Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanda internetin qiymətinin süni artımı ilə bağlı araşdırma başlandı

© iStock.com / SitthiphongОплата с помощью кредитной карты
Оплата с помощью кредитной карты - Sputnik Azərbaycan, 1920, 14.08.2024
Abunə olmaq
Daha aşağı internet sürəti seçmək istəyən müştərilərin seçim imkanlarının məhdudlaşdırılacağı və onlara alıcılıq qabiliyyəti nəzərə alınmadan yüksək sürətli internet paketlərinin yüksək qiymətə təqdim ediləcəyi müəyyənləşib.
BAKI, 14 avqust — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti genişzolaqlı internet xidmətləri bazarında Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlayıb.
Dövlət Xidmətinin yaydığı məlumata görə, son dövrlərdə kütləvi informasiya vasitələrində, bəzi internet provayderlərinin rəsmi internet səhifələrində, habelə sosial şəbəkələrdə genişzolaqlı internet xidmətləri bazarında fəaliyyət göstərən təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən internet xidmətlərinin minimum tariflərinin yüksəldilməsinə dair xəbərlər yer alır. Məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də çoxsaylı vətəndaş müraciətləri daxil olur.
Belə ki, internet provayderləri tərəfindən nəzərdə tutulan dəyişikliklərdən sonra sürəti 40 mbit/s və aylıq xidmət haqqı 18 manat olan cari minimum tarifli fiber optik internet xidmətlərinin 100 mbit/s-lik sürət və aylıq xidmət haqqı 25 manat olan tariflə əvəzlənəcəyi məlum olub. Nəticə etibarilə, müştərilər (o cümlədən istehlakçı) üçün formalaşan minimum fiber optik internet xidməti tarifinin dəyəri kəskin yüksəlmiş olacaq. Bundan əlavə, daha aşağı internet sürəti (100 mbit/s-dən aşağı) seçmək istəyən müştərilərin seçim imkanlarının məhdudlaşdırılacağı və onların alıcılıq qabiliyyəti nəzərə alınmadan yüksək sürətli internet paketlərinin yüksək qiymətə təqdim ediləcəyi müəyyən edilib.
Kütləvi informasiya vasitələrində yer alan məlumatların və Dövlət Xidmətinə daxil olan çoxsaylı vətəndaş müraciətlərinin ilkin təhlili nəticəsində internet xidmətlərinin yeni tariflərinin müvafiq bazarın əsas iştirakçıları olan təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən kollektiv əsaslarla müəyyən edildiyi, eyni xidmətlərə (eyni sürət və paketlərə) görə eyni qiymətlərin təyin edildiyi və bu prosesin ölkədə fəaliyyət göstərən internet provayderləri tərəfindən əlaqəli bir şəkildə, uyğunlaşdırılmış hərəkətlər və ya kartel tipli münasibətlərlə həyata keçiriləcəyinin ilkin əlamətləri müşahidə olunur.
Məlumat üçün bildiririk ki, hazırda təsərrüfat subyektlərinin fəaliyyətinin əsasları cari ilin 1 iyul tarixindən qüvvəyə minən Rəqabət Məcəlləsi ilə tənzimlənir. Məcəllənin tələblərinə əsasən, rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən üfüqi (kartel sövdələşmələri) və şaquli sazişlər, o cümlədən uyğunlaşdırılmış hərəkətlər qadağandır və bağlanıldığı andan əhəmiyyətsizdir. Bundan əlavə, rəqabəti məhdudlaşdırmaq məqsədilə təsərrüfat subyektlərinin təkbaşına və ya birgə hökmran mövqedən sui-istifadə hərəkətləri də Məcəllə ilə qadağan olunur.
Genişzolaqlı internet xidmətləri bazarının sosial, iqtisadi və strateji əhəmiyyətini nəzərə alaraq, Dövlət Xidməti tərəfindən müvafiq bazarda uyğunlaşdırılmış hərəkətlərin, üfüqi və şaquli sazişlərin, kartel tipli bazar münasibətlərinin təsbit edilməsi, aşağı və yüksək inhisar qiymətlərinin tətbiqinin müəyyənləşdirilməsi və müştərilərin seçim imkanlarını məhdudlaşdırmaqla hökmran mövqe vəziyyətindən sui-istifadə hərəkətlərinin qarşısının alınması məqsədilə müvafiq bazarda Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb.
