Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"ƏDV geri al" layihəsi nağdsız ödəmələrin xüsusi çəkisini əhəmiyyətli şəkildə artırıb

ƏDV  - Sputnik Azərbaycan, 1920, 14.11.2024
Abunə olmaq
2024-cü ilin yanvar-oktyabr ayları ərzində nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan həcmi 19 milyon 251,6 min manatdan çox olub.
BAKI, 14 noyabr — Sputnik. ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı innovativ layihə olan "ƏDV geri al" mexanizminin tətbiqi uğurla davam edir. 2024-cü ilin yanvar-oktyabr ayları ərzində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 145 milyon 803 min manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.
Bu barədə Dövlət Vergi Xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib.
Qeyd edilib ki, "ƏDV geri al" layihəsinin reallaşdırılması nəticəsində pərakəndə ticarət, iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib. Bundan başqa, "ƏDV geri al" layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması prosesi də davam edir. 2024-cü ilin yanvar-oktyabr ayları ərzində nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan həcmi 19 milyon 251,6 min manatdan çox olub.
Hansı obyektlərdən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsi geri qaytarılır?
Supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsini geri almaq mümkündür. Bu zaman istehlakçı fiziki şəxs olmalı, ƏDV ödəyicisi olan satıcı isə yeni nəsil kassa aparatlarından istifadə etməlidir.
ƏDV-nin bir hissəsini geri almaq üçün harda qeydiyyatdan keçməliyik?
İstehlakçı şəxsiyyətini təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi vasitəsilə edvgerial.az portalında qeydiyyatdan keçməlidir. Bu zaman portalda elektron kabinet yaradılır.
ƏDV-nin bir hissəsini geri almaq üçün konkret hansı prosedurları yerinə yetirməliyəm?
İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Bütün istifadəçilər "BirBank" və "ABB Mobile" tətbiqləri vasitəsilə də çekin üzərində olan QR kodu "skan" edə və ƏDV-ni daha rahatlıqla geri qaytara bilər. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunacaq.
Yanacaqdoldurma məntəqələrindən alınan mallara görə ödənilmiş ƏDV geri qaytarılımı?
Yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmır.
İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim etməlidir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya POS-terminaldan çıxarış da verilməlidir.
Xəbər lenti
0