Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda un ucuzlaşdı - Çörəyin qiyməti enəcəkmi?

© Sputnik / Murad OrujovÇörək
Çörək - Sputnik Azərbaycan, 1920, 11.09.2024
Abunə olmaq
Bu il ərzində Azərbaycana gətirilən ərzaqlıq buğdanın idxal qiyməti aşağı düşüb. 2024-cü ilin yanvar-iyun aylarında ölkəyə idxal edilən ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 374 manat təşkil edib.
BAKI, 11 sentyabr — Sputnik. Azərbaycanda unun topdansatış qiymətlərində ucuzlaşma müşahidə edilir.
Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, sentyabrın 9-dan etibarən istehsalçılar unun qiymətini 0,8 manatadək aşağı salıblar.
Ən ucuz un növü "Dəvəçi-Taxıl" MMC, ən bahalısı isə "Azeri-Arapoğlu U.S. və T.LTD" BM tərəfindən bazara təklif olunur.

Keçən ay 26,1 manata satılan 50 kiloqramlıq ən ucuz un növü ("Dəvəçi-Taxıl" MMC) hazırda 25,3 manata, ötən ay 27,8 manata satılan ən bahalı un növü ("Azeri-Arapoğlu U.S.və T.LTD" BM) hazırda 27,5 manata təklif edilir. Ümumiyyətlə, bütün un istehsalçıları unun topdansatış qiymətlərini aşağı salıb.

Ucuzlaşmanın çörəyin qiymətinə təsirinə gəlincə, çörək istehsalçıları bu ucuzlaşmanı cüzi hesab edirlər. Onların fikrincə, unun qiymətində bu ucuzlaşma çörəyin qiymətinə təsir edəcək həddə deyil. Qiymət ən azı bir neçə manat aşağı düşməlidir ki, çörəyin maya dəyərinə təsir etsin. Ona görə də çörəyin qiymətində ucuzlaşma gözlənilmir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a bildirib ki, unun qiymətində cüzi ucuzlaşma baş verib: "Bu ucuzlaşma çörəyin qiymətinə təsir edəcək həddə deyil. Unun qiyməti əhəmiyyətli dərəcədə ucuzlaşmalıdır ki, çörəyin də qiyməti ucuzlaşsın".
Buğda ununun və ərzaqlıq buğdanın idxal qiymətində ucuzlaşma var
Qeyd edək ki, Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında və ərzaqlıq buğdanın dünya bazarındakı (o cümlədən əsas idxal bazarlarındakı) qiymətlərinə uyğun formalaşır. Bu il ərzində xaricdən gətirilən buğda ununun idxal qiymətində ucuzlaşma qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, keçən ilin 6 ayında 1 ton buğda ununun orta idxal qiyməti 503,2 manat olubsa, bu ilin 6 ayında bu qiymət 487,9 manata düşüb. 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycan 13150 ton buğda unu idxal edib. Ölkəmizin buğda unu idxalının 99,5 faizi Rusiyanın payına düşüb.
Digər tərəfdən, bu il ərzində Azərbaycana gətirilən ərzaqlıq buğdanın idxal qiyməti aşağı düşüb. 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycan idxal edilən ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 374 manat təşkil edib. Keçən ilin müvafiq dövründə isə bu rəqəm 501 manat idi. Beləliklə, illik müqayisədə idxalda 124 manat ucuzlaşma var.
Buğda istehsalı artıb
Xatırladaq ki, 2023-cü ildə ölkədə buğda istehsalı 2022-ci ilə nisbətən 5,6 faiz artaraq 1,8 milyon ton olub.
Keçən ilin oktyabrın 26-dan ölkədə 650 qramlıq dairəvi (zavod) çörəyin qiyməti 60 qəpikdən 55 qəpiyə düşüb.
Prezident İlham Əliyevin "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" 19 iyul 2022-ci il tarixli fərmanına görə, əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilir.
Xəbər lenti
0