Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Fransa Azərbaycana qarşı soyuq müharibəyə başlayıb - İlham Əliyev

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Şuşada 2-ci Qlobal Media Forumunda
Prezident İlham Əliyev Şuşada 2-ci Qlobal Media Forumunda - Sputnik Azərbaycan, 1920, 21.07.2024
Abunə olmaq
Azərbaycan Prezidenti bildirib ki, Fransa mediadan istifadə edərək Azərbaycanı onların daxili işlərinə qarışmaqda ittiham edir, lakin bu, qətiyyən belə deyil.
BAKI, 21 iyul - Sputnik. Fransa hökuməti yenə də mediadan istifadə edərək bizi ittiham edir ki, guya biz onların daxili işlərinə qarışırıq. Ancaq bu, qətiyyən belə deyil.
Bu sözləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.
“Qoşulmama Hərəkatının bir çox üzvü keçmişdə kolonializmin qurbanı olmuşdur. Milyonlarla insan bunun qurbanı olmuşdur və bəzi ölkələr hələ də bundan əziyyət çəkir. Məsələn, Qəmər adaları, Mayot adası. Hələ də onlar kolonial idarəçilik altındadır. Biz bu ölkələrə kömək etmək istəyirik ki, keçmişin bu iyrənc qalığından özlərini azad edə bilsinlər”, – dövlət başçısı vurğulayıb.
Dövlət başçısının sözlərinə görə, “Fransa hökuməti yenə də mediadan istifadə edərək bizi ittiham edir ki, guya biz onların daxili işlərinə qarışırıq”. Prezident qeyd edib ki, “bu, qətiyyən belə deyil”:
“Biz bunu Avropa İttifaqında, BMT-də anti-Azərbaycan mövqeyi ilə əlaqələndiririk. Onlar Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar. Biz bunu ona görə edirik və əminik ki, Fransanın etdikləri iyrəncdir, qəbuledilməzdir və buna son qoyulmalıdır. Onların həmin insanların taleyinə bu dərəcədə təsir etməyə ixtiyarları yoxdur. O ölkələr Fransadan minlərlə kilometr uzaqda yerləşir, onları assimilyasiya etməyə çalışırlar, onları təhqir edirlər. Sonuncu hadisələrdə Yeni Kaledoniyada yeddi insan həlak olub. Bu, Fransanın və onun prezidentinin əməli nəticəsində baş verib”.
“Biz kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcəyik, əlimizdən gələni edəcəyik”, – ölkə lideri vurğulayıb.
20.07.24, 19:38
Qarabağın azad edilməsi ləyaqət məsələsi idi
Azərbaycan Prezidenti İlham Əliyev 2-ci Şuşa Qlobal Media Forumunda çıxışı zamanı torpaqlarımızın azad edilməsi üçün Ermənistan liderləri ilə keçirdiyi görüşlərdən danışıb.
Ermənistanın liderləri ilə dəfələrlə görüşdüyünü, indiki hakimiyyət və ondan əvvəlki prezidentlər ilə də danışıqlar apardığını xatırladan dövlətimizin başçısı qeyd edib:

“Baxmayaraq əvvəlki iki prezident Azərbaycana qarşı, xüsusilə də Xocalıdakı soyqırımını törədənlərdən idi, mənim üçün bu, xoşagəlməz hal idi ki, onlarla məcburi əl sıxışırdım. Ancaq mən bunu sülh və ərazilərimizin azad edilməsi naminə edirdim. Prezident olaraq mən bütün şəxsi hisslərimi, bütün emosiyalarımı kənara qoymalı idim. Yəni, sən bu vəzifəni daşıyırsansa, emosiyalarını kənara qoyacaqsan. Həmin görüşlər ərazilərimizi bərpa etməyə bizə kömək etdimi?! Məncə, bəli, onların xeyri oldu”.

Prezident İlham Əliyev həmçinin bildirib ki, əlbəttə, insan bəzən çətin qərarlar verməli olur.

"Şəxsən mən Qarabağı azad edərkən 17 il idi Prezident idim və lazım olsaydı, biz daha 17 il gözləyərdik ki, torpaqlarımızı azad edək. O zaman fərqi yoxdur kim Prezident olacaqdı. Yəni, bunun heç bir fərqi yoxdur".

Dövlətimizin başçısı, həmçinin deyib:
“Bəlkə də bu hadisə 50 il sonra baş verəcəkdi. Yəni, burada insan eqoist olmalı deyil. Bu, mənimlə bağlı deyil. Fərq etməz, lider və prezident kimdir, bu, ləyaqət məsələsi idi”.
20.07.24, 18:39
Bu gün Avropanın bizim təbii qazımıza böyük ehtiyacı var. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda deyib.
Bu məsələdə riyakarlığa son qoyulmasının vacibliyini qeyd edən dövlətimizin başçısı bildirib:
“Avropa bir tərəfdən bizdən xahiş edir ki, hasilatı artıraq və onu Avropaya nəql edək. Çünki onların buna ciddi ehtiyacı var. Digər tərəfdən onlar bunu maliyyələşdirmirlər”.
Prezident İlham Əliyev, həmçinin vurğulayıb:

