Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bu il ən gərgin müsabiqə vəziyyəti hansı ixtisas qrupunda olacaq?

© iStock.com / hxdbzxyimtahan
imtahan - Sputnik Azərbaycan, 1920, 29.07.2024
Abunə olmaq
Bu il 3-cü ixtisas qrupu üzrə sənəd verən abituriyentləri qəbul planının artırılması da xilas etməyə bilər.
BAKI, 29 iyul — Sputnik. "Bu il qəbul imtahanlarda xüsusilə 3-cü qrupda ixtisas seçimi gərgin olacaq".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında ixtisas seçimi üzrə ekspert Kamran Əsədov bildirib. Onun sözlərinə görə, bunun bir neçə səbəbi var. Həmsöhbətimiz bildirib ki, bu il martın 3 və 10-da keçirilən buraxılış imtahanlarında 54 iştirakçısı maksimum - 300 bal toplayıb. Həmçinin bu il 250-dən çox bal toplayanların sayında da ciddi artım olub. 2023-cü illə müqayisədə bu il 3-cü ixtisas qrupu üzrə 500-600 bal toplayanların sayı artıb.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-2025-ci tədris ili üzrə universitetlərə qəbul imtahanları artıq yekunlaşııb. Yaxın günlərdə Dövlət İmtahan Mərkəzi abituriyent 4 jurnalını çıxarmağı planlaşdırır. Abituriyent 4 jurnalında universitetlər üzrə ixtisasların plan yerləri, təhsil haqqı, əyani və qiyabi təhsil forması, dövlət sifarişli və ödənişli yerlər barədə məlumatlar öz əksini tapacaq. Həmçinin ümumi imtahan iştirakçılarının statistikası, bal aralıqları elan olunacaq. Artıq abituriyentlər topladıqları bala uyğun olaraq qruplar üzrə ixtisas seçimini həyata keçirəcəklər. Abituriyentlərin ixtisas seçiminə avqust ayının ortalarında başlanılacaq, proses 10-12 gün davam edəcək. Bunun ardınca qəbul olan abituriyentlərin nəticələri elan ediləcək. Ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərə orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi etmək üçün təkrar şans veriləcək.
Kamran Əsədov Sputnik Azərbaycan-a ixtisas seçimində diqqət yetirilməli olan məqamları açıqlayıb. O, bildirib ki, bu il 3-cü ixtisas qrupu üzrə sənəd verən abituriyentləri qəbul planının artırılması da xilas etməyə bilər.
"Düzdür, bu il ali məktəblərin qəbul plan yerində ciddi artım olsa da, keçən il bakalavr pilləsi üzrə qəbul plan yerinin sayı 55800 idisə, bu il 60 mindir. Həmçinin bul il Xankəndində Qarabağ Universiteti, Bakıda Türkiyə- Azərbaycan, İtalya-Azərbaycan universitetləri də fəaliyyətə başlayır. Bununla belə 3-cü ixtisas qrupunda vəziyyət qəlizdir. Çünki, bu il Naxçıvan Universiteti də fəaliyyətini dayandırıb. Bu da qəbul plan yerlərinə öz təsirini göstəri", - deyə Kamran Əsədov bildirib.
O, həmçinin qeyd edib ki, 1-ci ixtisas qrupu üzrə daha çox gərgin vəziyyət informasiya təhlükəsizliyi, kompyuter elmləri və kompyuter mühəndisliyi ixtisalarındadır: "Bu ixtisalarda yüksək bal formalaşacaq. 2-ci ixtisas qrupunda isə İqtisad Universitetində maliyyədə balların dəyişməsi proqnozlaşdırır. Bununla belə 2-ci ixtisas qrupu abituriyentləri şanslı sayılır. Bu ixtisas qrupunda abituriyentlərin sayında ciddi fərq yoxdur. Amma bu il abituriyentlər diqqətli olmalıdırlar. Ötən ilki ballarla ixtisas seçimi etsələr yalnışlıq olacaq. Çünki, keçən ilki abituriyentlərin sayı və plan yerləri bu ildən fərqlidir. Ötən ilki ballarla ixtisas seçimi tövsiyyə edənləri yalnış hesab edirəm. Nəzərə almaq lazımdır ki, yüksək bal toplayıb ali məktəbə qəbul olmayan abituriyentlər də olur. Odur ki, valideynlərə və abituriyentlərə tövsiyyə edirəm ki, builki statistik göstəricilər, abituriyent 4 jurnalı, balların paylanması informasiyaları çıxmayınca ixtisas seçimi etməsinlər".
K.Əsədov onu da bildirib ki, 1-ci ixtisas qrupunda ekologiya mühəndisliyi, qida təhlükəsizliyi, kompyuter mühəndisliyi, informasiya təhlükəsizliyi ixtisaslarına bööyük təlabat olacaq. 4 və 1 qruplarda isə kənd təsərrüfatı üzrə ixtisaslar 2030-2035-ci ilin ən böyük təlabatı olan ixtisasları olacaq. Ekspert vurğulayıb ki, müəllimlik və tərcüməçilik ixtisaslarını isə gələcəkdə süni intellekt əvəz edəcək. Gələcəyin ixtisasları içərisində ən böyük təlabatı texnoloji, qida təhlükəsizliyi, kompyuter robot texnika, alternativ enerji üzrə ixtisaslar təşkil edəcək.
