Sifariş edilən və ünvana gələn taksilərin fərqli olması ilə qarşılaşanlar nə etməli?
© AFP 2024 / EMMANUEL DUNANDBakıda taksi
© AFP 2024 / EMMANUEL DUNAND
Abunə olmaq
Taksi vasitəsilə sərnişindaşımalarda xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər araşdırılır və taksi sifarişi operatorları ilə proqram təminatının verdiyi üstünlüklərdən istifadə edilərək neqativ halların qarşısının alınması üçün tədbir görülür.
BAKI, 8 avqust — Sputnik. Azərbaycanda vətəndaşlardan daxil olan müraciətlər əsasında 65 taksi minik avtomobili daşımalardan kənarlaşdırılıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Qeyd edilib ki, sərnişinlərdən taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı həm taksi sifarişi operatoruna, həm də AYNA-nın sosial şəbəkə hesabları üzərindən, eləcə də "141" Çağrı Mərkəzinə müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumatları təqdim etmələri xahiş olunur.
Sifariş edilən və ünvana gələn taksilərin fərqli olması ilə qarşılaşan vətəndaşlara sifarişdən imtina etmələri, eyni zamanda həm bu halda, həm də taksi sürücülərinin davranışı, kondisionerdən istifadə edilməməsi və s. haqqında AYNA-ya məlumat vermələri xahiş olunur.
"Taksi vasitəsilə sərnişindaşımalarda xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər araşdırılır və taksi sifarişi operatorları ilə proqram təminatının verdiyi üstünlüklərdən istifadə edilərək neqativ halların qarşısının alınması üçün tədbir görülür. Qanunvericiliyin tələblərini yerinə yetirməyən sürücülərin icazələri ləğv ediləcək", - məlumatda qeyd olunub.
Taksi sürücüləri ilə bağlı ciddi tapşırıq
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Məlumata görə, görüşdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib ki, taksi minik avtomobilləri ilə sərnişindaşımalar sahəsində yeni dövlət siyasətinin formalaşdırılması və islahat mexanizmlərinin tətbiqində əsas məqsəd vətəndaşlara daha keyfiyyətli xidmət göstərilməsidir.
© Sputnik / Murad OrudjevAzərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Rəhman Hümmətov
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Rəhman Hümmətov
© Sputnik / Murad Orudjev
Nazir müavini qeyd edib ki, yeni tələblərin tətbiqindən sonra sürücülərin ünvanlara fərqli avtomobillə gəlməsi, çatdırılma xidməti adı altında sərnişindaşımaların həyata keçirilməsi, icazəsi olmayan nəqliyyat vasitələrinə sifarişlərin ötürülməsi kimi hallar müşahidə edilir. Belə ki, vətəndaşlar tərəfindən daxil olan müraciətlər araşdırılır və qanunvericiliyin tələblərinə riayət etməyənlər daşımalardan kənarlaşdırılır.
Taksi fəaliyyətinə cəlb olunan nəqliyyat vasitələrinə tələblər bir daha görüş iştirakçılarının diqqətinə çatdırılıb. İzah edilib ki, sərnişindaşımalar yalnız müvafiq icazəsi olan şəxslər tərəfindən yerinə yetirilə bilər.
Taksi şirkətlərinin nümayəndələri də hazırda bu sahədə qarşılaşdıqları çətinliklər barədə məlumat verib, onların həlli istiqamətində təkliflərini səsləndiriblər.
Görüşdə sadalanan çatışmazlıqların aradan qaldırılması, nəzarət mexanizminə dair tədbirlər barədə müzakirələr aparılıb. Qeyd olunub ki, sifarişə gələn nəqliyyat vasitələrinin eyni olub-olmaması ilə bağlı sərnişinə bildirişin getməsi üçün operatorların proqram təminatlarında funksionallığın aktivləşdirilməsi istiqamətində işlər aparılır.
Sonda taksi şirkətlərinə qısa müddət ərzində qeyd olunan çatışmazlıqları aradan qaldırmaq və fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil etmək tövsiyə olunub.
