CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlk dəfə işə düzələn valideynsiz şəxslərə ödənilən birdəfəlik müavinətin məbləği artırılır

manat - Sputnik Azərbaycan, 1920, 03.10.2024
Abunə olmaq
"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanuna dəyişiklik edilir.
BAKI, 3 oktyabr — Sputnik. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman onlara ödənilən birdəfəlik müavinətin məbləği artırılır.
Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Valideynlərini itirmiş və valideyn himayasindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanuna təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi və digər qanunvericilik aktlarına uyğunlaşdırılması məqsədilə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqların və ya onların əvəzinə verilən pul kompensasiyasının məbləğinin də sözügedən müavinətin tərkibinə daxil edilməklə birdəfəlik müavinətin qanunun hazırkı redaksiyası və hazırda ölkə üzrə orta aylıq nominal əməkhaqqının məbləği nəzərə alınmaqla 6000 manat müəyyən edilməsi təklif edilib.
Məlumat üçün bildirək ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman onlara birdəfəlik müavinət ödənilir.
Qərar layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.
Qeyd edək ki, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanun valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından 23 yaşınadək olan şəxslərin sosial müdafiəsi üzrə dövlət təminatının məzmununu, tədbirlərini müəyyən edir, həmin təminatın verilməsi və həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.
Valideynlərini itirmiş uşaqlar - hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir.
Valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan:
-məlum olmayan;
-valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan;
-xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən;
-cəzaçəkmə müəssisələrində cəzasını çəkən;
-uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən;
-uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən;
qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0