CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Veteran pulu"nun aqibəti: Müvafiq nazirlik deputatların təklifini qulaq ardına vurmaz ki?

© Sputnik / Murad OrujovVətən Müharibəsi qazilərinə pulsuz tibbi yardımlar göstərilir
Vətən Müharibəsi qazilərinə pulsuz tibbi yardımlar göstərilir - Sputnik Azərbaycan, 1920, 29.11.2024
Abunə olmaq
Azərbaycanda müharibə veteranlarının müavinətinin artırılması ilə bağlı müzakirələr 2020-ci il Vətən müharibəsindən dərhal sonra başlansa da, məsələ hələ də öz həllini tapmayıb.
BAKI, 29 noyabr — Sputnik. Milli Məclisdə 2025-ci il büdcə zərfinin müzakirəsi zamanı müharibə veteranlarının müavinətlərinin artırılması təklif olunub. Təklifini əsaslandıran millət vəkili Arzuxan Əlizadə bunu maraq doğuran faktlarla təsdiqləyib. O xatırladıb ki, 2019-cu ildən etibarən müharibə veteranlarına 80 manat müavinət ödənilir ki, bu da günün reallığına cavab vermir.
"Nəzərə almaq lazımdır ki, onlara verilən 80 manat 5 il əvvəlki dəyərində deyil. Hətta 2006-cı ildə həmin veteranlara 55 manat verilirdi ki, o da həmin vaxt təxminən 70 ABŞ dolları edirdi və bu məbləğ bugünkü ekvivalenti ilə 120 manatdır" - deputat bildirib.
Müharibə veteranlarına müavinətlər nə üçün verilir
Müharibə veteranlarına xüsusi diqqət göstərilməsi müstəqil Azərbaycanın ilk günlərindən mövcuddur. İlk vaxtlarda bu sovet qanunvericiliyində olduğu kimi tənzimlənir, və bu qəbildən olan vətəndaşlar kommunal xərclər, telefon xərcləri və ictimai nəqliyyatdan istifadə üçün ödənişlərdən azad idilər. Bundan əlavə, onların övladları güzəştli şərtlərlə bağça və məktəblərdə yerləşdirilir, onlara xidmət göstərən xüsusi mağazalar mövcud idi.
Hazırda veteranlar bütün bu güzəştlərdən məhrum edilib, əvəzində onlar üçün müəyyən aylıq müavinət ayrılıb. 2019-cı ildən etibarən bu məbləğ 80 manat təşkil edir ki, bu da veteranların həmin xərclərini ödəmir.
Müstəqil iqtisadçılar hesab edirlər ki, məsələyə baxdıqda ən azından ölkədəki mövcud inflyasiya nəzərə alınmalı, və heç olmasa digər ödəniş və pensiyalarda olduğu kimi, "veteran pullarında" da indeksasiya aparılmalıdır.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov da məsələyə münasibət bildirib. O, Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında deyib:

"Biz 80 manatı o zaman onların kommunal xidmətlərinə uyğun olaraq vermişdik. Axı indi su, qaz, işıq pulları qalxıb. Metro və avtobus qiymətləri də qalxıb".

Müqayisə üçün bildirək ki, ötən müddət ərzində kommunal xərclər təqribən 100% (limiti aşanlar üçün vəziyyət daha acınacaqlıdır), nəqliyyatda isə 150% (2 dəfə yarım) artıb. Veteranlar isə hələ də bu xərclərin ödəniməsi üçün 2019-cı ildə müəyyənləşdirilmiş 80 manat alırlar.
Amma bu mövzuda müzakirələrin intensivləşməsini nəzərə alaraq məsələ ilə bağlı irəliləyişin əldə olunacağına ümid yaranır. Amma xatırladaq ki, məsələ ilə bağlı qərar Milli Məclisdə yox, müvafiq nazirlikdə qəbul olunur.
Xəbər lenti
0