Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bakıda Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın iclası keçirilib

© Photo : Republic Of Azerbaijan Cabinet Of MinistersBakıda Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilib
Bakıda Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilib - Sputnik Azərbaycan, 1920, 09.08.2024
Abunə olmaq
Neft-qaz sektoru ikitərəfli əməkdaşlığın mühüm sahələrindən biri kimi səciyyələndirilib.
BAKI, 9 avqust — Sputnik. Avqustun 9-da Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 22-ci iclası keçirilib.
Azərbaycan Respublikası Baş nazirinin müavini, komissiyanın Azərbaycan hissəsinin sədri Şahin Mustafayev və Rusiya Federasiyası Hökuməti sədrinin müavini, komissiyanın Rusiya hissəsinin sədri Aleksey Overçukun sədrliyi ilə keçirilən iclas iki ölkənin müvafiq dövlət qurumlarının rəhbərləri və səlahiyyətli nümayəndələri də iştirak ediblər.
Görüşdə çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Azərbaycan-Rusiya münasibətlərinin hərtərəfli inkişafından məmnunluq ifadə olunub.
Qeyd olunub ki, Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi və etimadlı münasibətləri sayəsində bu gün dövlətlərarası əlaqələr strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda getdikcə möhkəmlənir.
Həmçinin vurğulanıb ki, çoxşaxəli strateji tərəfdaşlıq 260-dan çox imzalanmış sənədi özündə əks etdirən möhkəm hüquqi baza ilə təmin olunub.
2022-ci il fevralın 22-də imzalanmış Müttəfiqlərin Əməkdaşlıq Bəyannaməsi xüsusi yer tutur.
Rusiya Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşıdır, qeyri-neft ixracına görə isə birincidir. Bildirilib ki, 2023-cü ildə ticarət dövriyyəsi 17,5% artaraq rekord həddə, demək olar ki, 4,4 milyard ABŞ dollarına çatıb. Həmçinin cari ilin birinci yarısında ticarət dövriyyəsi dinamik artım nümayiş etdirir.
Tərəflər investisiya əməkdaşlığında artımın müsbət dinamikasını məmnunluqla qeyd ediblər.
Rusiya biznesinin Azərbaycan iqtisadiyyatının bir çox sahələrində geniş təmsil olunduğu vurğulanıb. Azərbaycan hökuməti rusiyalı investorların rahat işləməsi üçün hər cür şərait yaradır.
Tərəflər sənaye əməkdaşlığının mütərəqqi inkişafını qeyd edərək, Azərbaycanın müxtəlif sənaye obyektlərində dərman vasitələrinin birgə istehsalı, yük avtomobillərinin yığılması, yük avtomobilləri və kənd təsərrüfatı texnikası üçün xidmətlərin göstərilməsi sahəsində əməkdaşlığın uğurlu nəticələrini qeyd ediblər. Bir sıra gəmiqayırma sahələrində əməkdaşlığın perspektivləri müsbət qiymətləndirilib.
Azərbaycan şirkətləri də Rusiya iqtisadiyyatına fəal şəkildə sərmayə qoyurlar. Rusiyanın regionlarında sanatoriya və turizm mərkəzlərinin, mehmanxana komplekslərinin, meyvə-tərəvəz konservləri və çay istehsalı fabriklərinin tikintisi layihələri uğurla həyata keçirilir.
Kənd təsərrüfatı sahəsində əməkdaşlığın dinamikasından məmnunluq ifadə olunub. Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükçüsü olan on ölkədən biridir. 2023-cü ildə Rusiyaya meyvə və tərəvəz ixracı təxminən 9% artıb.
Bildirilib ki, hər iki tərəf nəqliyyat-tranzit sektorunda əməkdaşlığın inkişafına xüsusi önəm verir. Ötən il iki ölkə arasında ümumi ikitərəfli yük daşımaları 10%-dən çox artıb. Bu il də müsbət tendensiya müşahidə olunur - ilin birinci yarısında artım 3% təşkil edib.
Tərəflər “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı ilə bağlı Azərbaycan və Rusiya prezidentlərinin tapşırıqlarına uyğun olaraq birgə işi davam etdirməyə qarşılıqlı hazır olduqlarını təsdiqləyiblər.
Bildirilib ki, bu iş avtomobil və dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi, dövlət sərhədindən buraxılış məntəqələrinin inkişafı istiqamətində tərəflərin birgə səyləri ilə vəhdət təşkil edir.
Bu xüsusda Azərbaycan-Rusiya dövlət sərhədindən buraxılış məntəqələrinin inkişafı üçün Yol Xəritəsinin əhəmiyyəti qeyd edilib.
Neft-qaz sektoru ikitərəfli əməkdaşlığın mühüm sahələrindən biri kimi səciyyələndirilib.
Rusiya turizm sektorunda da Azərbaycana gələn turistlərin sayında lider mövqe tutur. Ötən il ölkəmizə 630 mindən çox rusiyalı turist, 2024-cü ilin ilk altı ayında isə 360 min turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20% çoxdur.
Həmçinin qeyd olunub ki, humanitar əməkdaşlıq ənənəvi olaraq Azərbaycan-Rusiya münasibətlərinin əsas vektoru olaraq qalır.
Azərbaycan Respublikasında rus dilində tədris olunan 324 məktəb var ki, burada 800 min məktəbli rus dilini ikinci xarici dil kimi öyrənir.
Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları da ölkədə uğurla fəaliyyət göstərir, tələbələrə rus dilində yüksək keyfiyyətli təhsil almaq imkanı yaradır.
Tərəflər mədəni, elm və gənclər mübadiləsinin intensivləşməsini alqışlayıblar. İyun ayında Azərbaycanda Rusiya Mədəniyyəti Günləri böyük uğurla keçirilib.
İkitərəfli münasibətlərin mühüm tərkib hissəsinin hər iki dövlətin ən yüksək səviyyədə önəm verdiyi regionlararası əməkdaşlıq olduğu vurğulanıb.
Bu baxımdan tərəflər hərtərəfli qarşılıqlı fəaliyyət üçün səmərəli platforma kimi özünü təsdiq etmiş Azərbaycan-Rusiya regionlararası forumunun rolunu yüksək qiymətləndiriblər. Fevral ayında Stavropol diyarında 12-ci forum uğurla keçirilib.
Azərbaycanın regionları ilə Rusiya Federasiyasının subyektləri arasında mütəmadi olaraq qarşılıqlı yüksək səviyyəli səfərlər həyata keçirilir.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər və qarşılıqlı faydalı əməkdaşlığın bütün spektri üzrə konstruktiv dialoqu davam etdirməyə qarşılıqlı hazır olduqlarını bildiriblər.
İclasın yekununda Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 22-ci iclasının Protokolunu imzalayıblar.
Xəbər lenti
0