Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda elektron əmək müqavilələri gəlir - Daha kağız üzərində müqavilə bağlanmayacaq

© iStock.com / andrei_rsənəd
sənəd - Sputnik Azərbaycan, 1920, 16.08.2024
Abunə olmaq
Əmək müqaviləsi elektron sənəd formasında bağlanacaq və əmək müqaviləsi bildirişi ləğv olunacaq. İndiyədək əmək müqavilələri bir qayda olaraq kağız formasında bağlanılırdı.
BAKI, 16 avqust — Sputnik. Azərbaycanda əmək müqavilələri bundan sonra elektron şəkildə bağlanacaq. Başqa sözlə, əmək müqaviləsi elektron sənəd formasında bağlanacaq və əmək müqaviləsi bildirişi ləğv ediləcək. Dövlət başçısı bununla bağlı Fərman imzalayıb.
Qeyd edək ki, əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi - əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə daxil edilən elektron sənəddir. Həmin bildiriş qeydiyyata alındıqdan sonra bu barədə sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bundan sonra həmin əmək müqaviləsi hüquqi qüvvəyə minir.
"Kağız daşıyıcılardan elektron sistemə keçid edilir"
Məsələ ilə bağlı VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, Azərbaycan Prezidenti Əmək Məcəlləsinə dəyişiklikləri təsdiq edib: "Yeni Fərmanla Azərbaycanda əmək müqaviləsinin bağlanması qaydası dəyişir, kağız daşıyıcılardan elektron sistemə keçid edilir. Əmək müqaviləsi elektron sənəd formasında bağlanacaq və əmək müqaviləsi bildirişi ləğv olunacaq. Bununla da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçaları işəgötürənlər tərəfindən işçilərə təhvil veriləcək. Bundan əvvəl bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi isə müvafiq qurumun müəyyən etdiyi mərhələlərə uyğun olaraq həyata keçiriləcək".
© Photo : Social media page of Vügar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan, 1920, 16.08.2024
Vüqar Bayramov
O bildirib ki, yeni dəyişikliklər rəqəmsal xidmətlərin genişləndirilməsinin hüquqi əsaslarını müəyyən edən normativ hüquqi aktların təkmilləşdirilməsinə xidmət edəcək: "Bu dəyişikliklər işçi qüvvəsi ilə bağlı dəqiq göstəricilər əsasında təhlillərin aparılmasına imkan yaradacaq. Vahid platforma üzərindən rəqəmsal idarəetmənin tətbiqi məlumat mübadiləsini asanlaşdırmaqla, bu sahədə süründürməçilik, saxtakarlıq, korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına gətirib çıxaracaq".
"Həm işəgötürən, həm də işçi elektron imza vasitəsilə əmək müqaviləsini imzalayacaq"
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva bildirib ki, dəyişikliyə əsasən, tərəflər əmək müqaviləsini elektron şəkildə imzalayacaq: "Yəni həm işəgötürən, həm də işçi elektron imza vasitəsilə əmək müqaviləsini imzalayacaq. Bunun üçün müxtəlif üsullar - "E-imza", "ASAN imza", "SİMA imza" var. Tərəflər bu imza növlərindən istifadə edərək əmək müqavilələrini elektron sənəd formasında imzalayacaqlar. Tərəflərdən sonuncunun imzaladığı vaxtdan, tarixdən əmək müqaviləsi bağanılmış hesab olunacaq və hüquqi qüvvəyə minəcək. Eyni prosedur əmək müqavilələrinə dəyişiklik edilməsində və ya xitam verilməsində də tətbiq ediləcək. Məsələn, əməkhaqqına, vəzifəyə və digər hər hansı bir şərtlərə dəyişiklik edilsə, bu da eyni qaydada həyata keçiriləcək".

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini qeyd edib ki, indiyədək əmək müqavilələri bir qayda olaraq kağız formasında bağlanılırdı.

"Yəni işçi ilə işəgötürən arasında əmək müqaviləsi 2 nüsxədən az olmayaraq tərtib olunmaqla yazılı formada bağlanılırdı. Sonra isə işəgötürən əmək müqaviləsi bildirişlərini müvafiq elektron informasiya sisteminə daxil edirdi və bu bildirişlər elektron informasiya sistemində qeydiyyata alındıqdan sonra hüquqi qüvvəyə minirdi. İndi isə sonuncu tərəf əmək müqaviləsini elektron şəkildə imzaladıqda həmin müqavilə bağlanmış hesab olunacaq və hüquqi qüvvəyə minəcək", - Mirzəyeva deyib.
Əmək və məşğulluq sahələrində rəqəmsal xidmətlər genişlənir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki, Prezident İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktları əmək münasibətləri və məşğulluq sahələrində rəqəmsal xidmətlərin genişləndirilməsi məqsədilə normativ-hüquqi bazanın təkmilləşdirilməsinə xidmət edir:

"Son illər sosial sahədə aparılan ardıcıl və genişmiqyaslı islahatlarla dövlət sosial xidmətlərinin rəqəmsal infrastrukturu da qurularaq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 159 xidmətindən 145-i və ya 90 faizindən çoxu elektronlaşdırılıb. 50-dən çox proaktiv xidmət, ölkənin sosial reyestri olan e-sosial portalı, əmək münasibətləri və məşğulluq üzrə vahid rəqəmsal platforma olan "Əmək və Məşğulluq" altsistemi yaradılıb".

Qeyd edilib ki, imzalanan yeni sənədlər bu istiqamətdə islahatların davam etməsinə və növbəti mühüm irəliləyişlərə əsas yaradır. Qanunvericiliyə edilmiş yeni dəyişikliklərlə:
-əmək müqaviləsinin işçi və işəgötürən arasında e-imza vasitəsilə elektron sənəd formasında bağlanılması, bu müqavilənin dəyişdirilməsinin, ona xitam verilməsinin e-qaydada icra olunması,
-əmək müqaviləsinin kollektiv qaydada bağlanmasının ləğvi,
-məşğulluq sahəsində və əməyin sosial-hüquqi məsələlərinə e-nəzarətin, e-auditin təşkili və s. yeniliklər nəzərdə tutulur.
Xatırladaq ki, Dövlət Vergi Xidmətinin məlumatına görə, Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 439564 vahid artıb və 2024-cü ilin avqust ayının 1-nə 1841479 olub.
Xəbər lenti
0