CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan xalqının təfəkküründə başqalarına dözümsüzlük anlayışı yoxdur - Komitə sədri

© Photo : Şəxsi arxivindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov
 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov - Sputnik Azərbaycan, 1920, 30.11.2024
Abunə olmaq
Naxçıvanda “Dövlət-din münasibətləri: geosiyasi reallıqlar və qlobal çağırışlar kontekstində” mövzusunda konfrans keçirilib.
BAKI, 30 noyabr - Sputnik. Azərbaycan xalqının təfəkküründə, tarixi yaddaşında başqalarına dözümsüzlük kimi bir anlayış yoxdur. Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Naxçıvanda keçirilən “Dövlət-din münasibətləri: geosiyasi reallıqlar və qlobal çağırışlar kontekstində” mövzusunda konfransda söyləyib.
Onun sözlərinə görə, etnik və dini müxtəliflik ayırıcı xətt deyil, birləşdirici, qarşılıqlı dialoqu təşviq edən amildir.
Komitə sədri qeyd edib ki, dövlət-din münasibətləri sisteminin üçüncü vacib elementi gələcəyə dair aydın və konkret baxışların mövcudluğudur.

"Tarixi təcrübə və ənənələr dünyagörüşünün formalaşmasında mühüm rola malikdir. Lakin fərqli etnik və dini kimliklərin daşıyıcısı olan sosial qrupların, icmaların öz gələcəyi barədə təsəvvürlərinin bir-birini inkar etməməsi çox vacib şərtlərdən biridir", - Komitə sədri deyib.

Qurum rəhbəri həmçinin bildirib ki, dini inanc və etnik mənsubiyyətindən asılı olmayaraq, əgər onların hamısı öz gələcəklərini vahid bir cəmiyyətdən kənarda təsəvvür etmirsə, bu, ideoloji bütövlüyün, milli həmrəyliyin əlaməti kimi qəbul olunur.

"Kənar ideoloji müdaxilələrin belə toplumlarda parçalanma və qütbləşmə yaratmaq perspektivi məhduddur. Lakin bu, arxayınlaşmağa, bəzi mümkün və ehtimal olunan ideoloji təhdidləri görməzdən gəlməyə əsas vermir. Güclü dövlət həm də belə ehtimalları vaxtında aşkara çıxarmaq, proqnozlaşdırmaq, zəruri tədbirlər görmək üçün vacibdir", - Komitə sədri qeyd edib.

R.Məmmədov həmçinin qeyd edib ki, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmayıb:
“Biz yeni bir dövrün astanasındayıq. Ona görə də mövcud riskləri qiymətləndirərkən, əldə etdiyimiz uğurları təhlil edərkən həm də qlobal çağırışları, geosiyasi reallıqları nəzərə almaq məcburiyyətindəyik. Bu konfransın əsas missiyası da tarixi nailiyyətimiz olan dövlət-din münasibətləri modelini indiki şərtlərdə belə qorumağa və daha da möhkəmləndirməyə imkan verən ideya və təkliflərin öyrənilməsindən ibarətdir”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0