Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Tələbə yataqxanaları ilə bağlı müjdə: Qiyməti qalxacaq, bəs keyfiyyəti?

© Sputnik / Nigar IskanderovaBDU-nun yeni yataqxanası
BDU-nun yeni yataqxanası - Sputnik Azərbaycan, 1920, 26.11.2024
Abunə olmaq
Kamran Əsədov deyir ki, özəl sektor tərəfindən idarə olunan yataqxanalar daha yüksək xidmət səviyyəsi, təmizlik, təhlükəsizlik və internet təminatı kimi üstünlüklər təqdim edə bilər.
BAKI, 25 noyabr — Sputnik. "Azərbaycanda tələbə yataqxanalarının təmirinə özəl sektorun cəlb edilməsi tələbə həyatının keyfiyyətini artırmaq məqsədilə atılan əhəmiyyətli addımlardan biridir. Bu proses, mövcud infrastrukturun müasirləşdirilməsinə, tələbələrin rahat yaşayış şəraitinin təmin olunmasına və dövlətin ali təhsil siyasətində daha müasir yanaşmaların tətbiqinə imkan yaradır".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov söyləyib. O, bildirib ki, bu dəyişikliklərin yataqxana qiymətlərinə təsiri mürəkkəb bir məsələdir.
Qeyd edək ki, ali məktəblərin yataqxanalarının təmirinə özəl sektorun cəlbi üçün "Tələbə yataqxanalarının texniki maliyyə əsaslandırılması" sənədinin hazırlanmasına başlanılıb.
Bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov bildirib. Onun sözlərinə görə, özəl sektoru bu işə cəlb etmək üçün yeni sənədin hazırlanmasına ehtiyac var:

"Bu işin həcmi çox böyükdür. Dövlət bunun öhdəsindən tək gələ bilməz. Ona görə də bu sahəyə özəl sərmayə cəlb edilməlidir. Özəl sərmayənin cəlbi bizim nizamnaməmizdə də nəzərdə tutulur. Bunun üçün texniki maliyyə əsaslandırılma sənədi hazırlamalıyıq ki, onlar hansı yataqxanaya nə qədər sərmayənin qoyula bilməsini, qanunvericiliklə bunun təminatının nələrdən ibarət olduğunu görsünlər. Ümumi bir sənəd hazırlanacaq. Daha sonra investorlar istəklərinə uyğun olaraq, seçdikləri universitetlərə bu sahə üzrə investisiya yatıra bilərlər".

