CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Parlamentdə “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirə aparılır

© Sputnik / Murad OrujovMilli Məclisin binası, arxiv
Milli Məclisin binası, arxiv - Sputnik Azərbaycan, 1920, 21.10.2024
Abunə olmaq
Parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov bildirib ki, COP29 tədbiri yaxınlaşdıqca ölkəmizə qarşı qarayaxma kampaniyalarının da sayı artmağa başlayıb.
BAKI, 21 oktyabr— Sputnik. Bu gün Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası "COP29-a qarşı hibrid təhdidlər" mövzusunda ictimai müzakirə təşkil edib.
Parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov bildirib ki, COP29 tədbiri yaxınlaşdıqca ölkəmizə qarşı qarayaxma kampaniyalarının da sayı artmağa başlayıb: "Milli Məclis ölkəmizin təhlükəsizliyi və inkişafı naminə Prezident İlham Əliyev tərəfindən aparılan uzaqgörən siyasətə daim dəstək verib və verəcək. Milli Məclis öz səlahiyyətləri çərçivəsində dövlətimizin bütövlüyünə və qanunlarına, milli-mənəvi dəyərlərimizə, beynəlxalq nüfuzumuza və başqa sahələrdə təhdid yaradan hallarla mübarizdə həmişə qətiyyət nümayiş etdirib. 1995-ci ildən indiyə qədər COP tədbirlərinə rəhbərlik edən ölkələrin bir neçəsini çıxmaqla, digərləri qalıq yanacaq adlandırılan kömür və təbii qaz istehsalçılarıdırlar".
O qeyd edib ki, COP29-a ev sahibliyi edən Azərbaycana qarşı hibrid hücumların əsası yoxdur: “Ölkəmiz gələn ay COP29-a ev sahibliyi edəcək. Bu, ən mötəbər tədbir hesab edildiyindən vaxt yaxınlaşdıqca mediada Azərbaycana qarşı qarayaxma kampaniyaları da başlayıb. Azərbaycana qarşı olan qüvvələr COP29-un Təşkilat Komitəsində qadınların sayının az olması, söz və insan hüquq və azadlıqlarının pozulması, sülh müqaviləsinin olmaması, ölkəmizin neft və qaz istehsalçısı olması haqqında bəhanə və müxtəlif iddialarla təzyiq göstərməyə çalışdılar. Azərbaycana qarşı bu cür hibrid hücumlar qəbuledilməzdir”.
"Bu gün keçirilən müzakirənin əsas məqsədi dövlətimizə qarşı aparılan çirkin kampaniyaların kimlər tərəfindən aparıldığını göstərmək, millət vəkilləri və beyin mərkəzlərinin fikirlərini dinləməkdir”, R.Namazov əlavə edib.
Qeyd edək ki, parlamentin bu ilin sentyabrın 30-da payız sessiyasında keçirilən ilk plenar iclasında Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası yaradılıb.
Deputat Ramid Namazov komissiyanın sədri seçilib. Komissiyanın üzvləri deputatlar - Əminə Ağazadə, Kamran Bayramov, Nurlan Həsənov, Sevil Mikayılova, Rasim Musabəyov, Qaya Məmmədov, Gülşən Paşayeva, Zaur Şükürovdur.
COP29 nədir?
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur.
Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edəcək. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malikdir. Tədbirin keçiriləcəyi məkan olaraq Bakı Stadionu seçilib.
Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir.
Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib.
Xəbər lenti
0