“Onlar istəyirlər ki, biz Cənub Qaz Dəhlizini genişləndirək, 16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər, söhbət TANAP-dan gedir. TAP-ı 10 milyarddan 20 milyard kubmetrə çatdıraq. Biz oraya milyardlarla pul yatırmalıyıq. Deyə bilərəm ki, Cənub Qaz Dəhlizinə yatırdığımız sərmayənin hələ də tam mənfəətini götürməmişik. Bizim neft və qaz sahəsindən əldə etdiyimiz gəlir hələ də bu borcun ödənilməsinə yönəlib. Onlar gözləyirlər ki, biz oraya milyardlarla vəsait yatıraq. Eyni zamanda, deyirlər ki, on ildən sonra Avropa İttifaqının qaza ehtiyacı olmayacaq. Yəni, biz ağılsızıq ki, onların ehtiyacı olmayacağı qaza on milyard dollarlarla vəsait qoyaq?!”

20.07.24, 17:53
"Qazıntı yanacaq növlərindən əldə etdiyimiz gəlirlərin ədalətli paylanılması çox şəffaf, məsuliyyətli şəkildə həyata keçirilir. Deyə bilərəm ki, vaxt keçdikcə bizə qarşı hücumların (COP29-la bağlı – red.) sayı azalır". Bu sözləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.
“Bizim COP heyətimiz çox səmərəli işləyir və vaxtının böyük hissəsini xaricdə keçirir, müxtəlif görüşlər keçirir”, - deyən dövlətimizin başçısı əlavə edib ki, ölkəmizin COP-la bağlı gündəliyi proqnozlaşdırılabilən, aydın və hədəflərə, məqsədlərə və nəticələrə köklənmiş bir gündəlikdir.Bu tədbir (COP – red.) qlobal miqyasda ən mühüm hadisələrdən biridir. Bu, dünyada bir nömrəli konfransdır.
Tədbirin postsovet məkanında ilk dəfə keçirildiyini bildirən dövlətimizin başçısı qeyd edib:

“Bu, misilsiz bir şansdır ki, biz ən yüksək liqaya daxil oluruq. Biz təkcə təşkilati baxımdan işlər görmürük, mahiyyət baxımından da təşəbbüslər irəli sürürük. Biz inkişaf etmiş ölkələrlə fəal şəkildə işləyirik, Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qururuq. Bizim üstünlüyümüz ondan ibarətdir ki, dörd il ərzində Qoşulmama Hərəkatının sədrliyini etmişik”.

20.07.24, 17:26
Biz nə işğalı, nə onun fəsadlarını, nə verdiyimiz qurbanları, nə də Qələbəmizi heç zaman unutmayacağıq. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda deyib.
Dövlətimizin başçısı bildirib:

“Biz və gələcək nəsillərimiz bu Qələbə ilə fəxr edəcəyik. Lakin biz buna fokuslanmamalı, bu mövzunu daim istismar etməməli, daimi rəmzə çevirməməliyik. Biz irəli getməliyik”.

20.07.24, 16:58
Rusiya ilə ikitərəfli münasibətlərdə həll oluna bilməyən məsələ mövcud deyil və uzun müddətdir ki, belədir. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında deyib.
Dövlətimizin başçısı bildirib ki, hətta müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə imzalanandan əvvəl də belə deyildi.

“Biz qarşılıqlı hörmət, qarşılıqlı anlayış, qarşılıqlı maraqların gözlənilməsi və uzun əsrlər boyu xalqlarımız arasında əlaqələrə əsaslanaraq bu münasibətləri formalaşdırırıq. Doğrudan da son dövrlərdə yüksək səviyyəli görüşlərin intensivliyi artıb, buna böyük ehtiyac var. Biz apreldə Moskvada, bu ayın əvvəlində Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində görüşmüşük (Rusiya Prezidenti Vladimir Putinlə – red.) və güman ki, ilin sonuna qədər yenə görüşlər olacaq, mövzular çox genişdir”, - deyə dövlətimizin başçısı əlavə edib.

20.07.24, 16:37
Cənubi Qafqaz regionuna gəldikdə, deyə bilərəm ki, biz tarixi transformasiyanın şahidiyik, tarixi-geosiyasi dəyişikliklər baş verir.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

“Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Əlbəttə, ötən ilin sentyabrında ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ən mühüm hadisədir. Bu, təkcə birinci və ikinci Forum arasında deyil, ümumiyyətlə müasir tariximizdə mühüm hadisə oldu”, - deyə dövlətimizin başçısı bildirib.

Prezidentin sözlərinə görə, bəzən biz təəccüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olur:
"Yəni, faktların manipulyasiyası, yanlış narrativlər, biz uzun illər ərzində bunun qurbanı olmuşuq".
Dövlətimizin başçısı, həmçinin qeyd edib:

“Onlardan biri Ermənistan ilə Azərbaycan arasında olan münaqişə və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq bir şəkildə təqdim edirdilər”.

İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0