Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İran səfiri Zəngəzur dəhlizindən niyə narahatdır?

© SputnikZəngəzur dəhlizi
Zəngəzur dəhlizi - Sputnik Azərbaycan, 1920, 12.11.2024
Abunə olmaq
Millət vəkili Ceyhun Məmmədov bildirir ki, İran səfirinin bu tərz açıqlamaları ilk dəfə baş vermir.
BAKI, 12 noyabr — Sputnik. İranın Ermənistandakı səfiri Mehdi Sobhani Qafanda keçirilən "Ermənistan-İran: əməkdaşlıq və perspektivlər" ekspert seminarında jurnalistlərə Zəngəzur dəhlizi ilə bağlı ölkəsinin mövqeyini bi daha açıqlayıb. Sobhani deyib ki, İran regionda nəqliyyat marşrutlarının açılmasını dəstəkləyir, lakin Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır.
İranın rəsmilərinin Zəngəzur dəhlizinə münasibəti ilə bağlı bu yanaşma yeni deyil. Məsələ burasındadır ki, bu açıqlama regiondakı mövcud reallıqlara müvafiq hesab edilmir.
Politoloq Yeganə Hacıyeva bildirir ki, İran rəsmiləri həmişə gecikmiş ritorika ilə danışırlar: "İran siyasi ritorika mədəniyyəti müasir prosesləri dəyərləndirə bilmir. İran rəsmiləri açıqlama verərkən gecikmiş məlumatlar haqqında danışırlar. Bu gün İran rəsmilərinin dəhlizlə bağlı açıqlaması rəsmi İrəvanın ötən il istifadə etdiyi ritorikanın davamıdır. İndi hətta Ermənistanın da ritorikası dəyişib. Rəsmi İrəvan kommunikasiyaların açılmasının önəmini dərk edir, onun iqtisadi faydalılığını nəzərə alır, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı komissiyanın reqlamenti qüvvəyə minib. Bu o deməkdir ki, İran Ermənistan ərazisindən kommunikasiyaların açılmasını istəmir. Çünki bu Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşmasına gətirib çıxaracaq".
Politoloqun fikrincə, bunun digər bir izahı da Tehran rejiminin öz geosiyasi maraqları ilə bağlıdır:

"İran özünün iştirakçı olmadığı kommunikasiyanın qurulmasında maraqlı deyil. Bu, İranın regionda mövqelərini zəiflədir. Bu gün Tehranın yürütdüyü siyasət nəticəsində onun bölgədəki mövqeyi yetərincə zəifləyib. Kommunikasiyaların açılması İran üçün narahatlıq doğuran məqamdır. İran Cənub dəhlizində və regionda təsirini itirmək istəmir".

Millət vəkili Ceyhun Məmmədov bildirir ki, İran səfirinin bu tərz açıqlamaları ilk dəfə baş vermir: "Təəssüflə qeyd etmək lazımdır ki, İran səfiri hər dəfə ölkəmizə qarşı bu cür açıqlamalar verir. Sanki İran səfirinin qarşısına məqsəd qoyulub ki, Azərbaycanla İranın münasibətlərini gərginləşdirməli və qarşıdurmaya nail olmalıdır".
Millət vəkili hesab edir ki, İran rəsmilərinin bu cür yanaşmasının heç bir əsası yoxdur: "İran istəyir ki, bütün yüklər ancaq onun ərazisindən digər yerlərə daşınsın. Biz əslində bu məsələni dəfələrlə vurğulamışıq ki, Sovet dövründə də indi sözügedən dəhliz mövcud olub və digər ölkələrə maneə yaratmayıb. İran da reallığı qəbul etməlidir. Naxçıvandan Azərbaycana, Azərbaycandan Naxçıvana sərbəst hərəkət təmin edilməlidir. Bu Azərbaycanın haqqıdır. Digər region ölkələri olan Rusiya, Türkiyə bu məsələdə maraqlıdır".
"Düşünürəm ki, bu məsələlər zamanla həllini tapacaq. Tövsiyyəmiz odur ki, İran rəsmisi ikitərəfli münasibətlərə xələl gətirəcək açıqlamalar verməkdən çəkinsin. Biz dəfələrlə bu cür təxribatyönümlü açıqlamaların şahidi olmuşuq. Azərbaycan dəhlizin açılması üçün lazımi addımları atır və qonşu ölkələrdən mövqeyinin nəzərə almasını gözləyir" - millət vəkili əlavə edib.
Xəbər lenti
0