NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan təbii qazı hansı ölkələrə və neçəyə satır? CƏDVƏL

© AP Photo / Petr David JosekQaz anbarı, arxiv
Qaz anbarı, arxiv - Sputnik Azərbaycan, 1920, 27.09.2024
Abunə olmaq
Ekspertlər bildiriblər ki, Azərbaycan üçün təbii qaz ixracı sərfəlidir, çünki ölkəmizdə qaz hasilatının maya dəyəri böyük deyil. Hətta qazın min kubmetri 200-300 dollara satılsa belə ölkəmiz üçün sərfəlidir.
BAKI, 27 sentyabr — Sputnik. Azərbaycanın təbii qaz ixracında miqdar baxımından artım müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan 6 ölkəyə ümumilikdə 4,7 milyard dollar dəyərində 13,8 milyard kubmetr təbii qaz ixrac edib. Keçən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində təbii qaz ixracı 3,2 faiz artıb, dəyər ifadəsində isə 46,7 faiz azalıb.
Bu il Azərbaycanın xaricə satdığı təbii qaz ötən illə müqayisədə 2 dəfəyədək ucuzlaşıb. Belə ki, bu ilin 7 ayında qazın orta ixrac qiyməti hər min kubmetr üçün 343 dollar və ya 583 manat təşkil edib. Ötən ilin 7 ayında isə bu qiymət 666 dollar (1132 manat) olub. Bu da illik müqayisədə 1,9 dəfə azalma deməkdir.
Hesabat dövründə Azərbaycandan ən çox qaz ixracı Türkiyə və İtaliyaya həyata keçirilib. Bu ölkələrin hər birinə 5,8 milyard kubmetr qaz satılıb. Azərbaycan İtaliyaya qaz satışından 2,3 milyard dollar, Türkiyəyə qaz satışından 1,8 milyard dollar gəlir əldə edib.
Ən baha qiymətə Yunanıstana qaz satılıb
Yeddi ayın nəticələrinə əsasən, Azərbaycandan ən ucuz qiymətə Gürcüstana, ən baha qiymətə isə Yunanıstana qaz satılıb. Belə ki, Azərbaycandan Yunanıstana qazın orta ixrac qiyməti hər min kubmetr üçün 400 dollar, İtaliyaya qazın orta ixrac qiyməti hər min kubmetr üçün 394 dollar, Serbiyaya 350 dollar, Bolqarıstana 312 dollar, Türkiyəyə 311 dollar və Gürcüstana 170 dollar təşkil edib.
Beləliklə, hesabat dövründə Azərbaycan cəmi 6 ölkəyə:
Türkiyəyə (5,8 milyard kubmetr),
İtaliyaya (5,8 milyard kubmetr),
Bolqarıstana (1 milyard kubmetr),
Gürcüstana (618 milyon kubmetr)
Yunanıstana (550 milyon kubmetr),
Serbiyaya (26 milyon kubmetr) təbii qaz ixrac edib.
"Azərbaycan üçün qaz ixracı sərfəlidir"
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, qaz ixracında dəyər baxımından azalmanın əsas səbəbi İtaliyaya satdığımız qazla bağlıdır:

"Bağlanmış müqaviləyə əsasən, Niderlandda olan təbii qaz birjasındakı qiymətlər əsasında İtaliyaya qaz satırıq. İtaliya ən böyük qaz alıcımızdır. Türkiyə və Gürcüstana isə uzun müddətli müqavilələrlə, sabit qiymətlərlə qaz satırıq. 2022-ci ildə qaz qiymətləri Ukraynadakı münaqişə ilə bağlı kəskin artmışdı. Hətta elə aylar oldu ki, qazın min kubmetri 2500-3000 dollar civarına qalxdı. 2022-ci ilin sonundan başlayaraq isə təbii qazın qiymətlərində ciddi enmələr var. Nəticədə Azərbaycanın xaricə satdığı qazın da qiymətində ucuzlaşma müşahidə olunur. Qiymətin ucuzlaşması ilə bağlı qaz satışından gəlirlər azalıb".

© Sputnik / Murad OrujovNatiq Cəfərli
Natiq Cəfərli - Sputnik Azərbaycan, 1920, 26.09.2024
Natiq Cəfərli
"Amma miqdar baxımından təbii qaz ixracımız artıb. Çünki yeni müqavilələrə görə daha çox qaz satmaq öhdəliyimiz də var. Azərbaycanda qaz hasilatı artdıqca Avropaya satdığımız qazın həcmində də artım müşahidə olunur", - eskpert diqqətə çatdırıb.
İqtisadçı vurğulayıb ki, Azərbaycan üçün təbii qaz ixracı sərfəlidir, çünki bizdə qaz hasilatının maya dəyəri böyük deyil:

"Hətta qazın min kubmetri 200-300 dollara satılsa belə, ölkəmiz üçün sərfəlidir".

"Qazın kəskin ucuzlaşmasının dövlət büdcəsinə ciddi təsiri yoxdur"
İqtisadçı Xalid Kərimli də Sputnik Azərbaycan-a deyib ki, dünya bazarlarında təbii qazın qiymətləri kəskin ucuzlaşıb:
"Bu da xaricə qaz satışından gəlirlərimizə təsir göstərib. Ümumiyyətlə, qazın kəskin ucuzlaşması qaz ixracının əhəmiyyətini azaltmır və qaz ixracı ölkəmiz üçün çox sərfəlidir".
© Photo : Social media page of Khalid Kerimliİqtisadçı-ekspert Xalid Kərimli
İqtisadçı-ekspert Xalid Kərimli - Sputnik Azərbaycan, 1920, 26.09.2024
İqtisadçı-ekspert Xalid Kərimli
İqtisadçı onu da bildirib ki, Azərbaycanın xaricə satdığı qazın kəskin ucuzlaşmasının dövlət büdcəsinə ciddi təsiri yoxdur:

"Ümumiyyətlə, neft və qaz qiymətlərinin kəskin artıb-azalmasının dövlət büdcəsinə birbaşa təsiri yoxdur".

Qaz hasilatı artıb
Xatırladaq ki, 7 ay ərzində ölkədə təxminən 29,5 milyard kubmetr təbii qaz hasil edilib. Ötən ilin müvafiq dövrünə nisbətən qaz hasilatında təqribən 1,3 milyard kubmetr artım qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Qaz boruları, arxiv - Sputnik Azərbaycan, 1920, 08.04.2024
NEFT-QAZ
Bu il Azərbaycanın xaricə qaz satışı 6,4 milyard kubmetr təşkil edib - Cədvəl
Xəbər lenti
0