NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan qazının Şimali Makedoniyaya təchizatı üzrə əməkdaşlıq daha da genişlənir

© AP Photo / Michael SohnQaz zavodu, arxiv
Qaz zavodu, arxiv - Sputnik Azərbaycan, 1920, 15.11.2024
Abunə olmaq
Yeni sənəd tərəflər arasında Şimali Makedoniyanın enerji təhlükəsizliyinin gücləndirilməsi və təbii qaz mənbələrinin şaxələndirilməsi üzrə uzunmüddətli əməkdaşlığı nəzərdə tutur.
BAKI, 15 noyabr — Sputnik. Şimali Makedoniyanın Skopye şəhərində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "ESM" Səhmdar Cəmiyyəti arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
SOCAR-ın məlumatına görə, bu sənəd tərəflər arasında Şimali Makedoniyanın enerji təhlükəsizliyinin gücləndirilməsi və təbii qaz mənbələrinin şaxələndirilməsi üzrə uzunmüddətli əməkdaşlığı nəzərdə tutur.
Anlaşma Memorandumuna əsasən, tərəflər 2024-cü il qış mövsümünün başlaması ilə Şimali Makedoniyaya çatdırılan Azərbaycan təbii qazının təchizatı üzrə əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını və enerji ilə bağlı digər layihələrin araşdırılmasını diqqətdə saxlayacaqlar.
Qeyd edək ki, Şimali Makedoniya Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Xorvatiya, Serbiya və Sloveniya ilə birlikdə Azərbaycan qazını alan on birinci ölkə olub.
Azərbaycanın Avropaya qaz ixracında yeni artım qeydə alınıb. Bu ilin ilk 9 ayında Avropaya qaz ixracatı 8.6 faiz artaraq 9.4 milyard kubmetrə çatıb. Bu müddətdə Türkiyəyə 7,3 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kubmetr qaz satılıb.
Cari ilin doqquz ayında Azərbaycanda 37.1 milyard kubmetr qaz hasil edilib. Bu, əvvəlki ilin uyğun dövrünə nisbətən 2.7 faiz artım deməkdir. Qazın 9,8 milyard kubmetri "Azəri-Çıraq-Günəşli", 20,5 milyard kubmetri "Şahdəniz", 1,1 milyard kubmetri "Abşeron" yataqları üzrə hasil olunub. Qazın 5,7 milyard kubmetri isə Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 1,1 milyard kubmetr artımla qaz hasil edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0