Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Kənd məktəbləri sürətlə boşalır

© iStock.com / tieroBoş dərs otağı, arxiv
Boş dərs otağı, arxiv - Sputnik Azərbaycan, 1920, 23.11.2024
Abunə olmaq
Nazir bildirib ki, sinifdə bir uşaq olanda da dövlət 25 min manat xərcləyir, 30 uşaq olanda da eyni məbləğ xərclənir.
BAKI, 23 noyabr — Sputnik. Bölgələrdə şagird sayının azalması, şagirdbaşına düşən xərcin artmasına səbəb olub. Elm və təhsil naziri Emin Əmrullayevin bununla bağlı açıqlaması müzakirəyə səbəb olub.
Kənddə bir şagirdə xərclənən vəsait özəl məktəblərin bir illik təhsil haqqı qədərdir
Nazir bildirib ki, elə məktəb var ki, orada 1 şagirdə düşən orta xərc 8500 manatdır.
"Hazırda məsələn, Daşkəsən rayonunda 1 şagirdə düşən orta xərc Bakı şəhərində olan özəl məktəbin qiyməti qədərdir. Bu da 8500 manatdır. Amma nəticə yoxdur. Əksinə, Bakının 30-32 nəfər şagirdi olan məktəblərində daha yaxşı nəticə görürük. Önəmli olan məsələ müəllim keyfiyyətidir", - deyə Emin Əmrullayev bildirib.
© Sputnik / Murad OrujovElm və təhsil naziri Emin Əmrullayev
Təhsil naziri Emin Əmrullayev - Sputnik Azərbaycan, 1920, 22.11.2024
Elm və təhsil naziri Emin Əmrullayev
Bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, sinifdə bir uşaq olanda da dövlət 25 min manat xərcləyir, 30 uşaq olanda da eyni məbləğ xərclənir:
"Bir uşağa 25 min manat xərcləmək olar, o halda ki, orada nəticə var. Amma bu 25 min manat yalnız sosial məsələləri həll etmək üçün həmin kəndə ötürülürsə, uşaq kənarda qalırsa, onda bu təhsil hədəfi deyil. Burada təshildən yox, başqa şeydən danışırıq ki, insanların əməkhaqqını hansı yolla ödəyək. Bizim 7 şagirdi 14 müəllimi olan, 4 sinfə 32 müəllimi olan məktəblərimiz var".
Az şagirdli kənd məktəblərində təhsilin keyfiyyəti də aşağıdır
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, regionlarda bir şagirdin təhsilinə çəkilən xərc özəl məktəblərin illik təhsil haqları ilə müqayisə edilsə də, təhsilin keyfiyyəti müqayisəyə gəlinməzdir.
"Nazir də qeyd edib ki, təhsilə ayrılan maliyyə vəsaitləri çox vaxt səmərəli istifadə edilmir. Bu problem təhsil sistemində daha dərindən təhlil tələb edir və onun həlli üçün ciddi struktur dəyişiklikləri həyata keçirilməlidir. Şagirdlərə çəkilən xərclərin yüksək olması bir neçə amillə bağlıdır. Birincisi, regionlarda şagird sayı az olduğundan, mövcud təhsil infrastrukturunun və müəllim heyətinin saxlanılması xərcləri şagird başına düşən orta məbləği artırır. Məsələn, hər məktəbin ayrı inzibati heyəti, texniki personalı və kommunal xərcləri var. Şagird sayı az olan məktəblərdə bu xərclər şagird başına daha çox bölüşdürülür.
İkincisi, ucqar bölgələrdə müəllimlərin və digər təhsil işçilərinin cəlb olunması üçün əlavə motivasiya vasitələri, o cümlədən əməkhaqqı əlavələri tətbiq olunur ki, bu da ümumi xərcləri artırır.

Bununla yanaşı, təhsilin keyfiyyəti ilə maliyyə xərcləri arasında ciddi bir uçurumun olması da diqqət çəkir. Şagirdlərin akademik göstəriciləri, xüsusilə region məktəblərində, çox vaxt ölkə üzrə orta standartlardan aşağı olur. Bu, maliyyə vəsaitlərinin effektiv istifadə edilməməsinin nəticəsidir.

İnfrastrukturun mövcudluğu, müasir avadanlıqların alınması və ya təhsil proqramlarının yenilənməsi üçün ayrılan vəsaitlər çox vaxt qeyri-səmərəli istifadə edilir və bu da nəzərdə tutulan təhsil nəticələrini vermir", - deyə Kamran Əsədov bildirib.
Şagird sayı az olan kənd məktəbləri bağlanmaq təhlükəsində
Ekspert deyir ki, rayon yerlərində şagird sayının azalması da təhsil sistemində əlavə problemlərə səbəb olur. Onun sözlərinə görə, demoqrafik dəyişikliklər, urbanizasiya və ailələrin daha yaxşı təhsil imkanları üçün şəhərlərə köçməsi nəticəsində kənd məktəblərində şagird sayı ilbəil azalır. Bu azalma isə bir neçə fəsad yaradır:

"Şagird sayı az olan məktəblərin saxlanması səmərəli olmadığı üçün, bəzi təhsil müəssisələrinin bağlanması qaçılmaz ola bilər. Bu isə kəndlərdə təhsilə çıxışı məhdudlaşdırır və uşaqların uzaq məsafələr qət edərək təhsil almağa məcbur olmasına gətirib çıxarır. İkincisi, şagird sayının azalması müəllimlərin iş yükünü azaldır və onların əməkhaqqı mənbələrinə mənfi təsir edir. Bu isə müəllimlərin işdən çıxmasına və tədris heyətinin keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər".

