SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Avropa Parlamentinin adını dəyişib Fransa parlamenti qoysalar, yaxşı olar - Deputat

© Sputnik / Алексей ВитвицкийAvropa Parlamenti
Avropa Parlamenti - Sputnik Azərbaycan, 1920, 29.10.2024
Abunə olmaq
Səməd Seyidov deyib ki, Qərbin müəyyən təsisatları bu cür addımları əvvəl də atırdı, sonra isə gəlib üzr istəyirdilər.
BAKI, 29 oktyabr— Sputnik. "Milli Məclis Avropa Parlamentinin absurd iddialarına, yalan faktlarına tutarlı və vaxtında cavab verib".
Bunu Milli Məclisin plenar iclasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
O qeyd edib ki, Qərbin müəyyən təsisatları bu cür addımları əvvəl də atırdı, sonra isə gəlib üzr istəyirdilər:
"Bizdən üzr istədikdən sonra yenidən belə addımlar atırdılar. Əslində, Avropa Parlamentinin 120 deputatı bu sənədin əleyhinə çıxış edib. Macarıstan, İtaliya, Avropa İttifaqına daxil olmayan Türkiyə, Serbiya və digər ölkələr Avroparlamentin bu addımına cavab veriblər. Gürcüstan da bu məsələyə sillə kimi cavab verdi. Hesab edirəm ki, bu addımlara qarşı birləşmək bizim üçün vacibdir".
Avropa Parlamentinin qərəzli qətnaməsi Azərbaycana qarşı hücumların tərkib hissəsidir
Deputat Soltan Məmmədov bildirib ki, COP29 kimi mötəbər bir tədbirə hazırlıq ərəfəsində ölkəmizə qarşı müxtəlif siyasi dairələrdən edilən hücumlar bizi qarşımızda duran hədəflərdən yayındırmaq məqsədi daşıyır. Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi qərəzli və obyektivlikdən tamamilə uzaq qətnamə də məhz bu hücumların tərkib hissəsisdir.
Deputat bildirib ki, regionda baş verən proseslər, Azərbaycanın irəli sürdüyü təşəbbüslərin məzmunu göstərir ki, bu gün Cənubi Qafqazda sülhün təmin olunması üçün bizim ölkəmiz kifayət qədər ciddi səy göstərir:
"Təsadüfi deyil ki, COP29 gündəliyinə daxil edilmiş 14 böyük təşəbbüsdən biri də məhz sülhü, dialoqu və barışığı daha geniş şəkildə təbliğ etmək və iqlimlə bağlı fəaliyyət üçün bütün siyasi diqqəti və diplomatik səyləri səfərbər etmək məqsədi daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, biz COP29-u sülh prosesinin nəticəsi kimi qiymətləndiririk. Ona görə də tədbirin gündəliyinə sülh mövzusunun daxil edilməsi təsadüfi deyil. Azərbaycan dövləti COP29 konfransının ən yüksək səviyyədə təşkil etmək üçün bütün imkanlarını səfərbər edib. Tədbirin məhz Azərbaycanda təşkil olunması ilə bağlı müzakirələrdə biz 198 ölkənin yekdil dəstəyini aldıq. Bu bizim ölkəmizə, cənab Prezidentin siyasətinə dünyada olan yüksək etimadın göstəricisidir. Bütün maneələrə, əsassız hücumlara və mənasız ittihamlara baxmayaraq biz bu mötəbər iclası uğurla təşkil edəcəyimizə əminik".