Digər təhsil eksperti və ixtisas seçimi üzrə ekspert Ramin Nurəliyev isə deyir ki, müşahidələrə görə, zəif bal toplayan və DİM tərəfindən tətbiq edilən limiti keçməyən bəzi abituriyentlər ali təhsil müəssisələrinə ixtisas seçimi edərkən bəzi nüanslara diqqət yetirmirlər.
"İxtisas qrupuna uyğun 190 bal toplayan abituriyent 200 bal limitini keçmədiyi və imtahanın ikinci mərhələsi üzrə 100 bal toplamadığı üçün ancaq məhdud ixtisaslara müraciət edə bilər. Abituriyent istəmədiyi və oxumağa qərarsız olduğu halda hər hansı bir region universitetini yazaraq və yaxud da, hər hansı bir mütəxəssisə yazdıraraq universitetə arzulamadığı ixtisas üzrə qəbul olur. Sonradan abituriyent universitetdən qeydiyyatdan keçməkdən imtina edir və düşünür ki, kolleclərə müraciət edib qəbul olaram. Amma bilmir ki, abituriyent ali təhsil müəssisələrinə qəbul olduqdan sonra bu ixtisasdan imtina etsə də, orta ixtisas müəssisələrinə (kolleclərə) müraciət edə bilmir. Bu vəziyyətdə olan abituriyentlərə məsləhət görərdim ki, arzulamadığı və qəbul olduqdan sonra imtina edəcəyi ixtisasları qətiyyən seçim etməsinlər",-deyə Ramin Nurəliyev bildirib.
Onun sözlərinə görə, qəbul şərtlərinə əsasən 1-ci qrup abituriyent ixtisas qrupu üzrə bütün ixtisaslara müraciət etmək üçün ümumi balı 200 dən az olmamaqla yanaşı, imtahanın ikinci mərhələsi (blok imtahanı) üzrə ən azı 100 bal toplamalıdır. Blok imtahanında 50-100 bal arası nəticə göstərən 1-ci qrup abituriyent yalnız Meliorasiya mühəndisliyi, Texnologiya müəllimliyi, Ekologiya mühəndisliyi, Aqronomluq, Balıqçılıq, Meşəçilik, Şərabçılıq, Torpaqşünaslıq və aqrokimya, Yer quruluşu və daşınmaz əmlakın kadastrı, Zoomühəndislik kimi ixtisasları seçim etmək hüququna malikdir. Əgər abituriyent bu ixtisaslardan birinə qəbul olub, sonra da bəyənməyərək imtina edəcəksə, kollec seçimi yolu da bağlanmış olacaq. Həmçinin həmin ixtisas üzrə universitetdəki yer boş qalacaq. Bu vəziyyət digər abituriyentlərin şansının azalmasına da təsir göstərəcəkdir. Buna görə də, abituriyentlər seçim edəcəyi ixtisasları dəqiqləşdirməli, həmin ixtisasların gələcək karyerasına və əmək bazarına uyğunluğunu analiz etməlidir.
R.Nurəliyevin sözlərinə görə, DİM tərəfindən tətbiq edilən blok imtahanı limitini keçməyən abituriyentin buraxılış imtahanı nəticəsi yüksəkdirsə, həmin abituriyent orta ixtisas müəssisələrinə müraciət edərək qəbul şansı əldə edə bilər. Müvafiq ixtisaslar üzrə 2 il kollecdə oxuduqdan sonra subbakalavr kimi universitetlərə də imtahansız qəbul olma şansı mümkündür. Abituriyentin buraxılış balı 150 dən çoxdursa, kolleclərdə tibb bacısı, mamalıq kimi ixtisaslara qəbul şansı da var. Bununla yanaşı kompüter ixtisasları, pedoqoji, iqtisadiyyat sahəsi üzrə, turizm və digər ixtisaslar üzrə kolleclərə müraciət etmək də mümkündür.
"Buna görə də, abituriyentlər ali təhsil müəssisələrinə ixtisas seçimi etdikdə sonradan peşman olmayacaqları ixtisasları seçməlidirlər. Xüsusilə də bu hal regionlarda kənd təsərrüfatı ixtisaslarını seçim edən qız abituriyentlərində daha çox müşahidə olunur. Universitetlərdə boş yerlərin qalmaması, digər abituriyentlərin şansının azalmaması, kollec seçiminin məhdudlaşmaması üçün abituriyentlər diqqətli seçim etməlidir. Abituriyentlər ixtisas seçimindən əvvəl yazacağı ixtisasları analiz etməlidir. Əgər istəmədiyi ixtisası yazacaqsa və qəbul olacaqsa, imtina etsə də kolleclərə qəbul şansını itirəcək", - deyə ekspert əlavə edib.
Xəbər lenti
0