SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Pezeşkian Paşinyanla görüşdü: İran-Ermənistan qardaşlığına davam

© Photo : official site of the Prime Minister of RAPezeşkian Paşinyanla
Pezeşkian Paşinyanla  - Sputnik Azərbaycan, 1920, 30.07.2024
Abunə olmaq
İranın azərbaycanlı prezidenti Ermənistanın Baş nazirinə deyib ki, "xalqlarımızın çoxəsrlik dostluğu, tarixi və mədəni əlaqələri ikitərəfli əməkdaşlığın gələcək inkişafı üçün əsasdır".
BAKI, 30 iyul — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianla görüşüb. Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan bildirib ki, İrəvan Tehranla münasibətləri dərinləşdirməyə sadiqdir.
Ermənistan Baş naziri Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün İrana gedib.
Paşinyan görüş zamanı deyib ki, İrəvan İranla qarşılıqlı hörmət və anlaşmaya əsaslanan çoxşaxəli əməkdaşlığa böyük əhəmiyyət verir.
"Mənim bu gün burada olmağım bizim Ermənistanla İran arasında münasibətlərin dərinləşməsinə, əməkdaşlığın ən yüksək səviyyədə möhkəmləndirilməsinə sadiqliyimizə dəlalət edir" - Paşinyan deyib. O, həmçinin Şimal-Cənub magistralının tikintisində İran tərəfinin iştirakının vacibliyini qeyd edib.
Ermənistanda Şimal-Cənub avtomobil yolunun Aqarək-Kacaran hissəsinin tikintisində İran tərəfinin iştirakını vurğulayan Paşinyan, Ermənistan-İran sərhədindəki keçid məntəqəsinin modernləşdirilməsi istiqamətində atılan addımların vacib olduğunu bildirib.
Pezeşkian isə öz növbəsində qeyd edib ki, o, dost Ermənistanla siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin ardıcıl inkişafına önəm verir.
"Xalqlarımızın çoxəsrlik dostluğu, sıx tarixi və mədəni əlaqələri ikitərəfli qarşılıqlı fəaliyyətin daha da inkişafı üçün əsasdır. Biz dialoqumuzu birgə davam etdirməyə və ikitərəfli qarşılıqlı fəaliyyətin gündəliyini zənginləşdirməyə hazırıq" - Pezeşkian bildirib.
İran prezidenti regionda sülh və sabitliyin bərqərar olması üçün ardıcıl səylərin vacibliyini qeyd edib. O, regionda sülhün qorunmasının Tehran üçün əsas əhəmiyyət kəsb etdiyini vurğulayaraq deyib ki, İran bütün məsələlərin dialoq yolu ilə həllini zəruri sayır.
İki ölkə liderləri ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsi ilə bağlı geniş spektrli məsələləri müzakirə edib, həmçinin səhiyyə, ən son texnologiyalar, təhsil, elm və mədəniyyət sahələrində yeni birgə proqramları nəzərdən keçiriblər.
Xatırladaq ki, Pezeşkian iyulun 5-də keçirilən ikinci turda prezident seçilib. O, prezident seçkisinin ikinci turunda mühafizəkar Səid Cəliliyə qalib gəlib. İyulun 28-də İranın Ali rəhbəri onu rəsmi prezident kimi təsdiqləyib.
İran azərbaycanlısı Məsud Pezeşkian ölkənin islahatçı qanadının təmsilçisi sayılır.
Erkən seçkilər İbrahim Rəisinin mayın 19-da təyyarə qəzasında həlak olmasından sonra baş tutub.
İnauqurasiyada ən azı 60 ölkədən xarici nümayəndənin iştirakı gözlənilir. Mərasimdə Rusiya nümayəndə heyətinə Dövlət Dumasının sədri Vyaçeslav Volodin rəhbərlik edəcək.
Xəbər lenti
0