Həmsöhbətimiz deyir ki, bu problemlərin həlli üçün bir neçə istiqamətdə addımlar atılmalıdır. İlk növbədə, təhsil xərclərinin optimallaşdırılması vacibdir. Bu, məktəblərin birləşdirilməsi və ya resursların daha səmərəli bölüşdürülməsi şagird başına düşən xərcləri azalda bilər: "Bu məqsədlə regionlar arasında ehtiyaclara uyğun planlaşdırma aparılmalı və məktəblərin yerləşmə strategiyası yenidən nəzərdən keçirilməlidir. Bundan əlavə, rəqəmsal təhsil imkanlarının artırılması ilə ucqar bölgələrdə təhsilin əlçatanlığını artırmaq mümkündür. Müasir texnologiyaların tətbiqi şagirdlərin keyfiyyətli təhsilə çıxışını təmin etməklə yanaşı, təhsil xərclərini də azalda bilər".
© Sputnik / Murad OrujovTəhsil eksperti Kamran Əsədov
Эксперт по образованию Кямран Асадов - Sputnik Azərbaycan, 1920, 22.11.2024
Təhsil eksperti Kamran Əsədov
Eyni zamanda, təhsilə ayrılan vəsaitlərin effektivliyini artırmaq üçün nəzarət və hesabatlılıq mexanizmləri gücləndirilməlidir. Bu, təhsil infrastrukturuna və proqramlarına yönəldilən vəsaitlərin məqsədəuyğun istifadə olunmasını təmin edər. Həmçinin, müəllimlərin səmərəli bölgüsü və onların peşəkar inkişafına daha çox diqqət yetirilməlidir. Təcrübəli və motivasiyalı müəllimlərin bölgələrə cəlb olunması şagirdlərin akademik göstəricilərinə birbaşa təsir edəcək.
Rayon yerlərində şagird sayının azalmasının qarşısını almaq üçün bölgələrdə sosial və iqtisadi inkişaf tədbirləri həyata keçirilməlidir. Ailələrin kəndlərdə qalmasını təşviq etmək üçün iş imkanları artırılmalı, kənd təsərrüfatı və digər iqtisadi sahələr inkişaf etdirilməlidir. Bundan əlavə, kənd məktəblərində təhsilin keyfiyyəti artırılmalı, valideynlərin övladlarının gələcəyi ilə bağlı narahatlığı aradan qaldırılmalıdır. Bu, ailələrin şəhərlərə köç etməsinin əsas səbəblərindən birini aradan qaldıra bilər.
Nəticə olaraq, rayonlarda təhsilə çəkilən xərclərin səmərəli istifadəsi və şagird sayının azalması ilə bağlı problemlərin həlli üçün kompleks yanaşma tələb olunur. Resursların optimallaşdırılması, rəqəmsal təhsilin inkişafı, müəllimlərin peşəkar inkişafı və regionların sosial-iqtisadi inkişafı bu problemlərin aradan qaldırılmasına kömək edə bilər. Təhsilin keyfiyyətini artırmaq və onun səmərəliliyini təmin etmək üçün dövlət səviyyəsində genişmiqyaslı və strateji tədbirlərin görülməsi zəruridir. Bu tədbirlər yalnız təhsil sahəsində deyil, həm də ölkənin ümumi inkişafında mühüm rol oynayacaq.
Kəndlər işsizlikdən boşalır
Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bölgələrdə şagird sayının azalması, kəndlərin boşalması ilə bağlıdır. Ekspert deyir ki, kəndlər boşaldıqca bu şagird sayına təsir edir. Şagird sayının azalması kənd məktəblərində maliyyə itkilərinə səbəb olur. Bununla belə İ.Orucov deyir ki, hər şagirdin təhsil almaq hüququ var. Dövlət onların bu hüququnu təmin etməyə borcludur.

Ekspert deyir ki, problemi aradan qaldırmaq üçün kəndlərin boşalmasına gətirib çıxardan səbəb aradan qaldırılmalıdır.

"İnsanlar kənd yerlərində qurub yaratdıqları evin qapısını bağlayıb Bakıda kiçik evdə kirayə yaşamaqla razılaşırlar. Çünki, kənd yerlərində iş yerləri yoxdur. İnsanların şəhərə axının qarşısı alınmalıdır. Çünki, kənd yerlərində məktəblər boşalsa da, o ailələr Bakı və Abşeronda məskunlaşdıqlarından həmin ərazilərdə məktəblərdə təhsil alırlar. Bu da Bakı və Abşeronda məktəblərdə sıxlığa səbəb olur. Binə qəsəbəsində 25 min şagird var, amma məktəblər 12 min şagird tutumludur. İş orasındadır ki, Bakı ətrafında məktəb tikməyə yer də yoxdur. Regionların sosial iqtisadi inkişaf proqramları icra olunsa da, iş yerləri yoxdur. Həmçinin insanlar rahat pul qazanmağa daha çox üstünlük verirlər. Amma kəndlərdən kütləvi köçün qarşısı alınmalıdır", - deyə ekspert bildirib.
Kəndlərdə məktəblər boş, Bakıda çox doludur
İ.Orucov deyib ki, problemin sosial-iqtisadi səbəbləri olduğundan, kənd yerlərində məktəblərdə şagird sayının azalması təkcə Elm və Təhsil Nazirliyinin həll edəcəyi məsələdir. Bu həm də ciddi demoqrafik problemdir.
Ekspert bildirir ki, kəndlərin boşalması Bakıda da məktəblərdə sıxlıq yaratdığından, kənd yerlərindən gələn uşaqların Bakıda məktəbə yerləşməsi çox vaxt çətin olur. Çünki, Bakı və Bakı ətrafında məktəblərin çoxu iki və üçnövbəli rejimdə çalışsa da, şagird sıxlığı müşahidə olunur.
Xəbər lenti
0