CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qiymətlər qalxıb, xidmətlər yerində sayır, dövlət qurumları isə uzaq perspektivdən danışır

© Sputnik / Murad OrujovBakıda avtobus, arxiv
Bakıda avtobus, arxiv - Sputnik Azərbaycan, 1920, 13.07.2024
Abunə olmaq
Metropoliten səlahiyyətlisi deyir ki, hazırda metroda heç nəyin dəyişmədiyini iddia etmək olmaz!
BAKI, 13 iyul — Sputnik. Tarif Şurasının Aİ-92 markalı benzinin və dizelin qiymətini artırmasından sonra ictimai nəqliyyatda və metroda gediş haqqı 40 qəpikdən 50 qəpiyə qaldırılsa da, xidmətin keyfiyyətində heç nə dəyişməyib. İctimai nəqliyyatda gediş haqqı artırılandan demək olar ki, hər gün sosial platformada bu məzmunlu şikayətlərə rast gəlirik.
Gediş haqqı artıb, avtobuslar isə dəyişməyib
Naibə Qurbanova adlı Bakı sakini sosial şəbəkə hesabında narazılıq edərək bildirib ki, gediş haqqı 15 qəpik olandan bu günədək sınıq-salxaq avtobusda gedir.
"Gediş haqqı 15 qəpik olanda da mən sınıq, köhnə 165 saylı avtobusda gedirdim, indi 50 qəpikdir, səhər yenə bununla işə gəldim. Bəs yüksəldilən xidmət hanı?" - deyə sərnişin haqlı iradını bildirib.
Digər sərnişin Solmaz Şabanova isə ictimai nəqliyyatda gediş haqqı 20 qəpik olandan köhnə, sərnişindaşıma üçün yararsız 142 saylı avtobusda gedib-gəldiyindən şikayətlənib.
Əhmədli sakini Ülkər Abdullayeva isə deyir ki, 20 ildən çoxdur hər gün istifadə etdiyi 62 nömrəli avtobuslarda qiymətlər qalxsa da, heç nə dəyişməyib: "Yenə köhnə, sınıq-salxaq, kondisionersiz avtobuslarda gedirik. Yaxşı ki, 62 intensiv işləyən marşrutdur, yoxsa onun içində istidən ölmək olar"
Sərnişinlər sıxlıq, havasızlıq,uzun intervallardan şikayətlənir...
Sərnişinlər avtobusların əvvəlki kimi uzun intervallarla hərəkət etdiyini, avtobuslarda sıxlıq olduğunu, əksər avtobuslarda sərinləndirici qurğunun yenə işləmədiyini, bir sözlə, gediş haqqının artırılmasının xidmətin keyfiyyətinə heç bir təsir göstərmədiyini deyirlər.
Metroda da vəziyyət demək olar ki, eynidir. Sərnişinlər əksər qatarlarda kondisionerin olmamasından, sıxlıqdan, havasızlıqdan şikayətlənirlər.
"10 qəpik artımla xidmət keyfiyyəti yüksəlməyəcək"
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, gediş haqqının artırılmasının üzərindən cəmi 8 gün keçib. Belə qısa müddətdə ictimai nəqliyyatda fundamental dəyişiklikləri gözləmək səhv yanaşmadır.
"Həmçinin 10 qəpik artım daşıyıcı şirkətlərə xidmətin keyfiyyəti ilə bağlı dəyişiklik etməyə divident verməyəcək. Yeni elektriklə işləyən avtobusun qiyməti 600 min manatdır. Daşıyıcı şirkətlər 10 qəpik gediş haqqı artımı ilə belə bahalı avtobusları ala bilməyəcəklər. Ona görə də, xidmətin keyfiyyətində ciddi dəyişiklik gözləmək düzgün deyil. İctimai nəqliyyatda xidmətin keyfiyyətinin yüksəldilməsinə dövlət də maraqlı olmalıdır. Bu işdə sahibkarlara dəstək verməlidir" - Elməddin Muradlı bildirib.
© Sputnik / Murad OrujovElməddin Muradlı
Транспортный эксперт Эльмаддин Мурадлы - Sputnik Azərbaycan, 1920, 10.07.2024
Elməddin Muradlı
Ekspert deyib ki, ötəndəfəki gediş haqqı artımından sonra da xidmətin keyfiyyətində cüzi dəyişiklik olub. Nasaz avtobuslar təmir edilərək xəttə buraxılıb. Amma bunlar kiçik dəyişikliklərdir, fundamental dəyişikliklər hələ ki, baş verməyib.
160 yeni elektrik avtobusu alınacaq - AYNA-dan vəd
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, əhalinin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə mobilliyin transformasiyası proqramı həyata keçirilir. Əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin daha rahat və sürətli daşınmasının təmin olunması üçün yeni marşrut və əlaqələndirilmiş avtobus zolaqları şəbəkəsi hazırlanıb. Artıq Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələri istiqamətində fəaliyyət göstərən yeni marşrut olmaqla bu şəbəkənin ilkin tətbiqinə başlanılıb:
"Hazırda Bakıda 23 küçə və prospektdə uzunluğu 66,3 km olan xüsusi avtobus zolaqları təşkil edilib. Bu il daha 30-a yaxın küçə və prospekti əhatə edən 40 kilometrdən çox uzunluğunda avtobus zolaqlarının təşkili həyata keçiriləcək".
