QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Hamının gedəni gəldi, bəs mənim balam hanı? FOTO

© Photo : Courtesy of Ali GulievƏli Quliyev
Əli Quliyev  - Sputnik Azərbaycan, 1920, 30.08.2024
Abunə olmaq
Əli dayı deyir ki, Əsgərlə birgə itkin düşən üç dostdan birinin nəşi naməlum şəhid məzarlığından tapılıb.
Əzizim balabanı,
Asta çal balabanı.
Hamının gedəni gəldi,
Bəs mənim balam hanı?
Bu məşhur bayatı, sanki Qarabağ müharibəsində övladı itkin düşmüş valideynlərin dilindən deyilib. Qarabağ işğaldan tam azad olunsa da, 30 ildən çoxdur ki, doğması Qarabağda itkin düşənlər hələ də onların yolunu gözləyir.

"Düz 31 ildir ki, onun yolunu gözləyirik. Oğlumun itkin xəbərini alandan sonra gözlərimiz qapıdan yığılmadı. Hər qapı açılanda gələnin Əsgər olduğunu zənn edirdik. Hər yerə müraciət etsək də, indiyədək Əsgərin nə ölüsündən xəbər var, nə də dirisindən".

Bu sözləri Sputnik Azərbaycan-a müsahibəsində 31 ildir ki, itkin oğlu Əsgər Quliyevin yolunu gözləyən atası Əli Quliyev söyləyib.
Birinci Qarabağ müharibəsi dövründə minlərlə azərbaycanlı əsir, girov və itkin düşüb. Onların bəziləri sonradan düşmənlə aparılan danışıqlar nəticəsində geri qaytarılsa da, hələ də gözü yollarda qalan ailələr var.
Birinci Qarabağ müharibəsində itkin düşənlərin bir çoxundan rəsmi xəbər alınmadığına görə onlara "şəhid" statusu verilib. Amma bu status itkin ailələrinin gözünü yollardan yığmayıb.
"Məzarsız şəhid" poemasında deyildiyi kimi...
"Qara kağız" yazılmadı ağ kağıza,
Yollarını gözləyənlər ümidini itirmədi.
Qapısını "qara kağız" döymədiyi ünvanlarda
Ümidlərin qapıları üzlərinə örtülmədi.
Ağ kağıza yazılmayan acı-acı taleləri
qalaq-qalaq ürəklərə yeridənlər
Kül içində köz axtardı
Ömürləri bir şam kimi əridənlər.
Gözlərini bu yollardan çəkmədilər,
Ürəkləri sökülüncə, sərv boyları bükülüncə gözlədilər.
Yollardaca qara saçı ağ hördülər, gözlədilər.
Bir zərrənin işığına yürüdülər, gözlədilər.
Son ümidin yaxasından əllərini üzmədilər, gözlədilər.
© Photo : Courtesy of Ali GulievƏli Quliyev
Əli Quliyev  - Sputnik Azərbaycan, 1920, 30.08.2024
Əli Quliyev
Əli dayı Əsgəri gözlədiyi kimi... Ömrünün ixtiyar çağını yaşayan Əli Quliyev 31 il keçsə də, gözlərinin yollardan yığılmadığını söyləyir. Elə həyat yoldaşı Gülçöhrə xanımın da, oğul yolu gözləyə-gözləyə dünyadan köçdüyünü söyləyir.

"Söz vaxtına çəkər deyiblər. Quliyev Əsgər Əli oğlu I Qarabağ Müharibəsində 1993 cü il avqustun 30-da Qubadlının işğal günü itkin düşüb. Əsgər ailəmizin ikinci övladı idi. Çox mərd, zirək oğlan idi. Əsgərlik vaxtı çatdı, hamı kimi o da getdi Vətən qarşısında borcunu yerinə yetirməyə. Düşmənin Qubadlıya işğal etdiyi vaxt Əsgər postda olub. Müharibə şəraitində əsgər üç dostu ilə birgə itkin düşüb", - deyə Əli Quliyev söyləyir.

