Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İran Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından narahatdır - Analitik

© AP Photo / Jon Gambrellİran
İran - Sputnik Azərbaycan, 1920, 08.09.2024
Abunə olmaq
Maraqlısı həm də budur ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demraksiyası, kommunikasiyaların açılması ən çox İranı narahat edir.
BAKI, 8 sentyabr — Sputnik. Cənubi Qafqazın gələcəyi haqqında danışarkən bölgədə hər an alovlana biləcək hərbi münaqişə, ziddiyyətli iqtisadi maraqların toqquşması, qlobal güclərin bölgədəki maraqları kimi amillər nəzərə alınmalıdır. 44 günlük müharibədən sonra Azərbaycan siyasi rəhbərliyinin ən çox istifadə etdiyi ifadələrdən biri regionda "yeni reallıqlar"ın yaranması idi.
Münaqişənin hərbi meydanında Ermənistanın ağır məğlubiyyəti ilə başa çatması, rəsmi İrəvanın hərbi müstəvidə taleyini müəyyənləşdirmişdi. Sırada isə hərbi münaqişəni sonlandıran üçtərəfli bəyanatın icrası gəlirdi. Üçtərəfli bəyanatdakı yeni reallıqlardan biri kommunikasiyaların bərpasının qeyd olunması, Azərbaycanın Qərb rayonlarının Naxçıvan Muxtar Respublikası ilə sərbəst əlaqəsinin təmin olunmasının təsbit edilməsi idi. Ermənistan uzun müddətdir Rusiya ilə olan soyuq münasibətlərinə görə, bəyanatın 9-cu bəndini icra etməkdən yayınır. Rəsmi İrəvan tərəfindən bu müddəanın icrası üçün müxtəlif manipulyativ təkliflər ortaya atılır.
Ermənistan tərəfinin kommunikasiyaların təhlükəsizliyinə nəzarətin özəl şirkətlərin cəlb edilməsi açıqlaması bunlar arasında xüsusən diqqət çəkicidir.
Maraqlısı həm də budur ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demraksiyası, kommunikasiyaların açılması ən çox İranı narahat edir. Halbuki regionda sülh mühitinin mövcudluğunun gətirəcəyi iqtisadi dividentlər İranın da maraqlarına cavab verməli idi. Rəsmi Tehran artıq adətkar olduğumuz qırmızı xətlər təhdidini son günlər yenidən işə salıb. Yeni İran hökumətinin təzə XİN başçısı Abbas Araqçi bildirib ki, qonşularının ərazi bütövlüyünə hər hansı təhlükə və ya sərhədlərin dəyişdirilməsi tamamilə qəbuledilməzdir.
Bəs Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiya və demarkasiyası sərhədlərin dəyişdirilməsidirmi?
Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirir ki, İran tərəfindən verilən bəyanatlar Tehran rejiminin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından irəli gələn narahatlığıdır. Siyasi şərhçi xatırladıb ki, Ermənistan-Azərbaycan arasında sərhədlər müəyyənləşməmiş İran Qafanda konsulluq açdığını bəyan etmişdi:

"Heç bir ölkə o bölgədə hər hansı fəaliyyət icra etmədiyi halda, İran tələsik orada konsulluq açmağı zəruri bildi. İran elə zənn edirdi ki, Azərbaycan Qafanı işğal edəcək. Amma Azərbaycanla Ermənistan arasında delimitasiya ilə bağlı komissiyalar fəaliyyət göstərir və gedən proseslərdən aydındır ki, o ərazidə tərəflərin bir-birinə ərazi iddiası yoxdur. Buna görə də, İranın sərhəd dəyişməsi ilə bağlı düşüncəsi başqa bir niyyətini ört-basıdr etmək üçündür. Bu, Zəngəzur yoluna olan münasibətlə bağlıdır".

Sədrəddin Soltan qeyd edib ki, Rusiyanın bu məsələdə yanaşması Azərbaycan və Ermənistana bəllidir:
"Ötən günlərdə Rusiya XİN rəhbəri Sergey Lavrov bildirdi ki, Ermənistan hakimiyyəti danışıqlar prosesinə Qərbi, o cümlədən Paris və Vaşinqtonu cəlb etməyə çalışır, lakin ilk növbədə azərbaycanlı qonşuları ilə danışıqlar aparmaq lazımdır. Bunun ardınca Ermənistan bəyan etdi ki, həmin ərazini xarici özəl təhlükəsizlik şirkətləri mühafizə edəcək. İndi İran tərəfinə sual olunur ki, bölgədə hansı ölkənin mövcudluğu onun təhlükəsizliyinə təhdid formalaşdırır? İran qorxur ki, kommunikasiyaların açılamsından sonra o əraziyə nəzarət edən qüvvələr tərəfindən İranın fəaliyyətinin qarşısı alınacaq. Tehran rejimi həm də narahatdır ki, Cənubi Qafqazda gedən proseslərdən kənarda qalacaq".
Ekspert deyib ki, İranın Ermənistanın suverenliyi ilə bağlı "narahatlığına" Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan da münasibət bildirib:
"Səfəryan bildirdi ki, xarici özəl şirkətlərin mövcudluğu suverenliyi təhdid etmir. İran üçün Ermənistanın suverenliyi, qırmızı xətlər kimi anlayışlar sadəcə bəhanədir. İranın yeganə istəyi maraqlarının nəzərə alınmasıdır. Tehran rejimi Yaxın Şərqdəki proseslərdə əsas aktor olduğu kimi, bizim bölgəmizdəki proseslərdə də təşəbbüsü ələ almaq istəyir, proseslərdən kənar qalmağı həzm edə bilmir. İran oyundankənar qalması b ölkə üçün ağır zərbədir. İranın şimalında ölkələr iqtisadi əlaqələr qurulur, yeni layihələr icra olunmaq üçün planlar cızılır, amma İran bundan kənarda qalıb. Ona görə də ərazi bütövlüyünü, suverenliyi bəhanə edib, özünü vacib ölkə saymağa çalışır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0