Avropa Parlamenti xristian təəssübkeşliyini ifadə edir
Deputat Azər Badamov bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi antiAzərbaycan dairələrini çox narahat edir:
© Photo : REPORTMilli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov - Sputnik Azərbaycan, 1920, 29.10.2024
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov
"ABŞ Konqresi, Fransa Senatı, Niderland Parlamenti, indi də Avropa Parlamenti sanki bir xristian təəssübkeşliyini ifadə edir və Azərbaycana qarşı baş-başa verib eyni absurd qərəzli qarayaxmanı səsləndirirlər. Avropalı parlamentarilər öz gözündəki tiri görmür və başqasının gözündə tük axtarışındadırlar. Təbii ki, bu axtarış Fransanın və erməni lobbisinin sifarişi əsasında həyata keçirilir. Avropa parlamentinin adını dəyişib Fransa parlamenti qoysalar, yaxşı olar. Çünki elə bil ki, Avropa Parlamenti sanki Makronun istəklərini reallaşdırılması üçün fəaliyyət göstərir".
Badamovun sözlərinə görə, bu gün Avropanın bir çox ölkələrində, xüsusilə Fransada insan haqlarının pozulması və beynəlxalq hüququn tapdalanması adi hala çevrilib. Bu, demokratik parlament olsaydı, Fransanın və Niderlandın müstəmləkəçilik siyasətinə qarşı bir qətnamə qəbul edərdi.
"Azərbaycan COP29-a ev sahibliyi etməklə, iqlim dəyişikliklərinə qarşı mübarizədə həmrəylik yaratmaqla dünya ictimaiyyəti arasında körpülər salmağa çalışır. Hətta COP29 dövründə dünyada müharibələrin dayandırılması təşəbbüsü ilə çıxış edirik. Ermənistandan da dayanaqlı sülhün imzalanması üçün qonşulara qarşı olan ərazi iddialarından əl çəkməsini tələb edirik. Avropalı parlamentarilər bir daha bilsinlər ki, Azərbaycanda insan haqlarına, beynəlxalq hüquqa hörmətlə yanaşılır və onların qəbul etdikləri kağız parçaları ilə ölkəmizi özünün ədalətli mövqeyindən çəkindirə bilməzlər" - Badamov əlavə edib.
Avropa Parlamentinin 2024-cü il 24 oktyabr tarixli qətnaməsinə Milli Məclisin münasibəti...
Milli Məclis ötən həftə Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi "Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər" adlı qətnamə ilə bağlı bəyanat verib. Bəyanatda qeyd olunur ki, özünü Avropa parlamentarizminin siması kimi təqdim edən bu təsisat qoca qitənin bütün problemlərini bir kənara qoyaraq, yenidən ölkəmizə qarşı hücuma keçib:
"Avropa Parlamentinin Azərbaycan xalqının haqlı gözləntilərinə münasibətdə etinasızlığına artıq alışmışıq. Nəticə etibarilə, Ermənistan tərəfindən torpaqlarımızın 30 illik işğalı, şəhər və kəndlərimizin yer üzündən silinməsi, işğal olunmuş torpaqlarımızda və Ermənistan ərazisində xalqımızın tarixi, dini və mədəni irsinin kütləvi şəkildə dağıdılması və mənimsənilməsi, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan artıq soydaşımızın hüquqlarının tapdanması, onların uzun illər ərzində çəkdikləri iztirablar avropalı parlamentariləri heç vaxt maraqlandırmayıb. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmiş anti-terror tədbirləri nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi, beynəlxalq hüququn norma və prinsiplərini təkbaşına icra etməsi ilə də barışa bilməyiblər.
Lakin indi məlum olur ki, Avropa Parlamenti artıq öz anti-Azərbaycan xislətini bütün rəngarəngliyi ilə nümayiş etdirməyə qərar verib. Qətnamənin mətnindən də göründüyü kimi, ölkəmizə qarşı fəaliyyət göstərən müxtəlif maraq qruplarının istifadə etdikləri ayrı-ayrı mövzuların, təzyiq alətlərinin toplanaraq, bir sənəd formasında tərtib olunması məhz bunu deməyə əsas verir.
