CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş prokuror səfirliyə hücum edənlə bağlı hökmün icra olunmamasına münasibət bildirib

© Sputnik / Murad OrujovKamran Əliyev
Kamran Əliyev  - Sputnik Azərbaycan, 1920, 01.10.2024
Abunə olmaq
Baş prokuror Kamran Əliyev deyib ki, biz İran tərəfi ilə bu istiqamətdə əlaqələrimizi davam etdiririk. Burada sadəcə prosessual məsələlərdən söhbət gedir.
BAKI, 1 oktyabr — Sputnik. "2023-cü il, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə törədilməklə bir soydaşımızın ölümü, ikisinin isə yaralanması ilə nəticələnən hücumu həyata keçirmiş Yasin Hüseynzadə barəsində hökmün icrası müəyyən prosedurlar tələb edir".
Bunu jurnalistlərə Baş prokuror Kamran Əliyev deyib.
"Biz İran tərəfi ilə bu istiqamətdə əlaqələrimizi davam etdiririk. Burada sadəcə prosessual məsələlərdən söhbət gedir. Bilirsiniz ki, birinci instansiya məhkəməsinin hökmü İranın Ali Məhkəməsi tərəfindən təsdiq olunmalıdır. Prosessual qayda odur ki, bu prosedur həyata keçiriləndən sonra hökm icraya yönəldiləcək", - o deyib.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.
Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar. Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli "Rəşadət" ordeni ilə, İmanov Mahir Kamil oğlu "Vətən uğrunda" medalı ilə təltif edilib. Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb.
Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub. Səfirlik əməkdaşları və onların ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında aparılmış danışıqlar nəticəsində 2024-cü il iyulun 15-dən etibarən ölkəmizin İrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, səfir və səfirliyin hazırkı heyəti İrana geri dönüb.
İran tərəfi akkreditasiya ölkəsi kimi "Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası" çərçivəsində təhlükəsizliyin təminatına dair öhdəliyinə uyğun olaraq səfirliyimizin yeni binasının qarşısında diplomatik mühafizənin təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirib.
Xəbər lenti
0