CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Son "islahatlar" paytaxtda taksi xidmətini iflic edib, narazılıqlar durmadan artır

© iStock.com / koddaTaksi
Taksi - Sputnik Azərbaycan, 1920, 03.10.2024
Abunə olmaq
Samir Əliyevin sözlərinə görə, vaxtilə güclü rəqabət olan taksi xidməti son aylar tamamilə bərbad hala düşüb.
BAKI, 3 oktyabr — Sputnik. Taksilərlə bağlı tələblər sərtləşdirildikdən sonra taksi xidmətinin keyfiyyətindən şikayətlər artıb. Bu barədə Sputnik Azərbaycan-a iqtisadçı Samir Əliyev məlumat verib. O, bildirib ki, tələblərin sərtləşdirilməsində sonra taksi xidmətində, dörd əsas problem özünü qabarıq şəkildə göstərməkdədir.
Taksi tapmaq müşkülə çevrilib
"Taksilərin gəlmə müddəti əhəmiyyətli dərəcədə artıb. Əvvəl gözləmə vaxtı orta hesabla 3-5 dəqiqə çəkirdisə, indi bu müddət 2 dəfə artaraq 7-12 dəqiqəyə çatıb. Taksi sürücüləri tərəfindən sifarişdən imtina hallarının sayı artıb. Yəni əvvəl verilmiş sifariş sürücü tərəfindən tək-tük halda imtina edilirdisə, indi 3-4 cəhddən sonra taksiyə minmək mümkün olur" - Samir Əliyev deyib.
İqtisadçı qeyd edib ki, taksidə qeyri-rəsmi ödənişlərin də həcmi artıb:
"Əgər əvvəllər taksi sürücüləri gediş haqqı ödənilən zamanı xırda qəpik pulları qaytarmırdısa, indi tətbiqdə göstəriləndən artıq pul istəyirlər, əks halda sifarişi birtərəfli qaydada ləğv edirlər. Məsələn, son 1-2 ayda hava limanında verdiyim sifarişlərin hamısında birmənalı olaraq tarifdə göstərilən qiymətdən (9-13 AZN) ən azı 2 dəfə artıq (20-30 AZN) pul istənilib, istək yerinə yetirilməyəndə sifariş ləğv edilib. Taksi sürücüləri operatorların xidmətindən yararlanırlar. Ancaq müştəri mindikdə onların xidmətindən imtina edirlər. Son 1 ayda ən azı 5-6 taksi olub ki, taksiyə mindikdə faizlərin yüksək olduğunu bəhanə edərək tətbiqdə sifarişi ləğv edib və ya sərnişindən sifarişi ləğv etməyi xahiş edib. Bununla da operator şirkətin tapdığı sərnişinə qeyri-rəsmi xidmət göstərmiş olub".
Taksilərə təsir əks effekt verib
Samir Əliyevin sözlərinə görə, vaxtilə güclü rəqabət olan taksi xidməti son aylar tamamilə bərbad hala düşüb. O, bildirib ki, tətbiq vasitəsilə verilmiş sifarişlərdən taksi sürücüləri müxtəlif vasitələrlə (tıxac, ucuz qiymət və s.) boyun qaçırırlar.
"Taksi xidmətinin keyfiyyətinin artırılması ilə bağlı hökumətin atdığı addımlar əks effekt verdi. İnsanlar keyfiyyətli xidmət göstərən taksini yox, onları mənzilbaşına aparacaq istənilən keyfiyyətli taksini tapmaqda belə çətinlik çəkirlər. Əsas bərbəd vəziyyət isə hava limanındadır. Onlar sərnişindən ikiqat ödəniş tələb edirlər. Şəhərə getmək üçün normal nəqliyyat sistemi qurulmayan aeroportda insanlar taksilərə yüksək ödəniş etməyə məcbur qalırlar",deyə iqtisadçı bildirib.
Nazir ciddi tapşırıq verib,amma...
Xatırladaq ki, ötən ay Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Məlumata görə, görüşdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib ki, taksi minik avtomobilləri ilə sərnişindaşımalar sahəsində yeni dövlət siyasətinin formalaşdırılması və islahat mexanizmlərinin tətbiqində əsas məqsəd vətəndaşlara daha keyfiyyətli xidmət göstərilməsidir. Nazir müavini qeyd edib ki, yeni tələblərin tətbiqindən sonra sürücülərin ünvanlara fərqli avtomobillə gəlməsi, çatdırılma xidməti adı altında sərnişindaşımaların həyata keçirilməsi, icazəsi olmayan nəqliyyat vasitələrinə sifarişlərin ötürülməsi kimi hallar müşahidə edilir. Belə ki, vətəndaşlar tərəfindən daxil olan müraciətlər araşdırılır və qanunvericiliyin tələblərinə riayət etməyənlər daşımalardan kənarlaşdırılır.
Taksi fəaliyyətinə cəlb olunan nəqliyyat vasitələrinə tələblər bir daha görüş iştirakçılarının diqqətinə çatdırılıb. İzah edilib ki, sərnişindaşımalar yalnız müvafiq icazəsi olan şəxslər tərəfindən yerinə yetirilə bilər.
Taksilərlə bağlı yeni tələblər
Məlumat üçün onu da bildirək ki, bu ilin iyul ayının 1-dən etibarən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minib.
Taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin istehsal tarixi 8 ildən az olmalıdır.
1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilmir. Həmçinin qeyd edilən tarixdən sonra buraxılış kartı almaq üçün təqdim olunan avtomobillər 2024-cü ilin iyul ayının 1-dən sonra ölkəmizə idxal edilmişdirsə və ya ölkəmizdə istehsal olunmuşdursa, onların rəngi ağ və ya qırmızı olmalıdır.
Müvafiq icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək.
Vətəndaşın avtomobili 2012-ci il istehsalıdırsa, 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət edibsə, üç illik icazə ala bilər. Bu halda rəng tələbi tətbiq edilmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0