Yaşasaydı 50 yaşı olacaqdı Əsgərin. Əsgər 1974-cü il, yanvarın ayının 20-də Ermənistanın Yexeqnadzor rayonunda, azərbaycanlıların tarixi torpağı olan Dərələyəz mahalının Qaraqaya kəndində dünyaya göz açıb. Uşaqlığını babasının yanında keçirən Əsgər azərbaycanlıların Ermənistandan deportasiyası nəticəsində ata-baba yurdundan məcburi qaçqın düşərək Şəkinin Daşbulaq kəndinə pənah gətirib. Burada orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə yollanıb. Qubadlı rayonunda hərbi xidmətdə olub. Əsgər Quliyevə şəhid statusu verilib.
Əli dayı deyir ki, Əsgərlə birgə itkin düşən üç dostdan birinin nəşi naməlum şəhid məzarlığından tapılıb:
"Bizdən də analizlər götürüblər. Oğlumun sağ tapılmağını çox istərdim. Amma buna ümidim azdır. Övlad itkisi çox ağırdır. Övlad acısı yaşayan valideynlər öz balasının məzarını ziyarət etməklə qismən də olsa təsəlli tapır. Mənim oğlumun isə bir məzarı da yoxdur ki, ziyarət edəm. Bu sözlə ifadə edilməyəcək qədər böyük acıdır. Amma acımızı ovunduracaq bir məqam var ki, o da torpaqlarımızın işğaldan azad olunmasıdır", - deyir Əli dayı.
"Torpaqlarımız işğaldan azad ediləndən oğlumun heç olmasa nəşinin tapılacağına böyük ümidim var. Heç olmasa gözlərimiz yollardan yığılardı", - deyə dərindən köks ötürür müsahibimiz...
Qeyd edək ki, bu gün Beynəlxalq İtkinlər Günüdür. Hər il avqustun 30-u dünyada baş verən silahlı münaqişələr, zorakılıq halları, miqrasiya və təbii fəlakətlər nəticəsində itkin düşmüş yüz minlərlə insanı yad etmək, onların ailələrinə dəstək olmaq məqsədilə əlamətdar gün kimi qeyd olunur. Azərbaycan itkin düşmüş vətəndaşlar və onların ailə üzvləri ilə bağlı beynəlxalq hüquq və milli qanunvericiliyin tələblərinə uyğun olaraq bütün müvafiq tədbirləri həyata keçirir.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 min 968 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıbr. Onlardan 3 min 962 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə Vətən müharibəsində itkin düşüb.
3 min 968 nəfərdən 3 min 202 nəfəri hərbçi, 766 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 69 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 283 nəfəri qadın, 334 nəfəri ahıl yaşlı şəxsdir.
Ermənistan bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumat verməkdən müxtəlif bəhanələrlə boyun qaçırır. Bu sahədə ən ciddi və təkzibedilməz fakt isə 1998 və 2001-ci illərdə BQXK-nin Dövlət Komissiyasına təqdim etdiyi məktublarda adları qeyd edilən 54 azərbaycanlı ilə bağlıdır. Həmin materiallara əsasən, intensiv hərbi əməliyyatların gedişində Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürülərək Ermənistanda və bu ölkə tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının Qarabağ ərazisindəki saxlanma yerlərində saxlanılan 54 Azərbaycan vətəndaşına BQXK nümayəndələri baş çəkərək onları rəsmi qeydiyyata alıblar. Lakin sonradan həmin 54 nəfərdən 17 nəfərinin meyiti qaytarılıb, 4 nəfərin sonrakı taleyi barədə məlumat verilməyib, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri təhvil verilməyibdir.
Hazırkı dövrədək erməni işğalından azad olunmuş ərazilərdə aparılmış qazıntılar zamanı 18 kütləvi məzarlıq aşkarlanıb və həmin məzarlıqlardan 169 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunaraq istintaq orqanlarının nümayəndələrinin iştirakı ilə ekshumasiya edilibdir. Həmin meyit qalıqlarının eyniləşdirilməsi prosesində onlardan 59 nəfərinin Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olduğu müəyyənləşdirilibdir. Bununla yanaşı, Ermənistanın işğalından azad edilmiş ərazilərdə aparılmış genişmiqyaslı tikinti-quruculuq işləri və həyata keçirilmiş digər təxirəsalınmaz tədbirlər nəticəsinə 259 şəxsə aid meyit qalıqları aşkar olunaraq ekshumasiya edilibdir. Bu istiqamət üzrə 16 nəfər itkin-şəhidin şəxsiyyəti eyniləşdirilibdir. Eyni zamanda, Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş və respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqdakı naməlum şəhid məzarlarından 185 nəfərə aid meyit qalığı ekshumasiya edilibr. Naməlum məzarlıqlar üzrə 74 itkin-şəhidin şəxsiyyəti eyniləşdirilib. Bu günədək ümumilikdə 613 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülübdür. Meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 149 nəfərin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanıbdır.
Bundan başqa, aidiyyəti dövlət qurumları tərəfindən aparılmış axtarışlar nəticəsində cari ilin iyul ayının 3-də Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində tapılmış meyit qalıqlarının ekspertizası nəticəsində onların 3 mart 2022-ci ildə hava şəraitinin qəfil dəyişməsi səbəbindən istiqaməti itirərək itkin düşmüş Azərbaycan Ordusunun iki əsgərinə aid olduğu müəyyən edilmişdir. Bununla da meyit qalıqları eyniləşdirilmiş itkin şəxslərin sayı 151 olmuşdur.
Qazıntılar zamanı aşkarlanmış meyit qalıqlarının ilkin tədqiqi zamanı insanların dini ayinlərə riayət olunmadan, xaotik halda basdırılması, sümüklərin üzərində küt, iti və kəsici alətlərlə yetirilmiş xəsarətlər, güllə izləri, əsgər çəkmələri və digər artefaktların aşkarlanması, o cümlədən antropoloji müayinələr bu şəxslərin Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlılara aid olduğunu deməyə əsas verir. Hazırda aşkar edilmiş digər meyit qalıqlarının eyniləşdirilməsi istiqamətində Dövlət Komissiyası tərəfindən zəruri işlər davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Kütləvi məzarlıq, arxiv - Sputnik Azərbaycan, 1920, 30.08.2024
QARABAĞ
Bu günədək azad olunan ərazilərdə 18 kütləvi məzarlıq aşkarlanıb
Xəbər lenti
0