Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Əhali dərmanları pulsuz alacaq: Qanuna dəyişiklik nəyi dəyişəcək?

© iStock.com / apomaresDərman, arxiv
Dərman, arxiv - Sputnik Azərbaycan, 1920, 24.10.2024
Abunə olmaq
Deputat bildirib ki, bunun üçün onlayn resept sistemi də işləməlidir.
BAKI, 24 oktyabr — Sputnik. Azərbaycanda pasiyentlər müalicə üçün onlara yazılan dərman preparatlarını İcbari Tibbi Sığorta Fondu hesabına pulsuz əldə edə biləcəklər.
Bunu Sputnik Azərbaycan-a Parlamentin plenar iclasında "Əhalinin sağlamlığının qorunması haqqında" və "Tibbi sığorta haqqında" qanunlara təklif edilən dəyişiklikləri şərh edən Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli bildirib. O, deyib ki, "Əhalinin sağlamlığının qorunması haqqında" və "Tibbi sığorta haqqında" qanunlara təklif edilən dəyişikliklərin məqsədi əhalinin sağlamlığının dövlət təminatına alınmasıdır:

"Xəstə polilinik və ambulator həkimə, eləcə də tibb məntəqəsində həkimə müraciət etdikdə ona yazılan dərmanların böyük hissəsi İcbari Tibbi Sığorta Fondu tərəfindən qarşılanacaq. Bu proses mərhələ-mərhələ həyata keçiriləcək. Bunun üçün onlayn resept sistemi də işləməlidir", deyə deputat bildirib.

M. Məmmədli deyib ki, İcbari Tibbi Sığorta Fondunda müvafiq maliyyə vəsaiti tədricən artdıqca dərman preparatlarının pulsuz verilməsi əksər xəstəlikləri əhatə edəcək: " Bu da insanların müəyyən xəstəliklərin müalicəsində dərman vasitələrinə xərclədikləri vəsaitin qarşılanmasına, insanların sağlamlığının qorunmasına, dərman təminatının təmin edilməsinə imkan yaradacaq. Bu dəyişikliklər Milli Məclisdə müvafiq oxunuşlardan keçdikdən, daha sonra ölkə başçısı tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək. Daha sonra isə müəyyən icra orqanları tərəfindən icra mexanizmi hazırlanaraq tətbiq ediləcəkdir.
O, bildirib ki, İcbari Tibbi Sığorta Fondu hesabına xəstələr stasionar müalicəsini əhatə edən dərman preparatları ilə tam təmin olunurdu. Ambulator müalicənin dərmanları da icbari tibbi sığorta ilə qarşılanacaq.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin sığorta təminatına alınması üçün “Tibbi sığorta haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən əlaqədar dövlət qurumları ilə razılaşdırılaraq müvafiq dövlət qurumuna təqdim olunub:
"Milli Məclis tərəfindən ambulator müalicənin dərmanlarının icbari tibbi sığorta ilə qarşılanması məsələsi birinci oxunuşda təsdiqlənib. Daha sonra qanun layihəsinə ikinci və üçüncü oxunuşda baxılacaq. Qanunun təsdiqindən sonra əlaqədar qaydaların hazırlanması və mövcud qaydaların təkmilləşdirilməsi nəzərdə tutulur. Mövcud qanunvericilik dərman vasitələrinin təminatı üçün yeni maliyyələşdirmə mexanizmlərinə uyğunlaşdırıldıqdan sonra ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin (ürək-damar, həzm və tənəffüs sistemi xəstəlikləri ilə bağlı) mərhələli şəkildə icbari tibbi sığorta hesabına qarşılanması prosesinə başlanılacaq. Prosesin tam və müasir standartlarda tətbiqi üçün texniki məsələlərin də tənzimlənməsi istiqamətində hazırlıq işləri görülməkdədir".
Qeyd edək ki, bununla bağlı məsələ parlamentin bugünkü plenar iclasında "Əhalinin sağlamlığının qorunması haqqında" və "Tibbi sığorta haqqında" qanunlara təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.
Layihədə icbari tibbi sığorta üzrə ambulator dərman vasitələrinin kompensasiya şərtləri, icbari tibbi sığorta çərçivəsində təminat verilən ambulator dərman vasitələrinin xidmətlər zərfi ilə müəyyən edilməsi, icbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələrinin təminatı kimi məsələlər öz əksini tapıb.
Ambulator şəraitdə verilən dərman vasitələrinin icbari tibbi sığorta təminatına alınmasında əsas məqsəd əhalinin müxtəlif xəstəliklər üzrə ağırlaşma halları olmadan, stasionar yatış yaxud cərrahi əməliyyata alınmadan müalicə almasını təmin etməkdir.
Belə ki, vətəndaşlar ambulator müalicə alarkən dərmanlarını da tibbi sığorta vasitəsilə əldə edəcək və icbari tibbi sığortanın əsas məqsədlərindən olan əhaliyə keyfiyyətli və əlçatan tibbi xidmətin göstərilməsi təmin olunacaq. Layihə səsverməyə qoyularaq birinci oxunuşda təsdiqlənib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0