Məsələ ilə əlaqədar olaraq Dövlət Xidməti tərəfindən bazar iştirakçılarına sorğu məktubları ünvanlanıb, bir sıra görüşlər keçirilib və onlardan müvafiq məlumatlar istənilib. Araşdırmaların nəticələrinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək.
Azərbaycanda internet bahalaşacaq - Rəsmi açıqlama
Xatırladaq ki, "Aztelekom" MMC-dən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC vətəndaşların həyat keyfiyyətinin artırılmasına öz töhfəsini vermək üçün ölkədə rəqəmsal imkanlara çıxışı təmin edən genişzolaqlı həllər təqdim etməyi hədəfləyir və bunun üçün əhəmiyyətli infrastruktur təkmilləşdirmələri həyata keçirir. Belə ki, abunəçilərin genişzolaqlı internetə artan tələbatını nəzərə alaraq tarif paketlərində sürət 2.5 dəfə artırılacaq.
"Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endiriləcək: "Tariflərlə bağlı ətraflı məlumatı "Aztelekom" üçün Fərdi müştərilər və Biznes müştəriləri linklərinə, "Baktelecom" üçün isə Fərdi müştərilər və Biznes müştəriləri linklərinə klikləməklə əldə edə bilərsiniz", deyə sorğuya cavabda bildirilib.
Qeyd edilib ki, aparılan infrastruktur təkmilləşdirmələrinin məqsədi vətəndaşların yüksəksürətli internetə artan tələbatının qarşılanması və daha yüksəkkeyfiyyətli internet xidmətlərindən faydalanmasıdır:
"Qiymət siyasətimiz müştərilərimizə daha yüksək sürət və Mbit həcminə görə mümkün optimal qiymət təklif etmək şərti ilə bazar tələblərinə uyğun formalaşdırılır. Şirkətimiz davamlı olaraq bazar konyukturasını resurslarımızın səmərəli istifadə olunması, ümumi iqtisadi vəziyyət və şirkətin maliyyə dayanıqlılığı, habelə xidmət keyfiyyətinin mütəmadi artırılması kontekstində dəyərləndirir. Xidmət şərtlərimiz və qiymət təkliflərimiz barədə məlumatlar "İnformasiya əldə etmək haqqında" qanunun tələblərinə müvafiq olaraq 30 gün əvvəldən şirkətin rəsmi veb-saytında dərc edilib".
Qeyd edək ki, şirkətin saytında qeyd olunub ki, GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artıracaq. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endiriləcək. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif ediləcək. Qeyd edilən qiymət dəyişikliklər xüsusi güzəşt tariflərini, o cümlədən şəhid ailələri və müharibə əlilləri üçün güzəştli "Təşəkkür" tarif paketlərini əhatə etməyəcək.
Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz hamı üçün minimal sürətin 100 Mbit/s etməyin doğru olmadığı qənaətindədir. Ekspert bildirir ki, sürəti qaldırmağı əsas gətirməklə qiyməti də bahalaşdırmaq düzgün siyasət deyil. Bu rayon və kənd yerlərində insanların internetə əlçatanlığını aşağı sala bilər.
"Kənd yerlərində yaşayan sadə vətəndaşın 100 Mbit/s internetə ehtiyacı yoxdur. Onlar üçün aşağı sürət də qaneedicidir. Ammma dövlət provayderləri onları da sahibkarlarla bir tutaraq internet tariflərini bahalaşdırır. Görünür, provayderlər, o cümlədən dövlət provayderləri də bir anda varlanmaq xətti götürüblər. Bunun başqa izahı yoxdur", Osman Gündüz bildirib.
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda internet qiymətlərinin artmasının səbəbi ölkəyə daxil olan internet xidmətinin bir mərkəzdən idarə olunması və bütün provayderlərə bir mərkəzdən paylanmasıdır.
"İnternetin qiymət artımını əsaslandıracaq ciddi səbəb yoxdur. Ölkəmizdə provayderlərin sayı çox olsa da, hamısı bir mərkəzdən interneti aldıqlarından bu sferada rəqabət mühiti yaranmır. İlk mənbədə qiymət artan kimi provayderlər də qiyməti artırır. Ona görə də bazara nəzarət edən dövlət şirkətinin qiymətini əsassız artırmasının inhisar meyilləri araşdırılmalıdır", Natiq Cəfərli bildirib.
Xəbər lenti
0