CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müharibə veteranlarına verilən 80 manatın iki dəfə artırılmasına ehtiyac var - Deputat

© Sputnik / Murad OrujovVətən Müharibəsi qaziləri, arxiv
Vətən Müharibəsi qaziləri, arxiv - Sputnik Azərbaycan, 1920, 27.11.2024
Abunə olmaq
Deputat həmçinin təklif verib ki, yaralanmış, psixoloji travma almış və hələ də müalicəsi gedən müharibə iştirakçılarına 2-3 illik aylıq müavinət təyin olunsun.
BAKI, 27 noyabr— Sputnik. “Ünvanlı dövlət sosial yardımı almaq üçün şərtlər çox ağırdır. Bu il müəyyən yüngülləşmə aparılıb, amma yenə də ciddi çətinliklər qalmaqdadır. Doğurdan da ehtiyacı olanlar bunu ala bilmir və mən onlarla dəfə bunun şahidi olmuşam. Səbəb isə şərtlərin ağır olması və bəzən isə ehtiyacı olan tərəfindən həmin şərtlərin yerinə yetirilməsinin obyektiv və subyektiv səbəblərdən heç cür mümkün olmamasıdır”.
Bunu parlamentin plenar iclasında deputat Razi Nurullayev deyib.
© SputnikRazi Nurullayev
Razi Nurullayev - Sputnik Azərbaycan, 1920, 27.11.2024
Razi Nurullayev
O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi hazırda bununla bağlı pilot layihə həyata keçirir və məsələnin ədalətli həlli üçün çalışır:

“Tam məlumatlı deyiləm, amma belə çıxır ki, nazirlik bütün ailələri bir-bir ziyarət edib ümumi mənzərəni ortaya çıxarmaq və məlumatlara malik olmaq istəyir ki, ünvanlı sosial yardımı da avtomatlaşdırsın. Hər bir rayonda yerli icra hakimiyyəti var. Onlar kimin ehtiyac içində olduğu barədə məlumatlara sahibdirlər. Onların arayışı bəs etməzmi? Əgər onlar yalan məlumat verərlərsə, bu icra hakimiyyəti və işçisi üzərində ciddi məsuliyyət yaratsın. Bunun üçün qanunvericiliyə lazımdırsa, dəyişiklik edək. Nazirliyin imkanları var ki, qəfil yoxlamalar həyata keçirsin. Nazirliyin tərkibində İctimai Şura var. Qoy onlar ayda bir neçə dəfə məsələ həllini tapana qədər səfərlər edib məlumatlar hazırlasınlar”.

Deputat qeyd edib ki, bu gün də əlillik tələbi ilə müraciət edən onlarla qazimiz var:
“Onlarla danışmaq, nəyisə izah etmək demək olar ki, mümkün deyil. Çünki, onların canı ağrıdığına görə, psixoloji travma və ehtiyac ucbatından əlillik haqqının olduğuna inanırlar. Ən azı 4-5 dəfə təklif verdim ki, yaralanmış, psixoloji travma almış və hələ də müalicəsi gedən müharibə iştirakçılarına 2-3 illik aylıq müavinət təyin olunsun. Bu gün də buna ehtiyac duyuram. Çünki, onların müalicəsi dövlət tərəfindən aparılsa da, amma dərmanların alınması, nəqliyyat və digər xərcləri var. Həmin xərcləri onların aldıqları 80 manatla ödəmək mümkün deyil. Onun üçün də 80 manatın iki dəfə artırılması ilə bağlı ehtiyac və tələb var”.
Deputatın digər təklifi qazilərin işsizliyi ilə bağlı olub:

“Demək olar ki, onların böyük əksəriyyətinin ali təhsili yoxdur və bu, onların yaxşı işə düzəlməsinə imkan vermir. Nazirliklə ali təhsil müəssisələri arasında razılaşma əldə olunsun və onların nəzdində bir-iki illik təhsil proqramları yaradılsın. Bu, sosial narazılıqların aradan qalıdırlmasında əsaslı rol oynayar”.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0