Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda adamların xərcləri niyə artıb? Cədvəl

© Sputnik / Murad OrujovSupermarketdə alış-veriş
Supermarketdə alış-veriş - Sputnik Azərbaycan, 1920, 28.09.2024
Abunə olmaq
Mərkəzi Bank mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü ilin sonuna və 2025-ci ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozunu sabit saxlayıb.
BAKI, 28 sentyabr — Sputnik. Azərbaycanda adambaşına düşən orta aylıq xərc artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 456,1 manat pul xərcləyib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 manat və ya 3,6 faiz çoxdur. Pərakəndə ticarətdə 456,1 manat xərcin 252,2 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 203,9 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
Ekspertlər deyirlər ki, ölkəmizdə adambaşına düşən xərclərin artmasının əsas səbəbi inflyasiyadır. Ona görə də adambaşına düşən xərclər artıb. Eyni məhsulu almaq üçün daha çox vəsait sərf olunur.
Keçən ay ərzaqlar üç faiz bahalaşıb
Qeyd edək ki, avqustda Azərbaycanda illik ərzaq inflyasiyası 3 faiz olub. Başqa sözlə, keçən ay illik müqayisədə ərzaqların qiyməti 3 faiz bahalaşıb. Keçən ay təkcə ərzağın qiyməti qalxmayıb, qeyri-ərzaq mallarının (1,8 faiz), ödənişli xidmətlərin qiymətləri (5,6 faiz) də bahalaşıb. Ümumilikdə isə illik inflyasiya cari ilin aprel ayınadək azalma istiqamətində olub. Belə ki, aprel ayına qədər ölkədə illik inflyasiya azalsa da, aprel ayından sonra isə inflyasiya yenidən artmağa başlayıb. İllik inflyasiya avqust ayında ölkədə 3,5 faiz təşkil edib. İyul ayında isə bu göstərici 2,7 faiz idi. Əgər növbəti aylarda inflyasiya aşağı düşərsə, adambaşına düşən orta aylıq xərcin artım tempi də azalacaq.
10 faizədək inflyasiya normaldır
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli Sputnik Azərbaycan-a deyib ki, müvafiq qurumlar tərəfindən Azərbaycanda inflyasiyanın məqbul səviyyədə saxlanılması üçün tədbirlər davam etdirilir. Hazırda Azərbaycanda qeyri-neft sektoru inkişaf etməkdədir və ölkədə 10 faizədək inflyasiya qəbul ediləndir: "Hava şəraitinin pis keçməsi ilə bağlı bu yay mövsümündə müəyyən meyvələrdə qiymət enməsinin o qədər də olmaması, bir sıra xidmətlər üzrə qiymətlərin bahalaşması şəraitində inflyasiyanı saxlamaq bir az çətin olacaq. Lakin inflyasiya olmadan iqtisadiyyat olmaz və bu inflyasiya iqtisadi artımı, ixracatı stimullaşdırır. Ümumilikdə isə 10 faizədək inflyasiya normal səviyyədir".
Mərkəzi Bank: İllik inflyasiya yüksəlsə də, hədəf diapazonu daxilində olub
Mərkəzi Bankın məlumatına əsasən, illik inflyasiya yüksəlsə də, hədəf diapazonu (2-6%) daxilində olub. İnflyasiyanın xarici fonu ümumilikdə sabitdir. Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməyib. Tərəfdaş ölkələrdə inflyasiyanın və dünya bazarında əmtəə qiymətlərinin dəyişkənliyi başlıca xarici inflyasiya riski hesab olunmaqdadır. Aparıcı iqtisadiyyatlarda monetar şərait sərt olaraq qalır. Lakin dünyada inflyasiya təzyiqlərinin azalması şəraitində aparıcı ölkələrdə mərkəzi bankların faizləri tədricən azaldacağı ehtimalı yüksəlir. İnflyasiyanı artıra biləcək daxili risk faktorlarına isə xərc amillərinin aktivləşməsi, habelə büdcə xərclərinin artımı və kredit qoyuluşlarının genişlənməsi vasitəsilə məcmu tələbin izafi artımı aiddir. Qeyd edək ki, son 1 il ərzində bank sisteminin kredit portfeli 19.5%, o cümlədən biznes kredit portfeli isə 18.4% artıb.
