CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Beş min manat maaş üçün Polşaya axın: İşsiz qalan taksi sürücülərinin aqibəti necə olacaq?

© iStock.com / anouchkataksi
taksi  - Sputnik Azərbaycan, 1920, 31.07.2024
Abunə olmaq
D kateqoriyasını oxuyub imtahan verərək almaq çox çətindir. Digər yolla almaq üçün isə ən azı 2000 manat lazımdır.
BAKI, 31 iyul — Sputnik. Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi avtobus sürücüləri ilə bağlı plan hazırlayır. Bu plana görə avtobus sürücülərinin əmək haqqı yüksək olacaq. Əgər avtobus sürücülərinin təminatı yüksək olarsa, bu sahəyə axın yarana bilər.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib.
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işsiz qalan taksi sürücülərinə təkliflə müraciət edib. Nazir müavini Rəhman Hümmətov bildirib ki, taksi fəaliyyətindən kənarlaşdırılan sürücülər avtobusla sərnişin daşımalarına cəlb oluna bilərlər. Çünki hazırda təkcə "BakuBus" şirkətinin mindən artıq "D" kateqoriyalı sürücüyə ehtiyacı var.
Elməddin Muradlı deyib ki, sürücülük hüququ və müvafiq kateqoriyası olan sürücüləri avtobus sürücülüyünə qəbul etmək olar. Onların sayının artırılması üçün nazirlik tərəfindən də işlər görülür:

"Əvvəllər avtobus sürücüləri planla işlədiklərindən, bu işdə çalışmaq onlara sərf edirdi. Onlar qoyulan planı ödədikdən sonra əldə etdikləri gəlir özlərinə qalırdı. Amma avtobuslar kart sisteminə keçdikdən sonra plan ləğv edildi. Hazırda 70 faiz avtobus kart sistemi ilə işləyir. Kart sistemində isə maaş 800-1000 manat olduğundan, bu, sürücüləri qane etmir. Ona görə də, avtobus sürücülərinin kütləvi xaricə axını müşahidə edilir. Polşaya üz tutan avtobus sürücüləri ayda 5 min manata yaxın maaş alır. Onları xaricə getdiklərinə görə qınamaq da olmaz. Çünki, orada təminatları daha yaxşıdır".

Ekspert bildirir ki, nazirlik tərəfindən avtobus sürücüləri üçün pulsuz təlimlər keçirilsə də, bu layihəyə maraq az olub. Avtobus sürücüsü olmaq üçün heç 50 nəfər müraciət etməyib. İşsiz taksi sürücülərini avtobus sürücülüyünə cəlb etməyin əsas yolu bu peşədə əmək haqqının yüksəldilməsidir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, son bir ildə yalnız Bakı şəhərində 200-dən çox avtobusun istismara verilməsi təmin edilib. Həmçinin bu il ərzində daha 200 avtobusun təmir olunaraq istismara qaytarılması, eləcə də 160 yeni elektrik avtobusunun da alınaraq Bakı şəhərinə gətirilməsi və sərnişinlərin xidmətinə verilməsi planlaşdırılır. Avtobus parkının genişlənməsi bu sahədə yeni iş yerlərinin yaranmasına şərait yaradır. Hazırda təkcə Bakubus MMC-də sürücülər üçün 1000-ə yaxın yeni iş yeri yaradılır.
"Əmək Məcəlləsinə uyğun olaraq sürücülərin növbəli rejimdə işləməsi nəzərdə tutulur. Sürücülərin sosial müdafiəsinin gücləndirilməsi və layiqli həyat şəraitinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Nümunəvi fəaliyyətə görə, daha dəqiq desək, neqativ halların və cərimələrin olmamasına görə sürücülər aylıq mükafatlandırılacaq. Sürücülər AYNA-nın təlim-tədris mərkəzində sərnişinlərin təhlükəsizliyinə, yol hərəkəti qaydalarına və nəqliyyat vasitəsinin təhlükəsizliyinə dair bütün biliklərə yiyələnə bilərlər" - AYNA-dan sorğumuza cavabda bildirilib.
İqtisadçı Natiq Cəfərli isə Sputnik Azərbaycan-a müsahibəsində nazirliyin işsiz qalan taksi sürücülərinə iş təklifinin səmərəsiz olacağını söyləyib:

"İşsiz qalan taksi sürücülərinin sayı rəsmi məlumatlara görə 20-25 mindir. 100 avtobus vakansiyası bunun cüzi hissəsidir. Üstəlik, taksi sürənlərin heç də hamısı avtobus sürə bilməz. Avtobus sürmək üçün əlavə kateqoriyalara ehtiyac var. Bunun üçün onlar əlavə imtahan verib sürücülük vəsiqəsini dəyişməlidirlər. Ona görə də, nazirliyin təklif etdiyi min iş yeri işsiz qalan taksi sürücülərinin məşğulluq problemini həll etməyəcək".

Taksi fəaliyyətinə dair yeni qaydalar qüvvəyə minəndən işsiz qalan Tahir Salmanov da hazırda özünə iş axtardığını söyləyib. O, Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, taksi fəaliyyəti ilə məşğul olanda gündəlik minimum 60 manat pul qazanırdı. Avtobus sürücüsünün əmək haqqı isə 800 manatdır. Taksi sürücülərinin çoxunun avtobus idarə etmək üçün müvafiq kateqoriyası yoxdur. Bu kateqoriyanı əldə etmək isə çətindir:

"D kateqoriyasını oxuyub imtahan verərək almaq çox çətindir. Digər yolla almaq isə bahadır. Bunun üçün ən azı 2000 manat lazımdır. Ona görə də avtobus sürücüsü olmağın "üzü astarından baha başa gəlir".

Qeyd edək ki, bu ilin iyul ayının 1-dən ölkədə buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələrinin taksi kimi fəaliyyət göstərməsi qadağan edilib.
Xəbər lenti
0