Bir neçə kağız parçasında Azərbaycana qarşı saxta məlumatlara əsaslanan faktlar, absurd iddialar, ittihamlar, təhdid və tələblər irəli sürülür. Ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə açıq şəkildə hörmətsizlik edilir, daxili işlərimizə müdaxiləyə cəhdlər göstərilir. Eyni zamanda, Ermənistana xüsusi nəvaziş nümayiş etdirilir, onun silahlandırılması təşviq olunur, bununla da həmin ölkədə revanşist meyllərin gücləndirilməsinə və regionda yenidən münaqişənin alovlandırılmasına ciddi təşəbbüs göstərilir.
Qətnamədə işğaldan azad edilmiş torpaqlarımızda aparılan yenidənqurma və bərpa işləri, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına geri qayıtması, Qərbi azərbaycanlıların haqlı tələbləri, ərazilərimizin Ermənistan tərəfindən kütləvi şəkildə basdırılmış minalardan təmizlənməsi, itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyi haqda bir ifadə belə yoxdur. Bu da həmin sənədin nə dərəcədə qərəzli və birtərəfli olmasını bariz şəkildə göstərir. Əlləri Azərbaycan xalqının qanına bulaşmış, sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin hərbi əsir kimi qələmə verilməsi isə sadəcə hiddət doğurur.
Ölkəmizin qlobal və regional səviyyədə sülhün, sabitliyin və əməkdaşlığın təmin olunması naminə irəli sürdüyü təşəbbüslərə, göstərdiyi səylərə qərəzli münasibət də diqqətdən yayınmır. Təəssüf ki, avropalı parlamentarilər hətta iqlim dəyişmələri kimi mühüm bir məsələni siyasiləşdirərək, Azərbaycana qarşı ittiham aləti kimi istifadə etməkdən belə çəkinmirlər.
Bütövlükdə, qəbul edilən qətnamə Azərbaycanofob, türkofob və islamofob qüvvələrin həqiqi mahiyyətinin başa düşülməsi baxımından maraq doğurur: öz çirkin niyyətlərinin reallaşması naminə hamılıqla qəbul edilən dəyərlərin və prinsiplərin, haqq-ədalət anlayışının üzərindən asanlıqla xətt çəkmək, onları öz maraqlarına uyğun şərh etmək qəbulediləndir.
Bu qətnaməni Avropa Parlamentində dərin kök salmış korrupsiyanın və rüşvətxorluğun ağır fəsadları kimi qiymətləndirsək, hər halda, yanılmarıq. Fransanın, Ermənistanın və erməni lobbisinin yalan narrativləri üzərində qurulmuş bu qətnamə əslində əldə olunmuş maddi mənfəətin bir qarşılığıdır.
Digər düşündürücü məqam isə Avropa Parlamentində şovinist, irqçi və müstəmləkəçi təfəkkürün nə dərəcədə geniş miqyas almasıdır. Müstəmləkəçiliyə qarşı mübarizə aparan xalqları irredentist qruplar adlandıran avropalı parlamentarilər Fransanın müstəmləkəçilik siyasətinə haqq qazandıraraq, bunu Avropa siyasəti kimi qələmə verirlər. Hesab etmək olar ki, müstəmləkəçilikdən əziyyət çəkən xalqlar onların azadlıq və müstəqillik arzularının qarşısını kimlərin əngəllədiyi barədə daha aydın təsəvvürə malik olacaqlar.
Avropa Parlamentinin ölkəmiz əleyhinə yönəlmiş bu qətnaməsindən yalnız bir nəticə çıxarmaq olar: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən, ölkəmizin milli, suveren maraqlarına xidmət edən müstəqil siyasət kimlərisə ciddi narahat edir. Lakin onlar unudurlar ki, Azərbaycanla təzyiq və ultimatum dilində danışmaq olmaz. Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin reallıqları təhrif edən, qeyri-obyektiv və birtərəfli qətnaməsini qəti şəkildə rədd edir. Bildiririk ki, parlamentimiz ölkəmizin və xalqımızın mənafelərinin müdafiəsi naminə aparılan bu siyasəti birmənalı şəkildə dəstəkləyir və onun reallaşması üçün bütün qüvvəsini bundan sonra da səfərbər edəcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0