"Ümumilikdə, mövcud monetar şərtlər inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib. Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü ilin sonuna və 2025-ci ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozu sabit qalır" - məlumatda bildirilib.
Pərakəndə ticarət dövriyyəsi artır
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 37,2 milyard manatlıq, o cümlədən 20,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 16,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 3,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9 faiz, qeyri-ərzaq malları üzrə 5,5 faiz artıb.
Ən çox ərzaqlara pul xərclənir
Bu ilin yanvar-avqust aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin:
-50,8 faizi ərzaq məhsullarının,
-4,5 faizi içkilər və tütün məmulatlarının,
-13 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların,
-5,7 faizi avtomobil benzini və dizel yanacağının,
-4,9 faizi elektrik malları və mebellərin,
-2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların,
-1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının,
-17,7 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Əhalinin dərman xərcləri artıb
Bu ilin yanvar-avqust aylarında əhali əczaçılıq məhsulları və tibbi ləvazimatlara 821,5 milyon manat pul xərcləyib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çoxdur.
Baş nazir: "İnflyasiyanın birrəqəmli səviyyəsinin təmin edilməsi növbəti ildə də hökumətin əsas vəzifələrindən biri olacaq"
Qeyd edək ki, sentyabrın 24-də Nazirlər Kabinetində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə hökumətin iclası keçirilib. Baş nazir Əli Əsədov çıxış edərək bildirib ki, dünya üzrə ərzaq məhsullarının qiymətlərinin nisbətən azalaraq sabitləşməsi və bunun idxal qiymətlərinə təsiri, valyuta bazarında tarazlığın qorunması və manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiyanın aşağı səviyyədə olmasını şərtləndirib. O cümlədən tərəfimizdən təsdiq edilmiş müvafiq Tədbirlər Planının icrası antiinflyasiya tədbirlərinə öz töhfəsini verməkdədir. Dayanıqlı iqtisadi artım üçün makroiqtisadi sabitliyin və inflyasiyanın aşağı birrəqəmli səviyyəsinin təmin edilməsi növbəti ildə də hökumətin əsas vəzifələrindən biri olacaq.
İnflyasiya minimal səviyyədə qorunub saxlanılıb
Xatırladaq ki, iyulun 30-da "İnflyasiya və Qiymət Monitorinqi" üzrə İşçi Qrupun iclası keçirilib. Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, iclasda cari ildə ölkədə istehlak bazarında qiymətlərin dəyişməsi, hökumətin antiinflyasiya tədbirləri, habelə ötən iclasda aidiyyəti qurumlara verilmiş tapşırıqların icrası ətraflı müzakirə olunub. İclasda xarici amillərin, habelə ərzaq bazarında idxal olunan məhsulların qiymət indekslərindəki dəyişmələr və ölkədə həyata keçirilən antiinflyasiya tədbirləri nəticəsində 2023-cü ildə birrəqəmli inflyasiya hədəfinə nail olunmaqla yanaşı, cari ilin ötən dövrü ərzində də inflyasiyanın minimal səviyyədə qorunub saxlanıldığı qeyd edilib.
Qeyd edilib ki, tədiyə balansının profisitli olması qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyib. Valyuta bazarında tarazlığın qorunması inflyasiya idxalının məhdudlaşmasında xüsusi rol oynayıb.
İclasda daxili bazarda sağlam rəqabət mühitinin təmin olunması, qiymətlərin monitorinqi, inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyədə saxlanılması istiqamətində zəruri işlərin davam etdiriləcəyi bildirilib. Ötən müddət ərzində qanunvericilikdə rəqabət məsələləri, dərman vasitələri bazarı və s. istiqamətdə həyata keçirilən təkmilləşdirmələrin bu proseslərə müsbət təkan verəcəyi vurğulanıb.
2022-ci il fevralın 21-də Nazirlər Kabineti "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncamda deyilib ki, ölkədə makroiqtisadi sabitlik qorunmalı, dünya ərzaq qiymətlərinin daxili istehlak bazarına qiymət təzyiqi azaldılmalı, əhalinin real gəlirləri və alıcılıq qabiliyyəti inflyasiya artımı şəraitində qorunmalıdır.
supermarket - Sputnik Azərbaycan, 1920, 15.08.2024
İQTİSADİYYAT
Azərbaycan vətəndaşlarının xərci artıb: İnflyasiya yerində dayanmır
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0