CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Sumqayıt arasında alternativ yol nə vaxt çəkiləcək?

© Sputnik / Elvin AhmadBakı Sumqayıt yolu
Bakı Sumqayıt yolu - Sputnik Azərbaycan, 1920, 22.09.2024
Abunə olmaq
Ekspert bu istiqamətdə kənar dairəvi yolların çəkilməsinin vəziyyəti qismən də olsa yüngülləşdirəcəyi qənaətindədir.
BAKI, 22 sentyabr — Sputnik. Yeni tədris ili başlayandan Bakı-Sumqayıt yolunda müşahidə olunan tıxac problemi yenidən bu istiqamətdə alternativ yol məsələsini aktuallaşdırıb.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı və Sumqayıt arasında alternativ yolun çəkilməsi artıq günün tələbinə çevrilib. O, iki şəhər arasında alternativ yolun çəkilməsi barədə məlumatlar olsa da, belə bir layihənin hələki ictimai müzakirəyə çıxardılmadığını söyləyib.
"Bakı-Sumqayıt yolunda tıxac dözülməz olduğundan, bu istiqamətdə nəinki bir, hətta bir neçə alternativ yolun yaradılmasına ehtiyac var. Bu, Bakı-Sumqayıt yolunda nəqliyyat yükünün azalmasına səbəb olar. Vaxtılə Sulutəpə və Xocasən qəsəbələrindən keçməklə Yasamal rayonu ərazisində "Xarici Dairəvi Yolu" ilə birləşdirən paytaxtın strateji 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması müzakirə olunmuşdu. Bu planı biz də dəstəkləmişdik. Çünki, bu paytaxta alternativ girişi təmin edəcək bir yol olacaqdı. Amma nədənsə hələki bu layihədən bir xəbər yoxdur", deyə Eldəniz Cəfərov bildirib.
Nəqliyyat üzrə digər ekspert Elməddin Muradlı isə bildirib ki, hazırda əsas tıxac Bakı-Sumqayıt yolun Xırdalan dairəsindən 20 Yanvar dairəsinədək hissəsindədir. O, bildirib ki, bu problemi nə qədər gec deyil aradan qaldırmaq lazımdır. Çünki, orada yeni obyektlər tikildikcə, həlqə daralır.
"Bakı-Sumqayıt arasında alternativ yolun kənar dairəvi yolla birləşdirilməsi yüklənməni azalda bilər. Amma Bakı-Sumqayıt arasında əsas konflikt nöqtə Xırdalan dairəsindən 20 Yanvar dairəsinədək hissədədir. Biz ona görə də təklif etmişdik ki, Xırdalan dairəsində də Koroğlu metrosunun üzərindəki körpünün kiçik modeli yaradılsın. O yolda dayanmadan hərəkət təmin olunsun. Geriyə dönmə, dairəvi hərəkət, sağa və sola hərəkət fasiləsiz təmin olunsa, Xırdalan dairəsində tıxac aradan qalxar. Tunellə bunu şaxələndirmək də olar."Şamaxinka" və 20 yanvar dairəsində isə körpünü və tuneli şaxələndirmək lazım idi. Vaxıilə bunu etmədiklərindən indi o hissədə sıxlıq yaranır".
E.Muradlı Masazır dairəsində tıxacın yaranmasının səbəbinin isə plansız aparılan tikinti işləri olduğununu söyləyib: "Abşeronun icra başçıları tərəfindən bu ərazidə torpaq sahələri nizamsız şəkildə maklerlərə satıldığından, orada kortəbii qəsəbə salındığından, nəqliyyatın hərəkəti düzgün tənzimlənmir. Bu problemlər həll olunarsa, Bakı-Sumqayıt arasında tıxac aradan qalxar".
Ekspert bu istiqamətdə kənar dairəvi yolların çəkilməsinin vəziyyəti qismən də olsa yüngülləşdirəcəyi qənaətindədir.
Xatırladaq ki, 2027-ci ilin sonunadək Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral avtomobil yolunun inşası planlaşdırılıb. Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında öz əksini tapıb.
Qeyd edilib ki, "Bakı-Sumqayıt şosesi"ndə, Xırdalan və "20 Yanvar" dairələrində nəqliyyat sıxlığının qarşısının alınması, Xırdalan şəhərinin alternativ giriş-çıxış yolunun yaradılması məqsədilə M-1 və M-4 avtomobil yollarını Sulutəpə və Xocasən qəsəbələrindən keçməklə Yasamal rayonu ərazisində "Xarici Dairəvi Yolu" ilə birləşdirən paytaxtın strateji 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması planlaşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə hələki bu layihə ilə bağlı onlarda məlumat olmadığını bildirdilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0