NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Pomidor, pambıq və qızıl: Azərbaycanın qeyri-neft ixracı effektivdirmi?

© Photo : Ministry of Agriculture (Azerbaijan)Azərbaycanda pambıq yığımı
Azərbaycanda pambıq yığımı - Sputnik Azərbaycan, 1920, 11.10.2024
Abunə olmaq
Azərbaycan ölkənin ümumi xarici ticarət dövriyyəsində qeyri-neft sektorunun payını artırmağa nail olub - bu ilin yanvar-avqust aylarında qeyri-neft ixracı 2,1 milyard dollar təşkil edib.
BAKI, 11 oktyabr — Sputnik. Azərbaycanın iqtisadiyyatı son illər qeyri-neft sektoru hesabına artıb - 2024-cü ilin yanvar-avqust aylarının yekunlarına görə, ölkədə ÜDM 0,8% artaraq 80,96 milyard manat təşkil edib. Qeyri-neft sektorunda artım isə ötən ilin müvafiq dövründəki 2,6 faizlə müqayisədə 7 faiz təşkil edib.
Eyni zamanda, neft-qaz sektoru cəmi 0,2% "əlavə edib". Bu da onun göstəricisidir ki, hökumətin bir çox tədbirləri və qərarları sayəsində Azərbaycan ölkə iqtisadiyyatının neft-qaz sektorundan asılılığını azalda bilib.
Azərbaycan, həm də son beş ildə ölkənin xarici ticarət dövriyyəsinin ümumi həcmində qeyri-neft sektorunun payını artırmağa nail olub. Belə ki, bu ilin yanvar-avqust aylarında respublikanın qeyri-neft ixracı 2,1 milyard dollar, ölkənin ümumi ixracı isə 18,2 milyard dolları ötüb. Müqayisə üçün: 2019-cu ildə ölkədən cəmi 1,2 milyard dollarlıq qeyri-neft məhsulları ixrac edilib.
Aydındır ki, qeyri-neft məhsullarının ixracı neft və qaz tədarükündən, demək olar ki, 9 dəfə geri qalır, lakin son vaxtlar qeyri-neft və qaz tədarükünün artım tendensiyası güclənir.
Qeyri-neft ixrac mallarının ilk beşliyi
Azərbaycanın ixrac etdiyi qeyri-neft məhsullarının siyahısından danışsaq, etiraf etməliyik ki, əsas məhsul respublika ixracının bu seqmentinin 60%-dən çoxunu təşkil edən elektrik enerjisi olaraq qalır.
Bununla belə, Azərbaycanın ixracında qeyri-enerji sektorunun payı da artır - bu ilin yanvar-avqust aylarının yekunlarına görə, qeyri-neft ixracının ilk 5-liyinə pomidor, pambıq lifi, qızıl, azot gübrələri və alüminium ərintisi lövhələri daxildir. Bu mallar ölkənin qeyri-neft təchizatının dörddə birindən çoxunu təşkil edir.
O cümlədən, bu dövrdə pambıq lifinin ixracı 66 faiz, azot gübrələrinin 88 faiz, alüminium ərintisi lövhələrinin ixracı iki dəfə artıb.
Qeyri-neft və qaz məhsullarının əsas idxalçıları siyahısına Rusiya, Türkiyə, Gürcüstan, ABŞ və İsveçrə daxildir. Eyni zamanda, bu Azərbaycan məhsullarının tədarükünün üçdə birindən çoxu Rusiyanın payına düşüb.
Qeyri-neft ixracının artımı nə dərəcədə davamlıdır?
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft ixracının inkişafı məsələsində, şübhəsiz ki, dayanıqlılıq vacibdir - yalnız iqtisadiyyatın qeyri-neft sektorunda uzunmüddətli artımla ölkənin karbohidrogenlərdən asılılığını azaltmaq mümkündür.
Lakin emal sənayesi fəal inkişaf etmədən qeyri-neft məhsullarının ixracında davamlı artıma nail olmaq kifayət qədər çətindir.
Belə kİ, bu gün Azərbaycanda kənd təsərrüfatı qeyri-neft istehsalında mühüm yer tutur. Lakin emal sənayesi zəif inkişaf etdiyindən respublika emal olunmamış kənd təsərrüfatı məhsulları - nisbətən ucuz, lakin xüsusi saxlama və çatdırılma şəraiti tələb edən mallar ixrac edir. Halbuki emal olunmuş kənd təsərrüfatı məhsulları daha çox əlavə dəyərə malik hazır məhsul kimi ixrac oluna bilərdi.
Lakin bu məsələ kifayət qədər fəal şəkildə həll olunur - Azərbaycanda sənaye parkları, məhəllələr yaradılır ki, burada sahibkarlar güzəştli şərtlərlə kənd təsərrüfatı məhsullarının emalı üzrə müəssisələr yarada bilərlər.
Bundan başqa, Azərbaycan qeyri-neft ixracının coğrafiyasını genişləndirməlidir. Region ölkələrinin, xüsusilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) dövlətlərinin bazarları bu istiqamətdə prioritetdir.
Eyni zamanda, Azərbaycanın da iştirak etdiyi beynəlxalq nəqliyyat və logistika dəhlizlərinin inkişafı sayəsində qeyri-neft məhsullarının ixracı imkanları artır. Belə kİ, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi (BND) çərçivəsində Azərbaycan alıcılıq qabiliyyətinin nəzərəçarpacaq dərəcədə yüksək olduğu, ərzaq məhsullarına, eləcə də ağır sənaye mallarına tələbatın artdığı Fars körfəzi ölkələrinin bazarlarına çıxış əldə edir.
Beləliklə, iqtisadiyyatın qeyri-neft seqmentinin inkişafı məsələsində Azərbaycanın qeyri-neft istehsalına investisiyaları təşviq etməsi, həmçinin qeyri-neft-qaz mallarının potensial idxalçıları ilə, o cümlədən nəqliyyat-logistika layihələrinin həyata keçirilməsi yolu ilə ticarət əlaqələrini inkişaf etdirməsi vacibdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0