CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın turizm infrastrukturu COP29-a hazırdırmı? Rəsmi cavab

© Sputnik / Murad OrujovBakıda turistlər, arxiv
Bakıda turistlər, arxiv - Sputnik Azərbaycan, 1920, 29.09.2024
Abunə olmaq
Paytaxt sakini bildirib ki, noyabr ayının 11-dən-22-dək olan 10 günlük müddətdə ikiotaqlı evini COP29-a görə 2 min manata icarəyə verib.
BAKI, 29 sentyabr — Sputnik. "Azərbaycan turizm sənayesinin, o cümlədən hotellərin COP29 tədbirində hazırlıqları davam edir. May ayından etibarən xüsusi vahid onlayn rezervasiya platforması üzərindən hər bir ulduz dərəcəsinə uyğun hotellər və yaşayış komplekslərinin bronlaşdırılması həyata keçirilir. Hotellərə əlavə olaraq ehtiyac yarandığı təqdirdə yaşayış kompleksləri, villa kompleksləri, istirahət mərkəzləri və digər yaşayış müəssisələrinin istifadəsi nəzərdə tutulur. COP29-da iştirak etmək istəyənlər üçün şəhərin istənilən ərazisində evlərin kirayəsi prosesi digər platformalar (airbnb, booking və s.) vasitəsilə mümkündür".
Dövlət Turizm Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildiirlib ki, həmçinin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində fəaliyyət göstərən 300-dən çox yerləşmə vasitəsinin auditini həyata keçirilib və onlardan 200-dən çoxu ulduz dərəcəsi əldə edib.
Qeyd edək ki, Azərbaycanda noyabrın 11-dən 22-dək keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP29) ərəfəsi Bakıda kirayə mənzillərə təlabat artıb. Bu barədə Sputnik Azərbaycan-a relitorlar məlumat verib. Bildirilib ki, təhlükəsizlik təminatı yüksək olan yaşayış komplekslərində dövlət tərəfindən COP29-a gələcək qonaqlar üçün evlər kirayə olunur. Evlərin qiyməti isə 10 günlük müddət üçün 1500-2000 manat arasında dəyişir.
"Sea Breeze" ərazisində evini kirayə verən,adının çəkilməsini istəməyən paytaxt sakinlərindən biri Sputnik Azərbaycan-a açıqlamasında artıq mənzilinin dövlət tərəfindən bron edildiyini söyləyib. Bildirib ki, noyabr ayının 11-dən-22-dək olan 10 günlük müddətdə ikiotaqlı evini 2 min manata icarəyə verib.
Hotellərdə isə bu tarixə yerlər demək olar ki, artıq bron edilib. Paytaxtdakı və regionlardakı beşulduzlu hotellərin mütləq əksəriyyətində tədbirin keçirildiyi müddətdə boş yer tapmaq mümkün deyil.
Bəs görəsən, Azərbaycanda qonaqlama yerlərinin sayı tədbir iştirakçılarının sayına adekvatdırmı? Sputnik Azərbaycan COP29 ərəfəsi turizm infrastrukturunun bu mötəbər tədbirə necə hazırlaşdığını araşdırıb.
Dövlət Turizm Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna verilən cavaba görə, COP29-a görə hotellərdə xidmət keyfiyyətinin artırılması məqsədilə 2000-ə yaxın hotel personalına ixtisaslaşmış praktiki peşə təlimləri, dayanıqlılıq üzrə təlim, eləcə də yerləşmə vasitələrində mətbəx idarəedilməsi və qastronomiya ilə bağlı (veqan və vegenterian menyuların hazırlanması daxil olmaqla) təlimlər keçirilməkdədir.
Həmçinin COP29 iştirakçılarının ölkəmizin turizm imkanları haqqında dolğun və düzgün məlumatlandırılmasını təmin etmək üçün 200 turizm bələdçisinə təlimlər keçirilərək sertifikatla təmin olunublar.
COP29 tədbiri üzrə ölkəmizə gələn ziyarətçilər üçün yarımgünlük, tamgünlük və gecələmə ilə 25 tur proqram hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Bakı ərazisində İçərişəhər, Yanardağ, Atəşgah, Qobustan kimi qoruqlar, milli parklar və digər turistik əhəmiyyətli yerlərlə yanaşı, Bakı-Şimal, Bakı-Şimal-Qərb və Bakı-Cənub istiqamətində olan turizm marşrutları üzrə də əsas destinasiyalar əhatə olunub.
Turizm üzrə ekspert Ceyhun Aşurov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan xeyli müddətdir ki, COP29-a ciddi hazırlıqlar görür.
"COP29 indiyədək Azərbaycan tarixində keçirilən ən böyük tədbir sayılır. Bəzi rəqəmlərə görə COP29 ərəfəsi Azərbaycana 80-100 min arasında xarici qonağın gələcəyi gözlənilir. Hotellər artıq hazır vəziyyətə gətirilir. Amma Azərbaycana gələcək qonaq sayı çox olduğundan, hotellər bu qədər qonağı qəbul etmək imkanında deyil. Çünki, Azərbaycanda 750 hotel var. Yataq sayı isə 60 mindən çoxdur. 29 min nömrə fondumuz var. Düzdür, qonaqlar hamısı eyni vaxtda gəlməyəcək. Amma bununla belə, qalma yerlərinin sayını artırmaq üçün müxtəlif tədbirlər görülür", - deyə Ceyhun Aşurov bildirib.
C.Aşurov COP29 ərəfəsində kirayə mənzillərə təlabatın və qiymətlərin artmasının da normal hal olduğunu söyləyib: "Bu kimi tədbirlərdə qonaqlama yerlərinə təlabat kəskin artıdğından qiymətlərin artması da normal hesab olunur. Əsas hədəf təhlükəsizliyin və keyfiyyətinin təmin olunmasıdır. COP29-a gələn qonaqlar gələcəyin potensial turistləridir. Onlar ölkəmizdən məmnun qayıtmalıdırlar ki, Azərbaycan haqqında öz xoş təəssüratlarını paylaşsınlar. Ona görə də, bu mötəbər tədbirə tam şəkildə hazır olmalıyıq. Mətbəximizi, tariximizi lazımınca təqdim etməyə çalışmalıyıq. Bu tədbir Azərbaycan turist cəlb etmək üçün böyük bir şansdır. Azərbaycan özünü tanıtmaq imkanı əldə edir".
Ekspert artıq Dövlət Turizm Agentliyi tərəfindən lazımi hazırlıqlar görüldüyünü, xarici qonaqları Azərbaycanın mədəni tarixi yerləri ilə tanıtmaq üçün peşəkar, sertifikasiyadan keçmiş bələdçilərin hazırlandığını söyləyib. Bildiirb ki, artıq gələn qonaqlar üçün turizm marşrutları da müəyyən olunub.
Xəbər lenti
0