Taksidə yeni kələk: Sifarişi təzə avtomobil qəbul edir, xidmətə köhnə "prius"lar gəlir
Xatırladaq ki, İyulun 1-dən etibarən taksilərlə bağlı yeni tələblər qüvvəyə minsə də, köhnə avtomobillərlə taksi fəaliyyətinə hələ də rast gəlinir. Paytaxt sakinləri bildirir ki, taksi operatorları vasitəsilə taksi sifariş verdikdə sistemdə qeyd olunmuş avtomobilin əvəzinə tamamilə başqa, köhnə avtomobil gəlir.
© iStock.com / burakkarademirTaksi avtomobilləri
Taksi avtomobilləri
© iStock.com / burakkarademir
Elvin Əhmədov adlı Xırdalan şəhər sakini Sputnik Azərbaycan-a bildirib ki, taksi sifariş etdikdə taksi operatorunun sistemində yeni avtomobilin gələcəyi əks olunsa da, sifarişi yenə də köhnə "Prius" markalı avtomobillər qəbul edir.
Binəqədi rayon sakini Vasif Cəfərov isə bildirib ki, anoloji hadisə onun da başına gəlib. Taksi operatoru sifarişi təzə maşınla qəbul etsə də, xidmətə köhnə avtomobil gəlib.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bu cür halların olduğunu təsdiqləyib. Bildirib ki, avtomobili köhnə olan taksi sürücüləri öz yaxın qohumlarının yeni avtomobili ilə sistemdə qeydiyyatdan keçərək köhnə avtomobilləri ilə xidmət aparırlar.
Ekspertin sözlərinə görə, hətta bu kütləvi hal almağa başlayıb. Baxmayaraq bu hal qanunsuzdur. O, belə hallar aşkarlanarsa taksi sürücülərinin AYNA tərəfindən cəzalandırılacağını söyləyib.
E.Muradlı bildirib ki, buna sistem üzərindən nəzarət etmək mümkün deyil. Yalnız küçələrdə reydlər təşkil etməklə bu cür halların qarşısının alınması mümkündür.
Sputnik Azərbaycan-ın sorğusuna Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, bu inzibati məsuliyyət yaradan haldır.
"Vətəndaşların bu cür hallarla rastlaşacağı təqdirdə AYNA-ya və taksi sifarişi operatorlarına məlumat vermələri tövsiyə olunur. Qaydaları pozan sürücülərə qarşı cərimə sanksiyası tətbiq olunacaq və onlar xəttən kənarlaşdırılacaqlar", - cavabda bildirilib.
© Sputnik / Murad OrujovNəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı
Qeyd edək ki, bu ilin iyul ayının 1-dən etibarən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minib. Taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin istehsal tarixi 8 ildən az olmalıdır.
1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilmir. Həmçinin qeyd edilən tarixdən sonra buraxılış kartı almaq üçün təqdim olunan avtomobillər 2024-cü ilin iyul ayının 1-dən sonra ölkəmizə idxal edilmişdirsə və ya ölkəmizdə istehsal olunmuşdursa, onların rəngi ağ və ya qırmızı olmalıdır.
Müvafiq icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək.
Vətəndaşın avtomobili 2012-ci il istehsalıdırsa, 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət edibsə, üç illik icazə ala bilər. Bu halda rəng tələbi tətbiq edilmir.
Taksilərin "Avro-5" standartına uyğunluğu ilə bağlı tələb qüvvəyə minib
Həmin tarixdən eyni zamanda taksi minik avtomobillərinin "Avro-5" ekoloji standartına uyğunluğu ilə bağlı tələb qüvvəyə minib.
Nazirlər kabinetinin bu gün təsdiq etdiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"də əksini tapıb.
Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə "Avtomobil nəqliyyatı haqqında" qanunla müəyyən edilən buraxılış kartı verilmir.
Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.
Taksi minik avtomobillərinə bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar quraşdırılmalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.