CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yuxudan tez duranla, tez evlənən uduzacaq, yaxud Azərbaycanda orta nikah yaşı niyə artır?

Nikah evi - Sputnik Azərbaycan, 1920, 01.10.2024
Abunə olmaq
Komitə rəsmisi bildirib ki, orta nikah yaşının artması ciddi problem yaratmır və gələcəkdə doğulacaq uşaq sayına da ciddi təsir göstərməyəcək.
BAKI, 1 oktyabr — Sputnik. Gənclər arasında orta nikah yaşının artması onların daha çox təhsil və karyeraya, sosiallaşmağa üstünlük verməsi ilə bağlıdır.
Bu sözləri Sputnik Azərbaycan-a son illər oğlanlar arasında orta nikah yaşının artmasına münasibət bildirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Rafiq Mahmudov söyləyib. O, bildirib ki, gənclər bu gün əsasən xaricdə təhsilə üstünlük verirlər.
"Gənclər təhsil aldıqdan, özlərini inkişaf etdirdikdən, işlə təmin olunduqdan sonra ailə qurmaq haqqında fikirləşirlər. Ümumi göstəriciyə nəzər salsaq görərik ki, Bakıda yaşayan əhali arasında orta nikah yaşı regionlarla müqayisədə daha çoxdur. Buna da səbəb yenə də Bakıda yaşayan əhalinin nikahdan öncə ali təhsil almaq, karyera qurmaq, məqsədə nail olmaq üçün daha çox çalışmasıdır. Bölgələrdə isə gənclər orta təhsildən və ali təhsildən sonra nikahla maraqlanırlarsa, paytatxda bunun əksidir. Bu tendensiya təkcə Azərbaycanda deyil eyni zamanda bir çox inkişaf olunmuş ölkələrdə müşahidə olunur. Gənclər prioritet olaraq öz məqsədlərinə nail olmağa, daha sonra isə ailə qurmağa üstünlük verirlər."
R.Mahmudov bildirib ki, orta nikah yaşının artması ciddi problem yaratmır. O, bunun gələcəkdə doğulacaq uşaq sayına da ciddi təsir göstərməyəcəyi qənaətindədir.
"Əgər hər bir ailədə dünyaya gələn uşaqların sayı ikidən az olmazsa gənclərin gec ailə qurması demoqrafik baxımdan fəsad yaratmayacaq", deyə Komitə səlahiyyətlisi bildirib.
Azərbaycanda belə bir məsəl var: "Yuxudan tez duranla, tez evlənən uduzmaz". Amma artıq bir neçə ildir ki, bu məsəl öz əhəmiyyətini itirib. Son illər ölkəmizdə xüsusilə kişilər arasında orta nikah yaşı durmadan artır. 2023-cü ildə ölkəmizdə rəsmi nikaha daxil olan kişilərin orta yaş həddi 30,2-yə, qadınların orta yaş həddi isə 25,2-yə yüksəlib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, nikaha daxil olan kişilərin orta yaş həddi heç vaxt bu səviyyəyə yüksəlməyib. 2022-ci ildə qeydə alınan ən yüksək yaş həddi 29.8 yaş olub. Qadınlarda isə 2022-ci ildə orta nikah yaşı 24,9 təşkil edib. 1991-ci ildə – Azərbaycan müstəqillik əldə etdiyi zaman rəsmi nikaha daxil olan kişilərin orta yaş həddi 26,8, qadınların orta yaş həddi isə 23,3 olub.
Sosioloq Əhməd Qəşəmoğlu Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, əvvəllər erkən nikahlar problem yaradırdısa, indi də orta nikah yaşının artması ciddi problemə səbəb olub. O, bildirib ki, oğlanlar arasında orta nikah yaşının artması yaxşı xüsusiyyət deyil.
Sosioloq orta nikah yaşının artmasına bir sıra amillərin səbəb olduğunu söyləyib. O, bildirib ki, bura işsizlik, ev problemi və boşanmalar daxildir:

"30 yaşa qədər evlənməyən oğlanların bəziləri ev probleminə görə ailə qurmaqdan çəkinir. Bəzilərinin isə işsizlik problemi var. Amma əsas səbəblərdən biri də boşanmaların artmasıdır. Gənclərin çoxu ətraflarında ailə quranların bir müddətdən sonra boşanmasından ehtiyat edirlər. Onlar qorxurlar ki, eyni taleyi yaşayarlar. Boşanmaların artması orta nikah yaşının artmasına təsir edən əsas amillərdəndir. Mən tələbələrlə söhbət zamanı da bunu eşidirəm. Tələbələrim bildirir ki, onların fikirlərinə ailə quran dostlarının qısa müddətdə boşanması təsir edir".

