Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Birinci sinfə gedən şagirdlərin sayı ilbəil azalır-SOS

© Sputnik / Murad Orujovməktəbli
məktəbli - Sputnik Azərbaycan, 1920, 17.09.2024
Abunə olmaq
Sabiq deputat bununla belə işğaldan azad olunmuş torpaqlara qayıdışın yenidən demoqrafik problemə müsbət təsir edəcəyi qənaətindədir.
BAKI, 17 sentyabr — Sputnik. "Azərbaycanda birinci sinfə gedən şagirdlərin sayının azalması ciddi siqnaldır. Bu əsasən urbanizaiyanın fəsadlarıdır. Kənd yerlərindən əhalinin sürətlə Bakıya axışması doğulan uşaqların sayının azalmasına səbəb olur".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil sahəsi üzrə ekspert, sabiq millət vəkili Etibar Əliyev söyləyib.

Qeyd edək ki, Azərbaycanda yeni tədris ilində 1-ci sinfə gedən şagirdlərin sayı kəskin azalıb. Məlumata görə, son yeddi ildə Azərbaycanda 1-ci sinfə başlayan şagirdlərin sayında əhəmiyyətli azalma müşahidə olunur. 2017-2018-ci tədris ilində 164,523 uşaq birinci sinfə qəbul olunduğu halda, 2023-2024-cü tədris ilində bu rəqəm 132,261 nəfərə enib.

E.Əliyev bildirib ki, şəhər yerlərində çox uşaq böyütmək imkanı məhdud olduğundan, ailələrin çoxu iki uşağa üstünlük verir: "Bunda mənzil şəraiti də böyük rol oynayır. Elə ailələr var ki, kirayədə qalır, yaxud iki otaqlı mənzildə yaşayırlar. Uşaq sayını da şəraitə görə planlayırlar. Kənd yerlərində çox uşaq böyütmək imkanı var. Ona gördə də, ailələrdə uşaq sayı çox olurdu. Şəhər yerlərində isə bu imkanlar məhduddur. Kəndlərdən şəhərə axın doğulan uşaqların sayına təsir göstərir".
E.Əliyev onu da bildirib ki, uşaq sayının azalmasına təsir edən digər səbəblər təhsil və səhiyyə xərclərinin artmasıdır.

"Azərbaycanda orta təhsil pulsuz olsa da, uşaqların çoxu repetitorlara müraciət edir. Valideynlər məcbur olub övladlarını repetitor hazırlıqlarına yönəldirlər. Bu isə ailənin xərcini artırır. Uşaqların sağlamlığının qorunması üçün səhiyyə xərcləri də artıb. Bütün bunlar ailələrdə uşaq sayının azalmasına gətirib çıxarır", - Əliyev deyib.

E.Əliyev birinci sinfə gedən uşaqların sayının azalmasının gələcəkdə məktəblərdə sinif saylarının azalmasına, əmək bazarında işçi çatışmazlığına səbəb olacağını bildirib.
© Sputnik / Anar MustafayevTəhsil eksperti Etibar Əliyev
Эксперт в области образования Этибар Алиев - Sputnik Azərbaycan, 1920, 17.09.2024
Təhsil eksperti Etibar Əliyev
Lakin sabiq deputat işğaldan azad olunmuş torpaqlara qayıdışı bu məsələdə müsbət məqam kimi dəyərləndirir. O, bu prosesin demoqrafik problemə müsbət təsir edəcəyi qənaətindədir. Onun sözlərinə görə, 30 il torpaqlarımızın işğal altında qalması, məcburi köçkünlərin yataqxanalarda, ağır şəraitdə məskunlaşması doğulan uşaq sayına ciddi təsir edib: "İşğaldan azad olunmuş torpaqlarımıza yenidən qayıdış nəticəsində doğulan uşaqların sayında artımın olacağı gözlənilir. Kənd yerlərində yaşayış doğumun statistikasına hər zaman öz təsirini göstərib. Ümid edək ki, Böyük Qayıdışdan sonra yenidən doğulan uşaqların sayında artım olacaq".

Təhsil eksperti Kamran Əsədov da son yeddi il ərzində birinci sinfə gedən şagirdlərin sayının təxminən 20% azaldığını söyləyir. O, Sputnik Azərbaycan-a bildirib ki, bu tendensiya çox ciddi demoqrafik problemlərə səbəb olacaq.

