CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bələdiyyələrdən sakinlərə cərimə mesajı gəlir-FOTO

© Official website of President of Azerbaijan RepublicXırdalan
Xırdalan - Sputnik Azərbaycan, 1920, 03.09.2024
Abunə olmaq
Bələdiyyələr bəzən çıxarışı olmayan mənzillərin sahiblərindən də əmlak vergisi tələb edir.
BAKI, 3 sentyabr — Sputnik. Xırdalanda bələdiyyə çıxarışı olmayan mənzillərə görə vətəndaşlara vergi borcu yazıb. Bu barədə Sputnik Azərbaycan-a sakinlər məlumat verib.
Sakin Seymur Baxşıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Xırdalan şəhər "Abşeron City" yaşayış kompleksində yerləşən çıxarışsız mənzilinə bələdiyyədən 233 manat 55 qəpik əmlak vergisi borcu barədə mesaj gəlib. Ona borcu ödəməyəcəyi təqdirdə 40 manat maliyyə sanksiyası tətbiq ediləcəyi bildirilir. Xırdalan sakini mənzilinin çıxarışı olmadığını desə də, ona yazılmış əmlak vergisi borcu silinməyib.
Sakin bildirir ki, "Abşeron City" yaşayış kompleksində yerləşən altı binadan indiyədək ikisindəki mənzillərə çıxarış verilib. Yerdə qalan binalarda yaşayan sakinlər Əmlak Məsələləri Dövlət Xidmətinə çıxarış almaq üçün müraciət etsələr də, onlara heç bir səbəb izah olunmayaraq çıxarış verilməyib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, “Abşeron City” Mənzil Tikinti Kooperativinə məxsus, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanında inşa edilən 485, 491, 497 və 499 saylı çoxmərtəbəli yaşayış binalarının istismarına icazə verilməsi barədə məlumatlar 30.09.2019-cü il tarixində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim edilmişdir. Hazırda həmin binalarda yerləşən 203 mənzil üzərində vətəndaşların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb və həmin mənzillərə dair çıxarış və texniki pasport sənədləri verilib. Vətəndaşlar tərəfindən qeyd olunan binalarda yerləşən mənzillərə dair hüquqmüəyyənedici sənədlər (Mənzil Tikinti Koopertivi üzvlərinin ümumi iclasının protokolundan çıxarış, maliyyə arayışı, mənzilin plan-cizgisi) təqdim ediləcəyi təqdirdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən təmin olunacaq.
Qurumdan o da bildirilib ki, əmlak vergisinin tələb olunması Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətlərinə daxil deyil.
© SputnikEkran şəkli
Ekran şəkli - Sputnik Azərbaycan, 1920, 02.09.2024
Ekran şəkli
Xırdalan bələdiyyəsindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, onlar sakinlərə MTK-dan verilən siyahı əsasında mesaj göndərib.
"MTK-dan verilmiş siyahı əsasında sakinlərə vergi borcu yazılıb. Hansı sakinin çıxarışının olub-olmadığı barədə Əmlak Məsələləri Dövlət Xidmətinə təkrar sorğu göndərilməyib. Belə halda sakinlər Əmlak Məsələləri Dövlət Xidmətindən mənzillərinin çıxarışının olmadığı barədə arayış alaraq bizə təqdim etməklə onlara yazılmış vergi borcunu sildirə bilərlər. Amma ümumilikdə,binalar istismara verilibsə , Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə sakinlər əmlak vergisi ödəməlidir", - Xırdalan Bələdiyyəsindən bildiriblər.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, vətəndaşın əmlak vergisi ödəməsi üçün mənzilinin çıxarışı olmalıdır. O, hətta bildirib ki, vətəndaş dövlətdən icarəyə torpaq götürdükdə də əmlak vergisi ödəməlidir.
"O ki, qaldı bələdiyyə vergisinə, bələdiyyə vergisi də mütləq ödənilməlidir. Əks halda iş məhkəməyə yönəldilir. Amma bunun üçün əmlakın çıxarışı olmaldır. Təəssüf ki, bələdiyyələr bəzən çıxarışı olmayan mənzillərin sahiblərindən də əmlak vergisi tələb edir", - Elnur Fərzəliyev söyləyib.
Ekspert deyir ki, əgər sakin maliyyə arayışı verib, tam ödəniş edib mənzil alıbsa, artıq həmin mənzil üzərində mülkiyyət hüququ yaranır. Həmçinin bir binada 100 mənzildən biri çıxarışalıbsa, digər mənzillər də əmlak vergisinə cəlb olunur.
Elnur Fərzəliyevin sözlərinə görə, əmlak vergisi ildə bir dəfə ödənilir.
Ekspertin sözlərinə görə, bəzi qəsəbələrdə sakinlərdən kupçasız fərdi evlərə görə də, əmlak vergisi tələb olunur:
"Belə ərazilərdə sakinlərin mülkiyyət hüququ formalaşmasa da, yaşamaq hüququ formalaşıb. Odur ki, sakinlər bələdiyyəyə vergi ödəyirlər".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0