Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Elm və təhsil nazirliyi 142 məktəbin "qələmini qırdı"

© iStock.com / tieroBoş sinif
Boş sinif - Sputnik Azərbaycan, 1920, 29.11.2024
Abunə olmaq
Rasionallaşdırma prosesi zamanı bəzi məktəblərin fəaliyyəti dayandırılsa da, bəzi məktəblərin tipinin dəyişdirilməsi və ya birləşdirilməsi, eləcə də peşə təmayüllü siniflərin açılması həyata keçirilib.
BAKI, 29 noyabr — Sputnik. Vətəndaşların yaşayış yerlərini dəyişmələri, şəhər və rayon mərkəzlərinə axın etmələri ilə əlaqədar bəzi yaşayış məntəqələrində məktəblərin şagird sayının azalması səbəbindən təbii şəkildə fəaliyyətini dayandırması və ya şagird sıxlığı nəticəsində yeni təhsil müəssisələrinin açılması zərurəti yaranır. Bu barədə Sputnik Azərbaycan-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, müəssisələrdəki şagird sayı və kadr təminatı məsələləri nəzərə alınaraq təhlillər aparılır, təhsil müəssisələrinin rasionallaşdırılması prosesi həyata keçirilir.
Rasionallaşdırılmanın həyata keçirilməsində məqsəd mövcud məktəb şəbəkəsinin optimallaşdırılması, mövcud resursların və ayrılan xərclərin səmərəli bölüşdürülməsi, eləcə də daha dayanıqlı təhsil infrastrukturunun və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasıdır.
Cari tədris ilində şagird sayı 10-a qədər olan ümumilikdə 142 məktəb rasionallaşdırılıb. Rasionallaşdırma prosesi zamanı bəzi məktəblərin fəaliyyəti dayandırılsa da, bəzi məktəblərin tipinin dəyişdirilməsi və ya birləşdirilməsi, eləcə də peşə təmayüllü siniflərin açılması həyata keçirilib.
Daha öncəki açıqlamalarda da qeyd edildiyi kimi, rasionallaşdırılmaya( tipi dəyişdirilən, fəaliyyəti dayandırılan) təqdim edilən məktəblərin hər birinə fərdi qaydada yanaşılıb, bu müəssisələrdə təhsil alan şagirdlərin təhsil almaq hüququ və tədrisin fasiləsizliyi həmin və ya digər məktəbdə təmin edilib.
Qeyd edək ki, Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev ölkədə 1500 məktəbin bağlanması ilə bağlı yayılan xəbərləri təkzib edib.
Xatırladaq ki,bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib.
"Rəsmi açıqlamalara əsasən, xərclərin optimallaşdırlması məqsədilə təxminən 4400 məktəbdən 1500 məktəbin bağlanılması planlaşdırılır. Düşünürəm ki, məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda, bu məsələ kəndlərin sürətli boşalmasına aparıb çıxaracaq" - deputat bildirib.
Xatırladaq ki, bundan öncə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib ki, təhsil sahəsinin ən böyük problemi komplektləşdirilmiş məktəblərin sayının az olmasıdır. Nazir bildirib ki, 4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır:
"Bu o deməkdir ki, sinifdə 7-8 şagird var. Məsələn, məktəbdə 1 dənə 6-cı, 7-ci, 8-ci sinif varsa, bu o deməkdir ki, o məktəbdə 7-8 saat kimya dərsi var. Çünki sinif yoxdur. Məsələn, Daşkəsən rayonunda bir şagirdə çəkilən orta xərc təxminən Bakıda olan özəl məktəbin qiyməti - 8500 manata qədərdir. Amma nəticə yoxdur. Əksinə, Bakıda 30-32 nəfər şagirdi olan məktəbdən biz daha yaxşı nəticə görürük. Önəmli məsələ müəllimin keyfiyyətidir. Sinifdə 1 uşaq olanda da, 30 uşaq olanda da dövlət 25 min manat pul xərcləyir. Bir uşağa o vaxt 25 min manat xərcləmək olar ki, orada nəticə var. Bizim belə 4 şagirdi, 4 sinfi, 32 müəllimi olan məktəblərimiz çoxdur. Uzun sözün qısası, rasionallaşmaya ehtiyac var, ağrılı proses olsa da biz buna getməliyik".
Xəbər lenti
0