CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üç min şəhid haqqında məqalə "Vikipedia"dan niyə silinib?

© Photo : TRENDПохороны шехида Тебриза Ибрагимова
Похороны шехида Тебриза Ибрагимова - Sputnik Azərbaycan, 1920, 18.09.2024
Abunə olmaq
Mütəxəssis deyir ki, həssas mövzularla bağlı bir çox məqalələrimiz BMT-nin qaydalarına və ya beynalxalq akademik məqalələrə istinadən redaktə olunacaq.
BAKI, 18 sentyabr — Sputnik. "Vikipediya milli hisslərlə, patriotizmlə idarə olunmur. Əgər ölkədə bu vəziyyət davam etsə, güman ki, "Vikipedia" fondu bütün inzibatçıları və bürökratları azad edəcək, nəzarəti öz əlinə alacaq. Əgər bu baş verərsə, azərbaycanca "Vikipedia" "Vikimedia fondu"nun nəzarətinə keçərsə, bundan sonra baş verənlər sadəcə fəlakət olacaq!.
Bu fikirləri Sputnik Azərbaycan-a açıqlamasında üç min şəhidlə bağlı məqalənin "Vikipedia"dan silinməsinə münasibət bildirən İKT üzrə ekspert, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov söyləyib.
O bildirib ki, bu halda azərbaycanlı gənc vikipediyaçıların əziyyəti boşa gedəcək və həssas mövzularla bağlı bir çox məqalələrimiz BMT-nin qaydalarına və ya beynalxalq akademik məqalələrə istinadən redaktə olunacaq:

"Bu zaman nə yüksək vəzifəli rəsmi şəxslərin məqalələrini qoruya, nə də "Qondarma Dağlıq Qarabağ" məqaləsindəki "qondarma" sözünu orada saxlaya biləcəyik. Hətta "Xocalı soyqırımı" ifadəsinin "soyqırım" hissəsini beynalxalq akademik məqalələri əsas gətirərək çıxaracaqlar və "Xocalı faciəsi" edəcəklər. "Vikipedia" "Vikimedia fondu"nun nəzarətinə keçərsə, əsl düşmənlər, yəni, ermənilər və erməni diasporası ilə əlaqəli ermənipərəstlər rahatlıqla orada öz çirkin əməllərini həyata keçirəcəklər".

