Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Dünya yeni pandemiyaya hazırlaşır: "meymunçiçəyi" Afrikadan kənara çıxıb

© AP Photo / CDC Meymunçiçəyi
Meymunçiçəyi - Sputnik Azərbaycan, 1920, 16.08.2024
Abunə olmaq
Bu gün Pakistanda "mpox" virusuna ilk yoluxma faktı təsdiqlənib - xəstə avqustun əvvəlində BƏƏ-dən ölkəyə qayıdıb.
BAKI, 16 avqust — Sputnik. Son üç ildə bir sıra ölkələrdə vaxtaşırı alovlanan "meymunçiçəyi" xəstəliyi bu gün dünya üçün artan təhlükə yaradır. Belə ki, son günlər daha çox ölkədə bu il Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən müəyyən edilmiş "meymunçiçəyi" ("mpox") xəstəliyinin yeni ştammı ilə yoluxma hallarının artdığı bildirilir. Üstəlik, xəstəlik təkcə daha çox yayıldığı Afrika ölkələrində deyil, Afrika qitəsindən kənarda da sürətlə yayılır.
Belə ki, bu gün Pakistanda "mpox" virusuna ilk yoluxma faktı təsdiqlənib. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, xəstə avqustun 3-də BƏƏ-dən ölkəyə qayıdıb.
Bundan əlavə, Avstraliyada da yoluxanların sayında kəskin artım olduğu bildirilir. Avstraliyanın ən böyük ştatı olan Yeni Cənubi Uelsin Səhiyyə Departamenti, təkcə son iki ay ərzində bölgədə 90-dan çox yeni yoluxma hadisəsinin qeydə alındığını bildirib.
Xəstəlik Avropada sürətlə yayılır – "meymunçiçəyi"nin yeni ştamına ilk yoluxma halı ötən gün İsveçdə aşkarlanıb.
İnsanlar üçün ən az təhlükəli olan xəstəliyin köhnə versiyası isə artıq iki ildir ki, Avropa ölkələrində tüğyan edir. İspaniyanın Səhiyyə Nazirliyi bildirib ki, "meymunçiçəyi" virusunun yayıldığı 2022-ci ildən bəri krallıqda 8104 yoluxma hadisəsi qeydə alınıb ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir. "Meymunçiçəyi" xəstəliyinə yoluxma sayına görə İspaniyandan sonrakı yerləri Fransa (4272) və Böyük Britaniya (3866) tutur.
Eyni zamanda, Böyük Britaniyanın Səhiyyə Xidmətləri Agentliyi (UKHSA) dünən elan edib ki, Böyük Britaniya səlahiyyətliləri ölkədə "meymunçiçəyi" xəstəliyinin yeni bir növünün mümkün yaranması və yayılmasına hazırlaşırlar. Bu cür hazırlıqlara sürətli testlərin təqdim edilməsi, yoluxmuş insanların təhlükəsiz müalicəsi üçün protokolların hazırlanması və infeksiyanın yayılmasının qarşısının alınması daxildir.
MDB ölkələrində də tədbirlər görülür
Postsovet məkanında infeksiyanın mümkün yayılmasına hazırlıq üçün tədbirlər də gücləndirilib. Belə ki, Belarus Səhiyyə Nazirliyi bu gün bildirib ki, ölkədə "meymunçiçəyi"nə yoluxma halı qeydə alınmayıb, lakin respublika bu infeksiyanın daxil olması və yayılması halında lazımi tədbirlər görməyə hazırdır.
Öz növbəsində, "Rospotrebnadzor" bir gün əvvəl bildirib ki, Rusiyada "meymunçiçəyi" xəstəliyinin yayılması təhlükəsi yoxdur və virusa ən qısa müddətdə diaqnoz qoymağa imkan verən kifayət qədər test sistemləri mövcuddur.
Qazaxıstan Səhiyyə Nazirliyinin Sanitar-Epidemioloji Nəzarət Komitəsi də məlumat verib ki, bu günə kimi ölkədə "meymunçiçəyi"nə yoluxmaq kimi şübhəli bircə hal da qeydə alınmayıb. Komitədən verilən məlumata görə, bu infeksiyanın ölkəyə gətirilməsinin qarşısının alınması üçün respublika ərazisində bütün zəruri qabaqlayıcı tədbirlər görülüb.
Peyvəndlər hazırlanır
Keçən yay, ən çox "mpox" hadisəsi qeydə alınan Konqo Demokratik Respublikasının hökuməti son bir neçə ildə hazırlanmış və ÜST-ün icazə verdiyi iki yeni peyvəndin istifadəsini təsdiqləyib. Qeyd edək ki, 2024-cü ilin əvvəlindən Konqo Demokratik Respublikasında 15 664 "mpox" hadisəsi və 548 ölüm halı qeydə alınıb.
Eyni zamanda, "Rospotrebnadzor" bu gün "Vektor" mərkəzində "meymun çiçəyi" xəstəliyinin qarşısının alınması üçün peyvəndin olduğunu və agentliyin bu xəstəliyin törədicisi olan ortopoksvirusların qarşısının alınması, müalicəsi və diaqnostikası sahəsində elmi iş apardığını açıqlayıb.
Bu gün o da məlum olub ki, Danimarkanın "Bavariya Nordic" şirkəti 12-17 yaşlı yeniyetmələr üçün "meymunçiçəyi" və "mpox" əleyhinə olan "IMVANEX" vaksinindən istifadənin təsdiqindən ötrü Avropa Dərman Agentliyinə (EMA) klinik məlumatları təqdim edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0