Kamran Əsədov bildirib ki, "Tələbə yataqxanalarının texniki maliyyə əsaslandırılması" sənədinin hazırlanması bu layihənin sistemli şəkildə həyata keçirilməsi üçün mühüm vasitə olacaq. Bunun tələbələrin yaşayış şəraitinə, yataqxana qiymətlərinə və ümumilikdə ali təhsil sisteminə təsirləri müxtəlif istiqamətlərdən təhlil edilə bilər:
"Tələbə yataqxanalarının təmirinə özəl sektorun cəlb olunması infrastrukturun təkmilləşdirilməsi və müasir standartlara uyğunlaşdırılması baxımından mühüm rol oynayır. Azərbaycanda bir çox tələbə yataqxanası uzun müddətdir ki, yenilənmədən istifadə edilir və mövcud infrastrukturlar köhnəlmiş vəziyyətdədir. Özəl sektorun iştirakı ilə həyata keçiriləcək təmir işləri tələbələrə daha rahat və təhlükəsiz yaşayış şəraiti yaratmaq potensialına malikdir. Müasir texnologiyaların tətbiqi, enerji səmərəliliyi və məişət şəraitinin yaxşılaşdırılması kimi yeniliklər tələbələrin gündəlik həyat keyfiyyətini artıracaq. Bundan əlavə, özəl sektor tərəfindən idarə olunan yataqxanalar daha yüksək xidmət səviyyəsi, təmizlik, təhlükəsizlik və internet təminatı kimi üstünlüklər təqdim edə bilər".
Ekspertin fikrincə bu bu dəyişikliklərin yataqxana qiymətlərinə təsiri mürəkkəb bir məsələdir.
© Sputnik / Murad OrujovKamran Əsədov
Эксперт по образованию Кямран Асадов - Sputnik Azərbaycan, 1920, 23.11.2024
Kamran Əsədov
"Özəl sektorun maliyyə maraqları yataqxanaların daha yüksək qiymətlərlə təklif olunmasına səbəb ola bilər. Müasir və komfortlu yataqxanalar tələbələr üçün daha sərfəli variantlar ola bilsə də, bəzi tələbə qrupları üçün maliyyə əlçatmazlığı problemləri yarana bilər. Bununla yanaşı, dövlətin bu layihələrdə fəal iştirak edərək qiymətlərin tənzimlənməsi üçün müəyyən mexanizmlər tətbiq etməsi mümkündür. Güzəştli ödənişlər, subsidiyalar və ya tələbələr üçün xüsusi proqramlar yataqxana təminatının daha əlçatan olmasına imkan verə bilər", deyə ekspert vurğulayıb.
K.Əsədov deyir ki, dünya təcrübəsində də, özəl sektorun tələbə yataqxanalarının tikintisinə və idarə olunmasına cəlb edilməsi geniş yayılmış və uğurlu bir modeldir. Böyük Britaniya, Kanada, Malayziya və Türkiyə kimi ölkələrdə bu model müxtəlif formalarda tətbiq olunur. Onun sözlərinə görə, Böyük Britaniyada tələbə yataqxanalarının çoxu özəl sektor tərəfindən maliyyələşdirilir və idarə olunur: " Bu yanaşma yüksək xidmət səviyyəsi təmin etsə də, qiymətlərin yüksək olması səbəbindən dövlət tərəfindən müəyyən tənzimləmə mexanizmləri tətbiq edilir. Kanadada isə dövlət və özəl sektor əməkdaşlığı tələbələr üçün münasib qiymətlərdə yataqxana təminatını mümkün edir, bu zaman dövlət subsidiyaları və tələbə yardımları geniş tətbiq olunur. Malayziyada isə tələbə yataqxanalarının çoxu özəl sektor tərəfindən tikilsə də, dövlətin güclü nəzarəti ilə qiymətlər tənzimlənir və sosial təminat prinsipləri qorunur".
Müsahibimiz deyir ki, Azərbaycanda da bu modellərdən istifadə edərək tələbələrin yataqxana təminatının həm keyfiyyətli, həm də əlçatan olması mümkün ola bilər. Onun sözlərinə görə, dövlət özəl sektorla əməkdaşlıq çərçivəsində tənzimləmə mexanizmlərini tətbiq etməli, eyni zamanda aztəminatlı tələbələr üçün əlavə güzəştlər təmin etməlidir. Çünki, tələbə yataqxanalarının keyfiyyət standartları və qiymət siyasətinin şəffaflığı bu prosesin uğurlu həyata keçirilməsi üçün vacibdir.

Ekspertin qənaətinə görə, bu təşəbbüs tələbələrin sosial rifahının yüksəldilməsinə, ali təhsilin daha inklüziv və əlçatan olmasına xidmət edir. Bununla yanaşı, prosesin effektivliyini təmin etmək üçün tələbələrin ehtiyaclarına əsaslanan yanaşma və dövlətin nəzarət mexanizmlərinin gücləndirilməsi zəruridir.

Tələbə yataqxanalarının təkmilləşdirilməsi tələbə həyatını yaxşılaşdırmaqla yanaşı, təhsilin ümumi keyfiyyətinə də müsbət təsir göstərə bilər. Uzunmüddətli perspektivdə bu addım ali təhsil müəssisələrinin rəqabət qabiliyyətinin artırılmasına və tələbələrin məmnuniyyət səviyyəsinin yüksəldilməsinə səbəb olacaq", deyə Kamran Əsədov bildirib.
Qeyd edək ki, bp şirkəti ilə Təhsilin İnkişafı Fondu arasında "Tələbə yataqxanalarının texniki maliyyə əsaslandırması" sənədinin hazırlanmasına dair Əməkdaşlıq Memorandumu imzalanıb.
Xəbər lenti
0