Qeyd edək ki, artıq bir neçə gündür, Vətən müharibəsi şəhidləri ilə bağlı məqalələrin Vikipediyadan silinməsi geniş rezonansa səbəb olub. Texnobloger Fərid Pərdəşünasın yaydığı məlumata görə, aralarında yüksək rütbəli hərbçilər, polkovnik-leytenantların da olduğu 3 min şəhid haqqında məqalə "Vikipedia"dan silinib. Sosial şəbəkələrdə "Vikipedia"dan şəhidlərlə bağlı məlumatların silinməsinə görə, "Vikipedia Azərbaycan"ın inzibatçısı Ayxan Zayıdzadə sərt tənqid olunur.
Fərid Pərdəşünas iddia edir ki, şəhid məqalələrinin silinməsində, bərpa edilməməsində azərbaycanlı aktivistlər günahkardır. O qeyd edib ki, Ayxan Zayıdzadə 3000 şəhidin məqaləsinin silinməsində birbaşa icraçı şəxs olub. Onun son aylarında "X" platformasında fəaliyyəti, onun bu addımı niyə atması ilə bağlı ciddi şüphələr yaradır:
"Bizə qəhrəman, vətənpərvər gənc kimi təqdim edilən Ayxan Zayıdzadənin son aylarda aktiv şəkildə erməni hesablarından sitatlar paylaşması onun mövqeyi barədə ciddi faktları aşkara çıxarır. O, 30 avqust 2024-cü il tarixli paylaşımında Azərbaycan tarixindəki erməni fobiyasından, Qarabağ və Zəngəzurda erməni tarixinin albanlaşdırılmasından yazır. Bu, Azərbaycan tarixinin saxta olmasına qarşı ciddi iddiadır və 20 yaşlı bir araşdırmaçı üçün yaşından böyük yükdür".
Pərdəşünas əlavə edib ki, bu, Ayxanın fəaliyyətindəki tək fakt deyil:
"Sərt anti-türk mövqeyi ilə çıxışlar edən Ayxan Zayıdzadə, ümumiyyətlə "sülhpərvər" mövqeyi ilə də "X"də ermənilərin diqqətini çəkməyi bacarıb. Bütün bunların fonunda Azərbaycanı təmsil etmək üçün Gürcüstana "Vikimedia Fondu"nun tədbirinə yola düşür. Hadisələr elə cərəyan edir ki, bu, konfransda kimsə ona yaxınlaşıb Azərbaycan "Vikipedia"sında olan şəhid məqalələrini silməsi lazım olduğunu deyir. Ayxan Zayıdzadə açıqlamasında deyir ki, bu şəxs fonddan kimsə olub. Qlobal "Vikimedia Fondu"nun lokal layihələrə qarışmadığını bilərək, burada belə sual yaranır ki, fond əməkdaşı Azərbaycan dilində "Vikipedia"nın 200.000 məqaləsindən necə 3000 şəhid məqaləsini tapa bilib? Ola bilməzmi ki, bunu deyən adam elə regional tədbirə gəlmiş "sülhpərvər" erməni idarəçilərdən biri olub!?".
E.Abbasov isə deyir ki şəhidlərimiz haqqında Azərbaycandakı bir çox platformalarda məqalə və məlumatlar var. "Vikipedia" oyuncaq deyil, beynəlxalq əhəmiyyətliliyi olan internet resursudur:
"Azərbaycanda "Vikipedia"ya bənzər bir çox platforma var, amma "Vikipedia"nın reputasiyası və iş prinsipi fərqlidir. Ümumiyyətlə, "Vikipedia" dövlət tərəfindən nəzarət olunan bir platforma deyil, beynəlxalq ensiklopediyadır. Vikipediaçılar icması var və bu icmadakı şəxslər oradakı tənzimləmələri aparırlar. "Vikipedia" qaydalarına uyğun olaraq, burada eksiklopedik şəxslərin məqalələri yaradılır, ensiklopedik olmayan şəxslərin məqalələri isə silinir".
Ekspert qeyd edib ki, "Vikipedia"da Birinci Qarabağ, aprel döyüşləri və ikinci Qarabağ müharibəsində iştirak edən qazilər və şəhid olmuş şəxslər haqqında məqalələr yaradılmışdı. Amma bu təcrübə ancaq Azərbaycan üzrə "Vikipedia"da oldu. Xarici "Vikipedia"da isə daha çox tanınmış, "Vikipedia" qaydalarına uyğun gələn generallar, şəhidlər haqqında məqalələr dərc olundu. Azərbaycanda buna ehtiyac olduğu üçün vaxtında bu addımlar atıldı. Vikipediaçılar bu istiqamətdə məqalələr yaratdılar. Amma həmin vaxt da deyirdilər ki, bu, müvəqqətidir. Çünki həmin vaxt buna ehtiyac var idi ki, Azərbaycanın qələbəsi beynəlxalq səviyyədə tanınsın, şəhidlərin siyahısı olsun.
Müsahibimiz deyir ki, Vikipediaya uyğun gələn ensiklopedik şəxslərin məqalələri qalacaq:
"Məsələn, Polad Həşimov, Xudayar Yusifzadə haqqında məqalələr "Vikipedia"da qalır. Dünya təcrübəsinə əsasən deyə bilərik ki, hər şəhidin "Vikipedia" məqaləsi yoxdur. Bu, Azərbaycanda da müvəqqəti idi. Hazırda Azərbaycanda Polad Həşimov kimi şəhidlərin məqalələri qalsa da, digər şəhidlərin məqalələri siyahılaşdırılıb. Bir çox siyahılarda şəhidlərin məqalələri əlifba qaydalarına əsasən mövcuddur. Yəni "Vikipedia" inzibatçıları qaydalara əsasən iş aparıblar. Necə ki, Azərbaycan ensiklopediyasında bütün şəhidlər haqqında məqalələr olmadığı kimi ensiklopedik Vikipediada da hər şəhidin məqaləsinin olması vacib deyil".
İKT mütəxxəssis bildirir ki, illərlə azərbaycanca "Vikipedia"nı zənginləşdirən gənclərin əməyini heçə saymaq, onları "topa" tutmaq olmaz. Çünki həmin "Vikipedia" məqalələri əsasında bir çox internet resursu və "memorial.az", "unudulmazlar.az" kimi şəhidlərimizlə bağlı sayt yaradılıb.
"Vikipedia Azərbaycan"ın inzibatçısı Ayxan Zayıdzadə Qafqazinfo-ya açıqlamasında bildirib ki, şəhidlər haqqında informasiyaların tamamilə silinməsi barədə məlumatlar reallığı əks etdirmir. Həmin məlumatlar siyahılaşdırılıb və Vikipediada verilib:
"Şəhid məqalələri 2020-ci ildən başlayaraq azərbaycanca "Vikipedia"da könüllülərin fərdi təşəbbüsü ilə müvəqqəti olaraq yaradılmışdı. Bunun məqsədi ilkin olaraq şəhidlərimiz haqqında məlumatın azad platformaya yerləşdirilməsi və geniş çərçivədə resurs mənbələrinin bunu özünə köçürməsi idi. "Vikipedia" buna görə uyğun idi ki, orada yazılan mətnlər müəllif hüquqları ilə qorunmur, hər kəs köçürə bilər. Buna baxmayaraq, son dörd il ərzində bu məqalələri saxlamaq çətinləşməyə başlamışdı".
A.Zayıdzadə əlavə edib ki, "Vikipedia" Azərbaycan Respublikasının nəzdində olan vebsayt deyil, qlobal platformadır və müəyyən qaydalar var ki, beynəlxalq formada tətbiq edilir:
"Biz əlimizdən gəldikcə o məqalələri saxlamağa çalışdıq, lakin artıq məsələ ABŞ-də yerləşən "Vikimedia" Fondunun diqqətinə belə çatmışdı. "Vikipedia"nın qaydalarına əsasən, həmin məqalələr, ümumiyyətlə, yaradılmamalı idi. Bu səbəbdən, son çarə kimi, artıq yaradılan məqalələrin öz məqsədinə çatdığı qənaətində olaraq, konsensus ilə silinməsinə qərar verilmişdi. Buna baxmayaraq, həmin konsensus aylardır icra olunmurdu. Mən, sadəcə, silmə səlahiyyətlərinə malik bir inzibatçı kimi həmin konsensusu icra etmişəm. Şəhidlərin ruhu, mirası biz də daxil olmaqla bütün Azərbaycan vətəndaşları üçün ucadır. Biz onların mirasının davam etməsi üçün əlimizdən gələni etmişik və baş vermiş hadisənin bu cür şərh edilməsi məni şəxsən məyus edir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0