Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan pambığına xaricdə yüksək tələbat var: Lif ixracı yaxşı gəlir gətirir

© AP Photo / PHIL COALEPambıq yığımı, arxiv şəkli
Pambıq yığımı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.09.2024
Abunə olmaq
Dünya bazarlarında pambığa tələbat var və ən çox Türkiyəyə pambıq lifi satırıq.
BAKI, 16 sentyabr — Sputnik. Pambıq bitkisi geniş əhatəli, universal texniki bitkidir. Onun əhəmiyyəti əvəz olunmaz lifə malik olması ilə bağlıdır. Xalq təsərrüfatının elə bir sahəsi yoxdur ki, orada pambıqdan istifadə olunmasın. Pambıq lifi toxuculuq sənayesi üçün əsas xammal sayılır. Ondan müxtəlif növ parçalar, iplik və geyimlər, eləcə də müxtəlif texniki məmulatların hazırlanmasında istifadə olunur. Maşın və təyyarəqayırmada, kimya sənayesində, heyvandarlıqda və s. sahələrdə qiymətli xammal kimi geniş istifadə edilir.
İxracda kəskin artım var
Pambıq bitkisi ölkəmizdə əkilən aparıcı texniki bitkilərdən biridir. Azərbaycandan pambıq lifi (mahlıc) və pambıq iplik xaricə ixrac edilməkdədir. Bu il pambıq lifi (mahlıc) ixracında kəskin artım müşahidə edilir. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-iyul aylarında ölkəmizdən 126,4 milyon dollar dəyərində 82360 ton pambıq lifi ixrac olunub. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 58,9 faiz, miqdar ifadəsində 89,3 faiz çoxdur.
"Ən çox Türkiyəyə pambıq lifi satırıq"
İqtisadçı-ekspert Cəfər İbrahimli Sputnik Azərbaycan-a deyib ki, bu il ərzində Azərbaycanın pambıq lifi (mahlıc) ixracı artıb: "İxracın artması dünya bazarlarında baş verən qiymət dəyişiklikləri və yüksələn tələb ilə bağlıdır. Dünya bazarlarında pambığa tələbat var və ən çox Türkiyəyə pambıq lifi satırıq".
Ekspert bildirib ki, hər il təxminən 100 min hektar sahədə pambıq əkirik və keçən il sahələrdən 276,1 min ton pambıq yığılıb: "Pandemiyadan sonra dünya bazarlarında pambığın qiyməti daha yüksək idi. Son 1 ildə isə digər kənd təsərrüfatı məhsulları kimi pambığın da qiyməti dünya bazarlarında nisbətən tənzimlənib".
O qeyd edib ki, iqlim dəyişmələri pambığın məhsuldarlığına təsir göstərir və istehsalın azalmasına gətirir: "Pambıq su sevən bitkidir və Azərbaycanın ancaq 12-14 rayonunda əkilə bilir. Son 4-5 ildə ölkədə pambıq istehsalında ciddi dəyişiklik yoxdur, demək olar ki, stabillik müşahidə olunur. Məhsuldarlıq göstəricisi də normaldır. Bu sahədə subsidiyanın verilməsi pambıq istehsalını stimullaşdırıb".
Nazir pambıqçılıqda müasir suvarma sistemlərinin tətbiqini dəstəkləyir
Qeyd edək ki, bu yaxınlarda kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının rəhbər şəxsləri ilə görüşüb. Görüşdə nazir Məcnun Məmmədov bildirib ki, pambıqçılıq respublikamızda güclü ənənələri olan kənd təsərrüfatı sahələrindən biridir:

"Bu sahənin inkişafı fermerlərin gəlirlərinin çoxalmasına, bölgələrdə məşğulluq səviyyəsinin artmasına müsbət təsir edir. Kənd təsərrüfatının ən əməktutumlu sahəsi olan pambıqçılıq yüksək əlavə dəyər yaratmağı, ixrac potensialının yüksək olması ilə də seçilir. Dövlət tərəfindən pambıqçılığın inkişafına dəstək mexanizmləri həyata keçirilir, bu mexanizmlər sayəsində əkinə maraq artıb".

Nazirlik tərəfindən digər sahələrdə olduğu kimi, pambıqçılıqda da müasir suvarma sistemlərinin tətbiqini dəstəklədiyini deyən nazir gələcəkdə becərmədə bu sistemlərdən istifadə edən fermerlərə nəzərən differensial subsidiya mexanizminin tətbiq oluna biləcəyini deyib.
Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyası İdarə Heyətinin sədri Fərid Firudinov bildirib ki, rəhbərlik etdiyi ictimai təşkilatın fəaliyyətinin əsas məqsədi müasir elmi-texniki yeniliklərin və innovativ texnologiyaların tətbiqi imkanlarını təbliğ etməklə ölkəmizdə istehsal olunan pambığın məhsuldarlıq və keyfiyyət göstəricilərini artıraraq sektor iştirakçılarının rifahını yüksəltməkdir. Ölkədə pambıq tədarükü və emalı ilə məşğul olan ən böyük şirkətləri öz sıralarında birləşdirən Assosiasiya sektorun inkişafına öz töfhəsini verməyə çalışır.
Görüşdə ölkədə pambıqçılığın mövcud durumu, məhsul yığımı ərəfəsində həyata keçirilən son aqrotexniki tədbirlər, zərərvericilərə qarşı mübarizənin təşkili, texnikaların yığım prosesinə hazırlıq səviyyəsi barədə fikir mübadiləsi aparılıb. İştirakçılar həmçinin fermer təsərrüfatlarında dayanıqlılığı təmin etmək, "Better Cotton Initiative" təşkilatına üzvlük, pambıqçılıqda tətbiq olunan dərmanların keyfiyyəti, ölkədə ilk dəfə istehsal olunan iplik növləri, yerli şəraitə uyğun pambıq sortlarının yaradılması və digər önəmli mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Pambıq lifini hansı ölkələrə ixrac edirik?
Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına əsasən, keçən il pambığın məhsuldarlığı hektara 29,5 sentner olub. 2023-cü ildə Beyləqan, Ağcabədi, Bərdə, Saatlı və Salyan rayonlarında məhsuldarlıq göstəricisi ölkə üzrə orta göstəricidən yüksək olub. 2023-cü ildə ixrac olunan pambıq lifinin 73,1%-i Türkiyənin, 21,8%-i Türkmənistanın və 3,3%-i isə İranın payına düşüb. 2023-cü ildə ixrac olunan pambıq ipliyinin isə 77,7%-i Türkiyənin, 21,8%-i Rusiyanın, 0,5%-i isə digər ölkələrin payına düşüb.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, pambıq üzrə məhsul subsidiyası verilir. Bu il fermerlər tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə 190 manat məhsul subsidiyası alacaqlar.
Aqrar sığorta pambıq sahələrini çoxsaylı risklərdən qoruyur
Sərfəli bitki olması ilə yanaşı, pambıq həm də təbiət hadisələrinə qarşı həssasdır. Ölkəmizdə dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta pambıq sahələrini çoxsaylı risklərdən qoruyur. Bura dolu, sel-subasma, qasırğa, fırtına, leysan yağışları, ildırım vurması, vəhşi heyvanların hücumu, 3-cü şəxsin hərəkətləri və sair hallar aiddir. Dövlətin sığorta haqqına göstərdiyi 50%-lik dəstək sayəsində fermerlər pambıq sahələrini cüzi məbləğ ödəməklə sığorta edə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0