CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fazil Mustafa: “Wikipedia”da Azərbaycan şəhidləri haqqında məqalələr birdən-birə silinib

© AP Photo / Eric RisbergNoutbukun ekranında Wikipedia loqosu, arxiv
Noutbukun ekranında Wikipedia loqosu, arxiv - Sputnik Azərbaycan, 1920, 22.10.2024
Abunə olmaq
Deputat həmin məqalələrin platformanın tələblərinə, qaydalarına uyğun şəkildə hazırlanmasını təklif edib.
BAKI, 22 oktyabr— Sputnik. "23 ildir mövcud olan “Wikipedia”da Azərbaycan şəhidləri haqqında məqalələr birdən-birə silinib". Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.
O, həmin məqalələrin platformanın tələblərinə, qaydalarına uyğun şəkildə hazırlanmasını təklif edib:

“Çünki “Wikipedia”nın əsas tələbi məqalələlərin tərəfsiz, neytral fikirlərlə yayımlanmasıdır. Bu sahədə könüllülərin sayı artırılmalı, proqram təminatı yaxşılaşdırılmalı, biliklər dərinləşdirilməlidir. Bu təmin edilərsə, erməni “Wikipedia”çılara bu məsələdə də qalib gələ bilərik”.

© Sputnik / Murad OrujovMillət vəkili Fazil Mustafa
Millət vəkili Fazil Mustafa - Sputnik Azərbaycan, 1920, 22.10.2024
Millət vəkili Fazil Mustafa
Xatırladaq ki, bir müddət öncə texnobloqer, Mətbuat Şurası İdarə Heyətinin üzvü Fərid Pərdəşünas bildirib ki, Vətən müharibəsi şəhidləri ilə bağlı məqalələr "Wikipedia"dan silinib.
O, üç min şəhidlə bağlı məlumatların "Wikipedia"dan tamamilə silindiyini öz sosial şəbəkə hesabında yazıb:

“Aralarında yüksək rütbəli hərbçilər, polkovnik-leytenantlar var. Müharibə illərində könüllü qruplar tərəfindən yaradılan şəhid məqalələri azərbaycanlı vikipediyaçılar tərəfindən təmamilə silindi. Onlar buna səbəb kimi, şəhidlərin qeyri-ensiklopedik şəxslər olduğunu əsas gətiriblər. Bu, birbaşa azərbaycanlı vikipediyaçıların şəxsi təşəbbüsü əsasında olub. Aylardır buna zəmin hazırlanırdı. Təsəvvür edin, Azərbaycanda adına küçə olan, illərini vətənə xidmətlə keçirən, 5 medal sahibi şəhid bu ölkə üçün qeyri-ensiklopedik adlandırılıb, "Wikipedia"dan silinir”.

Məsələ ilə bağlı “Qafqazinfo” "Wikipedia Azərbaycan"ın inzibatçısı Ayxan Ziyadzadə ilə əlaqə saxlayıb. İnzibatçı bildirib ki, şəhidlər haqqında informasiyaların tamamilə silinməsi barədə məlumatlar reallığı əks etdirmir. Həmin məlumatlar siyahılaşdırılıb və "Wikipedia"da verilib:
“Şəhid məqalələri 2020-ci ildən başlayaraq Azərbaycanca "Wikipedia"da könüllülərin fərdi təşəbbüsü ilə müvəqqəti olaraq yaradılmışdı. Bunun məqsədi ilkin olaraq şəhidlərimiz haqqında məlumatın azad platformaya yerləşdirilməsi və geniş çərçivədə resurs mənbələrinin bunu özünə köçürməsi idi. "Wikipedia" buna görə uyğun idi ki, orada yazılan mətnlər müəllif hüquqları ilə qorunmur, hər kəs köçürə bilər. Buna baxmayaraq, son dörd il ərzində bu məqalələri saxlamaq çətinləşməyə başlamışdı”.
A.Ziyadzadə əlavə edib ki, "Wikipedia" Azərbaycan Respublikasının nəzdində olan vebsayt deyil, qlobal platformadır və müəyyən qaydalar var ki, beynəlxalq formada tətbiq edilir:

“Biz əlimizdən gəldikcə o məqalələri saxlamağa çalışdıq, lakin artıq məsələ ABŞ-də yerləşən "Wikimedia" Fondunun diqqətinə belə çatmışdı. "Wikipedia"nın qaydalarına əsasən, həmin məqalələr ümumiyyətlə yaradılmamalı idi. Bu səbəblə son çarə kimi, artıq yaradılan məqalələrin öz məqsədinə çatdığı qənaətində olaraq konsensus ilə silinməsinə qərar verilmişdi. Buna baxmayaraq, həmin konsensus aylardır icra olunmurdu. Mən sadəcə silmə səlahiyyətlərinə malik bir inzibatçı kimi həmin konsensusu icra etmişəm. Şəhidlərin ruhu, mirası biz də daxil olmaqla bütün Azərbaycan vətəndaşları üçün ucadır. Biz onların mirasının davam etməsi üçün əlimizdən gələni etmişik və baş vermiş hadisənin bu cür şərh edilməsi məni şəxsən məyus edir”.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0