CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət uşaq müəssisələrində cinsi təcavüz halları baş verir - VİDEO

© iStock.com / TomazlAzyaşlıya qarşı zorakılıq, arxiv
Azyaşlıya qarşı zorakılıq, arxiv - Sputnik Azərbaycan, 1920, 28.09.2024
Abunə olmaq
Kəmalə Ağazadə bildirib ki, uşaq evlərində zorakılıqların çoxu tualetlərdə baş verir. Dövlət uşaq müəssisələri isə təcavüzlə bağlı faktları çox vaxt ört-basdır edir.
BAKI, 28 sentyabr — Sputnik. Azərbaycanda dövlət uşaq müəssisələrində uşaqların zorakılığa məruz qalması halları var. Amma bunu təsdiqləyən faktlar təqdim olunmalıdır.
Bu sözləri bu gün Sputnik Azərbaycan Multimedia Mərkəzində qonaq olan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə söyləyib.
Qeyd edək ki, bu günlərdə 3 saylı Uşaq evi Sosial Xidmət Müəssisəsindən qaçan Ramal Rəsulovun açıqlamaları gündəmi zəbt edib. R. Rəsulov 3 saylı Uşaq evi Sosial Xidmət Müəssisəsinin tapşırığı ilə müəssisədə yerləşən böyük yaşlı uşaqların ona fiziki şiddət göstərdiyini söyləyib. R.Rəsulov deyib ki, o bu müəssisədə günlərlə ancaq quru çörək yeyib. Müəssisənin azyaşlı sakini orada uşaqlara qarşı pis davranıldığını söyləyib. Bildirib ki, harada kamera yoxdursa, orada fürsət tapıb uşaqlara fiziki şiddət göstərilir.
"Müəssisəsinin dəhlizində kamera yoxdur. Bundan istifadə edib direktorun tapşırığı ilə özümdən yaşda böyük uşaqlar məni döyürdü. Buna səbəb mənim verilən yeməyin keyfiyyətinə şikayət etməyim, müəssisəyə gələn ərzaqları evlərinə aparanda onlara irad bildirməyimdir".
Kəmalə Ağazadə bildirib ki, dövlət uşaq müəssisələrində belə halların qarşısını almaq çətindir. Çünki, müəssisələrdə uşaqlara köhnə ənənəvi qaydalarla yanaşılır:
"Uşaq zorakılığa məruz qaldıqda bunu direktora, yaxud müəllimə dedikdə bu fakt araşdırılmalıdır. Çox təəssüf ki, əksər hallarda buna laqeyid münasibət göstərilir. Halbuki, uşaq evlərinə yerləşdirilən uşaqların hərəsi bir evdən, bir mühitdən gəlir. O uşaqların hələ müəssisəyə yerləşdirilməmiş vəziyyətləri qiymətləndirilməlidir".
K.Ağazadənin sözlərinə görə, hər il sosial iş ixtisası üzrə kadrlar hazırlansa da onlar iş tapa bilmirlər:
"Yeni kadrların mütəxəssis kimi hazırlanması istiqamətində iş aparılmalıdır. Onlar bu ixtisasa yiyələnsələr də, iş tapa bilmirlər. Bundan əlavə, dövlət uşaq müəssisələrinə düşən uşaqlarla psixoloji iş yox səviyyəsindədir. Bu müəssisələrə ixtisaslı, peşəkar psixoloqlar lazımdır. Həmin müəssisələrdə çalışan psixoloqların əmək haqqı Sosial Xidmətlər Agentliyinin aparatında işləyənlərin əmək haqqından dəfələrlə aşağıdır. Ona görə də onlar uşaqlarla lazımi səviyyədə psixoloji iş aparmırlar".
K.Ağazadə deyir ki, dövlət uşaq müəssisələrinin hər künc-bucağını kamera ilə təmin etmək də düzgün yanaşma deyil:

"Əslində yataq otağına kamera qoyulmalı deyil. Amma qoyulur ki, gələcəkdə baş verənlərdən rəhbərlik sığortalansın. Axı ayaqyoluna da kamera qoymaq olmur. Çox təəssüf ki, uşaq evlərində zorakılıqların elə çoxu tualetlərdə baş verir."

Birlik rəhbəri dövlət uşaq müəssisələrində yeni sınanılmış modelin tətbiq edilməli olduğunu söyləyib. Bildirib ki, hələ sovet dövründən belə müəssisələrdə fiziki zorakılıqla bağlı şikayətlər olub:

"Dövlət uşaq müəssisələrində cinsi təcavüz halları da baş verir. Belə faktların üstü çox vaxt ört-basdır edilir. Bəzən cinsi təcavüz edən uşaq qalır bir kənarda, buna məruz qalan danlanır. Ona görə də, aşağı yaş qrupları ilə yuxarı yaş qrupları ayrılmalıdır. Uşaqlar hələ müəssisəyə yerləşdirilməzdən əvvəl onların vəziyyəti qiymətləndirilməlidir. Əgər uşaq aqressivdirsə, bunun səbəbi tapılıb araşdırılmalı, həmin uşaqla psixoloji iş aparılmalıdır. Reablitasiya dövrü keçdikdən sonra müəssisəyə yerləşdirilməlidir".

K.Ağazadə deyir ki, şikayət edən uşaqları bir müəssisədən başqa bir müəssisəyə köçürmək çıxış yolu deyil. Çünki, dövlət uşaq müəssisələrindən şikayət edən uşaqlara qarşı digər müəssisələrdə də aqressiya yarana bilər.
Birlik rəhbəri çıxış yolunu uşaq evi modelinin köklü şəkildə dəyişməsində görür. Onun fikrincə, Azərbaycanda uşaq müdafiə institutu formalaşmalı, təkmilləşdirilməli, ən yaxşı modellər uşaq müəssisələrində tətbiq edilməlidir.
Ağazadənin sözlərinə görə, son illər himayədar ailə modelinin tətbiqi uşaqların ailə mühitinə qayıtmasına böyük dəstək olub.
Xatırladaq ki, 3 saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən xüsusi nəzarətə götürülüb. Agentlikdən bildirilib ki, hazırda bununla bağlı araşdırma aparılır. Müəssisənin sakinlərinin mənafeyi əsas götürülərək lazımi işlər təmin olunacaq:
"Məlumat üçün deyək ki, adıçəkilən müəssisə təxminən 1 aydır ki, hüquqi olaraq SXA-nın idarəetməsindədir. Sosial Xidmətlər Agentliyinin tabeliyində olan digər müəssisələrdə olduğu kimi bu müəssisədə də müasir sosial xidmət prinsiplərinin tətbiqi üçün lazımi addımlar atılır. Neqativ halların qarşısının alınması, orada qalan sakinlərin lazımi sosial xidmətlərlə təmini istiqamətində iş aparılır".
Mediada iddiası yayılan müəssisənin sakini Ramal Rəsulov isə özünün istəyinə əsasən və mövcud psixoloji vəziyyəti nəzərə alınaraq, artıq Agentliyin digər müəssisəsinə yerləşdirilib. Onun sosial psixoloji reabilitasiyası üçün lazımi iş aparılmaqdadır. Əlavə məlumat veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0