Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

“Biz hələ də üzən məzənnəyə keçməmişik” - Qüdrət Həsənquliyev

© Sputnik / Murad OrujovAzərbaycan manatı, arxiv
Azərbaycan manatı, arxiv - Sputnik Azərbaycan, 1920, 07.11.2024
Abunə olmaq
Deputat bildirib ki, Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmov vaxtilə deyirdi ki, evlərdə 10 milyard dollara qədər vəsait saxlanılır.
BAKI, 7 noyabr— Sputnik. “Azərbaycan Prezidenti 2016-cı ilin dekabrında "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri"ni təsdiq etdi və orada iqtisadiyyatımızın sürətli inkişafını təmin etmək üçün 4 hədəf müəyyən olundu. Həmin hədəflərdən birincisi üzən məzənnəyə keçidin təmin olunmasından ibarət idi. Sənəddə mərhələlər üzrə 2020-ci və 2025-ci ilə qədər olan dövr müəyyən olunmuşdu. Artıq bu dövrlər başa çatır və biz hələ də üzən məzənnəyə keçməmişik”.
Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında
deyib.
Deputatın sözlərinə görə, niyə Dövlət Neft Fondunun vəsaitlərinin bir hissəsi yerli kommersiya banklarında saxlanılmır ki, Azərbaycan sahibkarlarının ucuz kreditlərə çıxışı təmin olunsun. O cümlədən Mərkəzi Bank da öz ehtiyatlarını kommersiya banklarında aşağı faizlərlə saxlaya bilər ki, sahibkarlar ucuz kreditlər əldə etsin.
© Photo : APAMillət vəkili Qüdrət Həsənquliyev
Millət vəkili Qüdrət Həsənquliyev - Sputnik Azərbaycan, 1920, 07.11.2024
Millət vəkili Qüdrət Həsənquliyev
Deputat onu da bildirib ki, son illər Azərbaycanda 20-dən artıq bank bağlanıb. Ona görə də əhalinin banklara olan etimadı azalıb: "Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmov vaxtilə deyirdi ki, evlərdə 10 milyard dollara qədər vəsait saxlanılır. Yəni hansı tədbirlər görülməlidir ki, o vəsait iqtisadiyyatımıza yatırılsın, vətəndaşların banklara inamı bərpa olunsun? Bu baxımdan hesab edirəm ki, Mərkəzi Bankın üzərinə çox böyük iş düşür və Mərkəzi Bank bu istiqamətdə konkret addımlar atmalıdır".
Taleh Kazımov: "Sabit məzənnə hazırki makroiqtisadi sabitlik üçün yeganə rejimdir"
Qeyd edək ki, keçən həftə Azərbaycan Mərkəzi Bankının İdarə heyətinin sədri Taleh Kazımov press-konfransda bildirib ki, bizim əsas məqsədimiz məzənnə rejim ilə bağlı deyil.
O, bu barədə “tənzimləyici, vəziyyətin hansı halında məzənnə rejiminin dəyişikliyinə gedə bilər” sualına cavab olaraq bildirib.
“Bizim mandatımız, əsas məqsədimiz makroiqtisadi sabitliyin təmin edilməsidir. Bunun üçün hansı rejimi müvafiq görürüksə, o rejimdə də qalacağıq”, - o diqqətə çatdırıb.
O qeyd edib ki, hazırda, ortamüddətli və uzunmüddətli dövrdəki şəraitə biz baxdıqda sabit məzənnə rejimini makroiqtisadi sabitliyin təmin edilməsində yeganə rejim kimi görürük.
Xatırladaq ki, bundan öncə də Azərbaycan Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, Azərbaycanda sabit məzənnə rejimi birmənalı şəkildə özünü doğruldur. Mərkəzi Bankın əsas siyasəti qiymətlərin sabitliyidir, məzənnə siyasəti deyil. Məzənnə sabitliyi yalnız makroiqtisadi sabitliyin təmin edilməsi üçün lazım olan rejimdir.
Əlavə edək ki, hazırda manatın ABŞ dollarına qarşı məzənnəsi sabitdir. Azərbaycan Mərkəzi Bankı inflyasiyanın qarşısını almaq məqsədilə 2017-ci ildən milli valyutanın ABŞ dollarına qarşı məzənnəsini 1,7 manat səviyyəsində müəyyən edib.
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi də 2026-cı ilə qədər USD/AZN məzənnəsinin 1,7 səviyyəsində qalacağını proqnozlaşdırır. Agentliyə görə, karbohidrogen qiymətlərində kəskin azalma olarsa və uzun müddət aşağı səviyyədə qalarsa hökumət manatın məzənnəsinə düzəlişlər etməyi düşünə bilər.
İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2023-2026-cı illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülüb.
Xəbər lenti
0