"Hər il birinci sinfə qəbul olan şagirdlərin sayında orta hesabla 4,5% azalma qeydə alınır. Son yeddi il ərzində birinci sinfə gedən uşaqların sayı 32 min nəfər azalıb", - Kamran Əsədov bildirib.
Ekspert deyir ki, əgər orta illik azalma nisbətini (təxminən 4,5%) nəzərə alsaq, bu o deməkdir ki, təxminən 10 ildən sonra birinci sinfə qəbul olan uşaqların sayında azalma indiki 32 mindən 100,000 nəfərədək artaracaq, yəni, 17 il ərzində birinci sinfə gedən uşaqların sayı 100 min nəfər azalmış olacaq.
Kamran Əsədov bunun əmək bazarında işçi çatışmazlığına səbəb olacağını söyləyib.
"Uşaqların sayının azalması gələcəkdə ölkənin əmək bazarında gənc işçi qüvvəsinin çatışmazlığına səbəb ola bilər. Bu, iqtisadiyyatın inkişafında problemlər yarada və bəzi sahələrdə işçi qüvvəsinə tələbin ödənilməməsi ilə nəticələnə bilər. Həmçinin mvcud məktəb və təhsil infrastrukturunun uşaqların sayının azalması nəticəsində boş qalması ehtimalı var. Məktəblərdə siniflər dolmayacaq və resurslar tam istifadə edilməyəcək. Uşaqların sayının azalması ölkədə əhalinin ümumi yaşlanmasına gətirib çıxaracaq, bu da sosial təminat sistemlərinə və səhiyyə sektoruna ciddi təzyiqlər yarada bilər. Eyni zamanda əhalinin azalması iqtisadi inkişaf dinamikasını zəiflədə bilər. Gənc əhali sayının azalması gələcəkdə ölkənin innovasiya potensialını da azaldacaq", - deyə ekspert bildirib.
© Sputnik / Murad OrujovTəhsil eksperti Kamran Əsədov
Эксперт по образованию Кямран Асадов - Sputnik Azərbaycan, 1920, 17.09.2024
Təhsil eksperti Kamran Əsədov
O, bu səbəbdən uşaqların sayının azalmasının qarşısını almaq üçün ailələrə dəstək proqramları tətbiq edilməli olduğunu, doğum səviyyəsini artırmaq üçün stimullaşdırıcı tədbirlərə ehtiyac olduğunu bildirib: "Xaricdən işçi qüvvəsi cəlb etmək və ya əhalinin azalmasının qarşısını almaq üçün miqrasiya siyasətinə diqqət yetirilməli və müvafiq addımlar atılmalıdır. Bu azalma, Azərbaycan üçün uzunmüddətli sosial-iqtisadi təsirlər yarada bilər, ona görə də diqqətli şəkildə qiymətləndirilərək, uyğun tədbirlər görülməlidir".

Dövlət Statistika Komitəsinin və Elm və Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a məlumatına görə, 2019-2020-ci tədris ilində dövlət əyani ümumi təhsil müəssisələrində 1-ci sinfə gedən uşaqların sayı 159644 nəfər olub. 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə 156328 uşaq gedib. 2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin 1-ci sinfinə 153822, 2022-2023-cü tədris ilində isə 152 minə yaxın uşaq qədəm qoyub. Bu statistik rəqəmlər 1-ci sinfə gedən uşaqların sayında ilbəil azalma olduğunu göstərir.

Apardığımız araşdırma zamanı o da məlum oldu ki, 2019-2020-ci tədris ilində birinci sinfə gedənlərin 81425-i oğlan, 78219 qız olub. 2020-2021-ci birincilər arasında cins nisbəti belə dəyişib - 83513 oğlan, 72815-i qız. 2021-2022-ci tədris ilində isə 81360 oğlan, 72462-i qız birinci sinfə qədəm qoyub. Statistik rəqəmlər 1-ci sinfə gedən şagirdlərin arasında cins nisbətinə görə qız uşaqlarının sayının azaldığını göstərir.
Həmçinin qeyd edək ki, 1990-1991-ci tədris ilindən 2021-2022-ci tədris ilinədək birinci sinfə gedən şagirdlərin sayında ən böyük artım 1993-1994-cü ildə olub. Bu illərdə ümumtəhsil müəssiələrinin birinci sinfinə 188994 şagird gedib.
Xəbər lenti
0