CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metroya ölümlərdən sonra yeni mühafizəçilər cəlb olundu-Rəsmi açıqlama

Metro - Sputnik Azərbaycan, 1920, 14.10.2024
Abunə olmaq
Bakı Metropoliteninə sərnişin sıxlığının tənzimlənməsi məqsədilə növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılıb.
BAKI, 14 oktyabr — Sputnik. Bakı Metropoliteninə təhlükəsizliyi təmin etmək üçün yeni əməkdaşlar cəlb olunub. Bu barədə Sputnik Azərbaycan-a sərnişinlər məlumat verib. Onlar bildiriblər ki, metronun yeni mühafizə işçiləri platformalarda təhlükəsizlik xəttini keçən sərnişinləri kənarlaşdırır, onların qatar gələnədək təhlükəsizliyinə nəzarət edir. Həmin əməkdaşlar üzərlərində "Bakı Metropoliteni-Mühafizə" yazısı olan geyimlərdə xidmət edirlər. Sərnişinlər metroda baş verən ölüm hadisələrindən sonra metrostansiyalarda təhlükəsizliyin gücləndirildiyini bildiriblər.
Sputnik Azərbaycan-ın sorğusuna Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov faktı təsdiqləyib. O, bildirib ki, Bakı Metropoliteninə sərnişin sıxlığının tənzimlənməsi məqsədilə növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılıb.
"Həmin əməkdaşlar metronun sıxlıq olan stansiyalarında sərnişinlərin qatara minib-düşməsi, qatarların qapılarının saxlanılmasının qarşısının alınması, platformalarda sərnişinlərin bərabər paylanılması, eləcə də sərnişin axını üzrə hərəkətin stansiya infrastrukturuna uyğun tənzimlənməsi və yönləndirilməsinə nəzarət edirlər. Əlavə mühafizə işçiləri sentyabrın 16-dan hər gün sərnişin sıxlığı müşahidə olunan stansiyalarda xidmət göstərirlər. Mülki mühafizə işçiləri bununla bağlı təlimat keçiblər", - deyə Bəxtiyar Məmmədov bildirib.
B. Məmmədovun sözlərinə görə, onlar Bakı Metropoliteninin Mühafizə və Yanğın Təhlükəsizliyi Xidmətinin əməkdaşlarıdır. Həmin əməkdaşlar hər gün monitorinq əsasında sərnişin sıxlığının müşahidə olunduğu stansiyalara yönləndirilirlər.
Xatırladaq ki, iki həftə öncə Bakı metropoliteninin "28 May" və "Ulduz" stansiyalarında bir gündə iki nəfər qatarın altına düşüb. Onlardan biri həyatını itirib.
Xəbər lenti
0