Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Hansı sahibkarlar vergidən azad olunacaq?

© Sputnik / Murad OrujovVergi məcəlləsi, arxiv
Vergi məcəlləsi, arxiv - Sputnik Azərbaycan, 1920, 25.11.2024
Abunə olmaq
Deputat bildirib ki, VÖEN alaraq xidməti müqavilə əsasında fəaliyyət göstərənlər gəlirlərindən 5 faiz vergi ödəyəcəklər.
BAKI, 25 noyabr — Sputnik. Gələn ildən illik dövriyyəsi 45 min manatadək olan mikro sahibkarların gəlirlərinin 75 faizi vergidən azad ediləcək və bu güzəştdən yararlanmaq üçün onların qarşısına heç bir tələb qoyulmayacaq. Başqa sözlə, bundan sonra mikro sahibkarlara bu vergi güzəştinin edilməsi üçün hər hansı şərt qoyulmayacaq. İndiyədək isə bu güzəşti almaq üçün sahibkarın 3 işçisinin olması və məcburi dövlət sosial sığorta haqqı borcunun olmaması şərti var idi. Hazırda bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir.
Məsələni şərh edən deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Vergi Məcəlləsinə təklif edilən dəyişiklik müzakirə edilib:

"Dəyişikliyə əsasən, gələn ildən bir sıra xidmət sahələri üzrə illik dövriyyəsi 45 min manatadək olan mikro sahibkarların gəlirlərinə 75 faiz vergi güzəşti tətbiq olunacaq. Dəyişikliyə əsasən, proqram təminatının işlənməsi, layihə-dizayn, tərcümə xidməti, araşdırma və tədqiqat sahəsi, jurnalist fəaliyyəti, turizm bələdçiliyi, qiymətləndirmə fəaliyyəti və digər istiqamətlər üzrə vergi güzəşti tətbiq olunacaq".

Deputat: "Bu güzəştlər xidməti müqavilə əsasında çalışan şəxslərə şamil olunur"
"Yəni, VÖEN alaraq xidməti müqavilə əsasında fəaliyyət göstərənlər gəlirlərindən 5 faiz vergi ödəyəcəklər. Eyni zamanda, onlardan 3 işçisinin olması və məcburi dövlət sosial sığorta haqqı borcunun olmaması tələbi də istənilməyəcək. Məsələn deyək ki, vətəndaş, xidməti müqavilə əsasında jurnalist kimi fəaliyyət göstərir və onun aylıq gəliri 3 min manatdır. Bu halda, o gəlirindən 600 manat deyil, cəmi 150 manat vergi ödəyəcək. Qeyd edək ki, bu güzəştlər xidməti müqavilə əsasında çalışan şəxslərə şamil olunur", - deputat diqqətə çatdırıb.
© Photo : TRENDMilli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov - Sputnik Azərbaycan, 1920, 25.11.2024
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov
Deputat bildirib ki, bu addım mikro sahibkarların dəstəklənməsi baxımından vacib dəyişiklik hesab olunur: "Qeyd edilən xidmət sahələri üzrə dövriyyənin artmasını stimullaşdıra bilər".
Qeyd edək ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə görə, növbəti ildən illik dövriyyəsi 45 min manatadək olan bir sıra xidmət sahələri üzrə fəaliyyət göstərən mikro sahibkar olan fiziki şəxslər əldə etdikləri gəlirlərinin 75 faizi hər hansı şərt tətbiq edilmədən (3 işçi və məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olmaması tələbi) vergidən azad ediləcək.
Güzəşt tətbiq ediləcək xidmət sahələri aşağıdakılardır:
-proqram təminatının işlənməsi sahəsində xidmətlər;
-layihə-dizayn və dekorasiya xidmətləri;
-tərcümə xidməti;
-reklam xidməti;
-araşdırma və tədqiqat sahəsində fəaliyyət;
-elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər;
-hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri;
-jurnalistlərin fəaliyyəti;
-bazar konyukturunun öyrənilməsi;
-qiymətləndirmə fəaliyyəti;
-avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti;
-turizm bələdçiliyi;
-xidmətlərin ixracı.
Dəyişiklik 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək
Xatırladaq ki, bu güzəştlər yalnız mikro sahibkar olan fiziki şəxslərə aiddir. Mikro sahibkar olan hüquqi şəxslər isə əvvəlki qaydada, yəni il üzrə işçi sayı 3 nəfərdən az olmamaq və məcburi dövlət sosial sığorta haqqı borcu olmamaq şərtlərini yerinə yetirdikdən sonra güzəştdən istifadə edə biləcək. Bu dəyişiklik qəbul ediləcəyi halda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Hansı sahibkarlar mikro sahibkar hesab olunur?
Xatırladaq ki, sahibkarlıq subyektlərinin bölgüsü Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları" ilə tənzimlənir. Qərara əsasən, işçilərinin orta sayı 1-10 nəfər olan və illik gəliri 200000 manatdan az olan şəxslər mikro sahibkarlıq subyekti kimi tanınır.
Xəbər lenti
0