olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0