SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Nazirlər görüşdü: Ermənistan bizə qarşı ərazi iddialarını qanunlarından çıxarmalıdır

© Photo : MFA AzerbaijanCeyhun Bayramov və Hakan Fidan
Ceyhun Bayramov və Hakan Fidan - Sputnik Azərbaycan, 1920, 27.08.2024
Abunə olmaq
Azərbaycan və Türkiyə liderlərinin ideya müəllifləri olduğu Türkiyə-Azərbaycan Universitetinə bu il tələbə qəbulunun həyata keçirilməsi, yüksək balla tələbələrin qəbulu məmnunluqla qeyd edilib.
BAKI, 27 avqust — Sputnik. İkitərəfli və çoxtərəfli Azərbaycan-Türkiyə müttəfiqlik əlaqələri regional təhlükəsizlik və rifah üçün mühüm mərhələdir.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qardaş Türkiyəyə işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri ilə səmərəli müzakirədən məmnunluğunu ifadə edib. “Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu əbədi və dönməzdir” - C.Bayramov qeyd edib.
Ermənistanın silahlandırılması bölgə üçün əlavə təhdid mənbəyidir
Ermənistanın silahlandırılması bölgə üçün əlavə təhdid mənbəyidir.
Türkiyədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov həmkarı Hakan Fidanla keçirilən birgə mətbuat konfransı zamanı belə deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfinin Ermənistana təqdim etdiyi sülh sazişi layihəsindən sonra danışıqlar prosesində müsbət dinamikalar müşahidə olunsa da, Ermənistanın konstitusiyasında və bir çox normativ hüquqi aktlarda Azərbaycana qarşı ərazi iddiaları qüvvədə qalır: "Qarabağ zəfəri Cənubi Qafqazda yeni reallıqlar və imkanlar yaratdı. Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, bölgədə davamlı və dayanıqlı sülhün təmin edilməsi üçün tarixi imkanlar mövcuddur. Məhz bundan irəli gələrək Azərbaycan tərəfi Ermənistana sülh sazişi layihəsini təqdim etdi. Sülh sazişinin beş baza prinsipi Azərbaycan tərəfindən irəli sürülsə də, amma bu da sirr deyil ki, Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları mövcuddur”.
C.Bayramov həmçinin deyib ki, son zamanlar Ermənistan silahlanır və onu buna sürükləyən üçüncü ölkələr var: "Müşahidə olunan bu tendensiya narahatlıq doğurur. Bu yanlış siyasət bölgə üçün əlavə təhdid mənbəyi hesab oluna bilər. Əlbəttə, Azərbaycan prosesləri izləyir və bu da Türkiyə ilə koordinasiyalı şəkildə həyata keçirilir”.
"Türkiyə və Azərbaycan bundan sonra da yaxşı və pis günlərdə bir yerdə olacaq"
Türkiyə və Azərbaycan bundan sonra da yaxşı və pis günlərdə bir yerdə olacaq.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransı zamanı bildirib.
"Türkiyə və Azərbaycan hər zaman "Bir millət, iki dövlət" anlayışı ilə hərəkət edib. Bundan sonra yaxşı gündə də, pis gündə də bir yerdə olacaqlar", - nazir deyib.
H.Fidan qarşıdakı dövrdə də iki ölkənin dostluğu və qardaşlığı naminə yaxından işləməyə davam edəcəklərinə inandığını söyləyib.
***
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Hakan Fidanla görüşü zamanı tərəflər iki ölkə arasında mövcud müttəfiqlik münasibətlərinin siyasi, təhlükəsizlik, müdafiə, iqtisadi-ticari, enerji, nəqliyyat-kommunikasiya, humanitar və s. aspektlərini, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Xarici İşlər Nazirliyindən bildirilib ki, Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluq əlaqələrinə əsaslanan strateji müttəfiqliyin inkişafında iki ölkə liderlərinin arasında mövcud siyasi dialoqun, qarşılıqlı səfər və təmasların əhəmiyyəti vurğulanıb.
Müttəfiqliyimizi təsbit edən tarixi Şuşa Bəyannaməsinin artıq bir sıra sahələrdə əməkdaşlıq perspektivlərinin inkişafında praktiki nəticələr verdiyi məmnunluqla qeyd olunub.
Azərbaycan və Türkiyə liderlərinin ideya müəllifləri olduğu Türkiyə-Azərbaycan Universitetinə bu il tələbə qəbulunun həyata keçirilməsi, yüksək balla tələbələrin qəbulu məmnunluqla qeyd edilib. Universitetə böyük maraq təqdir olunub, təhsil sahəsində əməkdaşlığa əlavə stimul yaradacağı vurğulanıb.
İkitərəfli əməkdaşlığımızın BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və s. kimi regional və beynəlxalq təşkilatlarla yanaşı, bir sıra digər çoxtərəfli formatlar çərçivəsində davam etdirildiyi diqqətə çatdırılıb. Ölkəmizin, xüsusilə, ailəmiz hesab etdiyimiz Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əməkdaşlığın inkişafını diqqət mərkəzində saxladığı qeyd olunub. Bununla yanaşı, üçtərəfli və dördtərəfli formatlarda əməkdaşlığın regional sabitlik və təhlükəsizliyə ciddi töhfələr verdiyi bildirilib.
C.Bayramov, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik fəaliyyətimizdən ətraflı bəhs edib.
Qarşı tərəf, o cümlədən postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, regional sülh və normallaşma gündəliyinə təhdidlər barədə məlumatdırılıb. Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın, eləcə də qardaş Türkiyənin ərazi bütövlüyünə davam edən iddiaların, habelə Ermənistanın kütləvi hərbiləşmə siyasətinin sülh prosesinə əsas hədələr olduğu diqqətə çatdırılıb.
44 günlük Vətən müharibəsində Türkiyə tərəfindən Azərbaycana göstərilmiş siyasi və mənəvi dəstəklə yanaşı, Qarabağ bölgəsində davam etdirilən yenidənqurma və bərpa işlərində aktiv iştirakın yüksək qiymətləndirildiyi qeyd olunub.
Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.
***
Ceyhun Bayramov qardaş ölkədə Hakan Fidanla görüşdü
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla görüşüb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edək ki, C.Bayramov Ankarada işgüzar səfərdədir. Ötən gün Türkiyə XİN Azərbaycan XİN rəhbərinin işgüzar səfərlə Ankaraya gələcəyini açıqlamışdı.
Xatırladaq ki, görüşdən öncə nazirlərin ikitərəfli münasibətləri və regional məsələləri, Azərbaycan və Ermənistan arasında sülh prosesini, həmçinin Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasını müzakirə edəcəyi açıqlanmışdı.
26.08.24, 14:50
Ceyhun Bayramov Türkiyəyə gedəcək
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edəcək.
Bu barədə Türkiyə XİN məlumat yayıb.
Türkiyə XİN-in məlumatına görə, səfər sabah baş tutacaq. Səfər müddətində cari regional və beynəlxalq hadisələr, o cümlədən ikitərəfli münasibətlər barədə fikir mübadiləsi aparılacaq.
Xatırladaq ki, daha əvvəl Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri vəzifəsinə yeni təyin olunmuş Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
Nazir Ceyhun Bayramov ilk növbədə həmkarını İran İslam Respublikasının xarici işlər naziri vəzifəsinə təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində müvəffəqiyyətlər arzu edib, həmçinin nazir Seyid Abbas Əraqçini ölkəmizə səfərə dəvət edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0