Sosioloq bildirib ki, artıq gənclər ailə məsuliyyətindən mümkün qədər yayınmağa çalışırlar.
Əhməd Qəşəmoğlu nikahların azalmasına gənclərin sərbəst ailə modelinə üstünlük verməsinin də təsir etdiyini söyləyir. Həmsöhbətimiz deyir ki, əvvəllər evlənən oğlanlar gəlini ana-atasının yaşadığı evə gətirirdisə, indi qızlar ayrı evdə yaşamağa üstünlük verirlər:
"Ayrı evi olmayan oğlanlar və qızlar subay qalmağa üstünlük verirlər. Bu da nikaha daxil olanların sayının azalmasına gətirib çıxardır".
Ə. Qəşəmoğlu orta nikah yaşının artmasının demoqrafik fəsadlara da səbəb olduğunu söyləyib. Bildirib ki, bu, doğulan uşaqların sayına, sağlam uşaqların doğulmasına təsir edir.
Həmsöhbətimizin fikrincə, kişilər üçün ideal evlilik yaşı ölkələrə, kənd və şəhərə görə, fərqlənir:

"Elə ölkə var ki, orada ideal evlilik yaşı oğlanlar üçün 28 yaşdır. Elə ölkələr də var ki, 25 yaş, yaxud 35 yaş. Hətta dağlıq və aran bölgələrində də ideal evlilik yaşı fərqli ola bilər. Azərbaycana gəldikdə, qızların 24 yaşa qədər ailə qurması idealdır. Qızlar ən geci 28 yaşa qədər ailə qurmalıdırlar. Bioloji və psixoloji tələbat ödənilmədikdə müəyyən xəstəliklər baş qaldırır. Kişilərdə isə ideal evlilik yaşı 28-dir. Kişilər 30-35 yaşa qədər evlənməlidirlər. Kişilərdə 35-dən, qadınlarda 28-dən sonra müəyyən xəstəliklər baş qaldırır. Bu səbəbdən orta nikah yaşının artması həm qızlara, həm də oğlanlara problemlər yaradır".

Qeyd edək ki, apardığımız araşdırma da orta nikah yaşının il-ildən artdığını göstərir. Dövlət Statistika Komitəsinin Azərbaycanda rəsmi nikaha daxil olan kişilərin orta yaş həddi ilə bağlı statistik məlumatlarına nəzər salsaq görərik ki, rəsmi nikaha daxil olan kişilərin orta yaş həddi 2020-ci ildə 30 yaş olub. Həmin il qadınlar arasında nikaha daxil olma yaşı yüksələrək 25,2 təşkil edib. Statistik təhlil göstərir ki, son illər 1-ci nikaha daxil olanların orta yaşı həm kişilər, həm də qadınlar arasında yüksəlib. 2023-cü ildə 1-ci nikaha daxil olan kişilərin orta yaşı 28,7, qadınların isə 24,2 olub.
Apardığımız təhlil göstərdi ki, son illər nikaha daxil olanların sayı da azalır. Bəy və gəlinin yaş qruplarına görə nikahların sayı 2023-cü ildə 54200 olub. 2022-ci ildə isə bu rəqəm 61939 təşkil edib. 1991-ci ildə nikaha daxil olanların sayı 74378 olub.
Bəyin və gəlinin yaş qruplarına görə müqayisə aparsaq, 2023-cü ildə 18 yaşadək kişilər arasında nikaha daxil olma qeydə alınmasa da, qadınlar arasında 223 nəfər qeydə alınıb.
2023-cü ildə 18-24 yaş arası nikaha 9541 kişi daxil olub. Bu yaş qrupu üzrə 2023-cü ildə qadınlar arasında nikaha daxil olanların sayı isə 32671 təşkil edib.
25-34 yaş arasında nikaha daxil olan kişilərin sayı ötən il 35498, qadınlar arasında isə 15560 olub. 2012-ci ildən başlayaraq 18 yaşadək nikaha daxil olanların sayının azalması Azərbaycanda ailə qurmaq üçün minimum yaş həddinin kişilərdə və qadınlarda 18 yaş müəyyən olunmasıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0