CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda bal yarmarkası: Yeni keyfiyyət və yeni qiymətlər - Video

© Sputnik / Zulfiyya GuluyevaBakıda bal yarmarkası
Bakıda bal yarmarkası - Sputnik Azərbaycan, 1920, 10.09.2024
Abunə olmaq
Arıçı bildirib ki, yarmarkaya gətirdiyi 350 balı 15 gün əvvəldən yoxlanılması üçün AQTA-a təhvil verib.
BAKI, 10 sentyabr — Sputnik. Bəzən deyirlər ki, yaxşı bal süzülən kimi satılır. Heç yarmarkaya gəlib çıxmır. Ona görə də, çox adam yarmarkada satılan balın keyfiyyətinə güvənmir. Amma gəlib alıb aparsalar görərlər ki, yarmarkada satılan bal tanış arıçıdan alınan baldan daha keyfiyyətlidir.
Bu sözləri Sputnik Azərbaycan-a bu gün Bakıda Kənd Təsərrüfatı Nazirliyi və "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkasında iştirak edən Ağdərə sakini Babaş Qəribov söyləyib.
O qeyd edib ki, yarmarkaya yoxlanılmamış bal buraxılmır:
"Hələ on gün əvvəldən balı yoxlamaları üçün Bakıya göndəririk. Alıcılar əmin olsun ki, saxta, keyfiyyətsiz balı yarmarkanın qapısından içəri buraxmırlar".
Arını daşımağa 900 manat xərcimiz çıxıb
Babaş Qəribov bildirib ki, yarmarkaya Kəlbəcərin yaylaq balını gətirib: "Həm özümün, həm də oğlumun balını satıram. Satışda çökə, qaratikan, yaylaq balları var. Bir kiloqramı 50 manatdan başlayıb 60 manatadək satılır".
Arıçı bu il balın qiymətinin bahalaşdığını təsdiqləyib. Bildirib ki, buna səbəb daşınma xərclərinin artmasıdır:
"Arını yaylağa köçürməyə 450 manat xərcimiz çıxır. Bu hələ birbaşa köçürmə xərcidir. Arını geri qaytarmağa da bir o qədər xərcləyirik. Bizə arının daşınması 900 manata başa gəlir. Ona görə də ucuz sata bilmirik".
Kəlbəcər və Laçın balı niyə bahadır?
Babaş Qəribov deyir ki, Kəlbəcər balının baha olmasının səbəbi təkcə daşınma xərcinin çox olması deyil. Bu bal keyfiyyətinə görə də fərqlənir.
"Kəlbəcər balı bazardakı digər ballardan həm də ona görə bahadır ki, bu bal müalicəvi qaya balıdır. Arı yaylaqda min bir çiçəkdən şirə çəkib. Belə balı 60 manata satırıq" - arıçı bildirib.
Laçın balı yarmarkada 50-60 manata təklif olunur.
© Sputnik / Zulfiyya GuluyevaBakıda bal yarmarkası
Bakıda yarmarka - Sputnik Azərbaycan, 1920, 09.09.2024
Bakıda bal yarmarkası
Yarmarkada satılan ballar harada yoxlanıb?
Amma yarmarkada satışda olan balların orta qiyməti 30 manatdır. Arıçılar bu il balın məhsuldarlığının ötən illə müqayisədə qismən yaxşı olduğunu bildirdilər.
Astaralı arıçı Səbirə İbrahimova yarmarkaya 400 kiloqram bal gətirdiyini söyləyib. Bildirib ki, yarmarkaya gətirdiyi balın qiyməti 30-35 manat arasındadır. Onun sözlərinə görə, cökə və may balı daha keyfiyyətli sayılır.
Gədəbəydən yarmarkaya bal gətirən Elsəvər Rzayev da balın təmiz olduğunu söyləyib. Bildirib ki, yarmarkaya gətirdiyi 350 balı 15 gün əvvəldən AQTA-a təhvil verib. Yoxlamadan keçdikdən sonra balı yarmarkaya buraxıblar.
Bu il yarmarkada balla yanaşı digər arı məhsullarının da qiymətində artım müşahidə olunurdu. Belə ki, arı çiçəyi 10 manata, arı çiçəyi qaymağı isə 30 manatdır. Propolis isə 10 manata təklif olunur. Mumun qramı 10 qəpikdir.
Təmiz balı seçməyin yolları
Yarmarkada olarkən onu da öyrəndik ki, balın keyfiyyətindən şikayət edən alıcılar AQTA-nın səyyar laboratoriyasına müraciət edə bilər. Bu halda bal yenidən yoxlanılır.
Arıçılar təmiz balı saxta baldan vizual yolla da ayırd etməyin mümkün olduğunu söyləyirlər. Onların sözlərinə görə, təmiz bal qırılmır. Balı yoxlamaq üçün qaşıqla tutub süzərkən axıra qədər qaşıqdan süzülməlidir. Yaxud bala kağızı batırıraraq yandırırsan. Əgər bal qaralırsa, onda balın qarışığı var. Həmçinin təbii balı, saxta baldan fərqləndirmək üçün, bir qaşıq götürüb suyun içinə qoyun. Bal suda əriyərsə, təbii bal deyil. Bal suyun dibinə çökərsə, təbiidir.
Yarmarka nə vaxtadək davam edəcək?
Qeyd edək ki, arıçılıq məhsulları yarmarkası sentyabrın 29-na qədər davam edəcək. Yarmarka hər gün saat 09:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında ("Gənclik" metro stansiyasının yaxınlığı) fəaliyyətdə olacaq.
© Sputnik / Zulfiyya GuluyevaBakıda bal yarmarkası
Bakıda yarmarka - Sputnik Azərbaycan, 1920, 09.09.2024
Bakıda bal yarmarkası
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları isə bildirdilər arıçıların iştirakı ilə yarmarkada satışa çıxarılan məhsullardan nümunələr götürərək laboratoriya şəraitində yoxlayıb. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayıb.
Yarmarkaya qeydiyyat onlayn şəkildə bal.kendden.az saytı vasitəsi ilə həyata keçirilib. Yarmarkada arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılıb.
Yarmarkada iştirak üçün hər bir arıçıya iyulun 26-na qədər arıçılıq təsərrüfatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 40 arı ailəsinə malik olması tələbi qoyulub. Hər arıçı yarmarkaya maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0