CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnternetin sürəti ilə bağlı şikayətlərə cavab veril(mə)di

© Depositphotos.com / Terovesalainenmodem
modem - Sputnik Azərbaycan, 1920, 30.09.2024
Abunə olmaq
Nail Mərdanov bildirib ki, internetin sürəti ilə bağlı problem əsasən lokal səviyyədə olur.
BAKI, 30 sentyabr — Sputnik. Azərbaycanda internetin sürəti ilə bağlı problem əsasən lokal səviyyədə olur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin İdarə Heyətinin sədri Nail Mərdanov bildirib.
"Bu ay Azərbaycandakı internet opertorlarının təqdim etdiyi internetin orta sürəti 80,54 mb/s olub. Ayrı-ayrı bölgələr üzrə bu rəqəm fərqli ola bilər. Bu gün ölkədə 250-377 mb/s sürət almaq da mümkündür. Biz hazırda provayderlərlə işləyirik, onları dəvət edirik, məktublar göndəririk, ümumilikdə işlər gedir. İnternetin sürəti ilə bağlı problem əsasən lokal səviyyədə olur. Əgər bir küçədə istifadəçilərdən biri 371 mb/s sürət alıb, digəri ala bilmirsə, bu, artıq xidmət təminatçısının problemi deyil. Yəni problem kökdən yaranmır" - o, qeyd edib.

"Bu gün Azərbaycanda internet bazarı həm kəmiyyətə, həm də keyfiyyətə görə özünü tənzimləməlidir. Elə bir mərhələyə gəlib çıxmalıyıq ki, şirkət özü keyfiyyətli xidmət göstərməkdə maraqlı olsun ki, ondan imtina etməsinlər. Polis formasında şirkətlərə nəzarət et ki, sən işləyə bilmirsən, bazarı tərk et, bu, olmayacaq. Nə mövcud, nə də hazırlanan qanunda keyfiyyətsiz xidmətə görə hansısa şirkətin fəaliyyətinə xitam verilməsi yoxdur" - N.Mərdanov əlavə edib.

Qeyd edək ki, bu aydan etibarən əhali internetin qiymətini yeni, artan tariflə ödəsə də, internetin minimal sürəti 100 Mbit/saniyəyə çatmayıb. Abunəçilər sosial şəbəkələrdə internetin qiyməti bahalaşandan sonra sürətinin nəinki artdığı, hətta aşağı düşdüyünə dair şikayət dolu statuslar paylaşırlar. Onu da xatırladaq ki, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti genişzolaqlı internet xidmətləri bazarında Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlayıb.
Hazırda 100 Mbit/saniyə optik internetin qiyməti 27 manatdır. Minimum sürət ölkə üzrə bütün abunəçilərə təqdim olunur. Amma abunəçilər 32 manat ödəməklə 150 Mbit/s -ə qədər, 38 manat ödəməklə isə 250 Mbit/s -ə qədər internet ala bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0