AYNA qeyd edib ki, avtobus parkının yenilənməsi və genişləndirilməsi istiqamətində də işlər aparılır:
"Son bir ildə yalnız Bakı şəhərində 200-dən çox avtobusun istismara verilməsi təmin edilib. Həmçinin bu il ərzində daha 200 avtobusun təmir olunaraq istismara qaytarılması, eləcə də 160 yeni elektrik avtobusunun da alınaraq Bakı şəhərinə gətirilməsi və sərnişinlərin xidmətinə verilməsi planlaşdırılır".
Qurumun qeydinə görə, əhali arasında velosipeddən və skuterlərdən istifadəyə artan marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin mikromobillik, nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərə alaraq, sakinlər üçün şəhər konsepsiyası çərçivəsində AYNA tərəfindən velosiped zolaqları şəbəkəsi yaradılır:
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində artıq davamlı mikromobillik zolağı hazırdır. Zolaqlar Bakı şəhərinin əsasən mərkəzi hissələrini – İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edir. Görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri aparılıb, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılıb, əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunub. Avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılıb. Mövcud olan işıqfor dirəklərində velosiped bölmələri yaradılır".
AYNA 30 məntəqədə velosipedlərin parklaması üçün dəmir konstruksiyaların quraşdırıldığını da bildirib: "Hazırda mikromobillik zolağının təşkili 8 Noyabr prospekti və Bakı Ağ Şəhər Bulvarında aparılır. İşlər yekunlaşandan sonra bu zolaqlar Bulvarda artıq mövcud olan yollarla əlaqələndiriləcək".
Metroda sıxlıq və havasızlıq aradan qalxacaq?
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə Sputnik Azərbaycan-a bildirib ki, tarifin tənzimlənməsi ilə bağlı məsələ iki aspektdən qiymətləndirilir. Birincisi, cari vəziyyətin qiymətləndirilməsi, ikincisi isə perspektivə nəzərən.
Metropoliten səlahiyyətlisi deyir ki, hazırda metroda heç nəyin dəyişmədiyini iddia etmək olmaz. Çünki, Bakı Metropolitenində sərnişinlərin görə bilmədiyi, amma sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılmasına təsir edən tədbirlər həyata keçirilir. Sadəcə bu yeniliklərin çoxu əyani olaraq görünmür. Məsələn, havasızlıq və sıxlığın qiymətləndirilməsi aparılır.
"Metroda havasızlıq olmasın deyə, ventilyatorların iş qrafiki dəyişib, yeni ventilyatorların alınmasının sürəti artırılıb. Bu il təbii havalandırmanın tənzimlənməsi üçün 6 təbii havalandırma qurğusu alınıb. Bu həmin stansiyalarda hava axınının tənzimlənməsinə səbəb olacaq. Təbii ki, bütün stansiyalarda bunu birdən-birə etmək olmayacaq. Amma bu tədricən mərhələli şəkildə ediləcək" - həmsöhbətimiz deyib.
B.Məmmədov onu da qeyd edib ki, metroda sıxlığın azalması üçün metro stansiyalarının sayı artırılmalıdır:
"Amma burada da ən mühüm məqam xətlərin ayrılması layihəsidir. Yaşıl və qırmızı xətt bir-birindən ayrılmalıdır ki, hər iki xətt üzrə müstəqil hərəkət təşkil olunsun. Əks halda vaqonların sayını nə qədər artırsaq da birbaşa təsiri olmayacaq. Hazırda da metroda vaqon sayı kifayət qədərdir".
Metropoliten sözçüsü bildirib ki, metroda havasızlığın qarşısını almaq üçün yeni nəsil qatarların alınması vacibdir. Bu isə istismar müddətini başa vuran vaqonların əvəzinə alınmalıdır.
© Sputnik / Murad OrujovBakı metrosunda qatar
Станция «8 Ноября» Бакинского метрополитена - Sputnik Azərbaycan, 1920, 10.07.2024
Bakı metrosunda qatar
"Bağlanmış müqaviləyə əsasən üç il ərizində Bakı Metropoliteninə 65 yeni vaqon gətiriləcək. Onlardan 35-i yaxın bir il ərzində Bakı Metropolitenində xətlərə buraxılacaq. Hal-hazırda 23 yeni qatar varsa, 7 qatar da yaxın bir il ərzində xətlərə buraxılacaq. Bu isə sərnişindaşımada keyfiyyəti artıracaq" - B.Məmmədov vəd edir.
Bunlardan əlavə o, Bakı Metropoliteinində sərnişindaşımanın keyfiyyətinə müsbət təsir edən bir sıra işlərin görüldüyünü vurğulayıb. Bildirib ki, Bakı Metropoliteninə vaqonların təkərlərinin yonulması üçün müasir rəqəmsal texnologiyalara əsaslanan dəzgah alınacaq. Hazırda bunun üçün xüsusi sex inşa olunur:
"Təkərin yolulmasının ilk baxışdan sərnişinə aidiyyatı olmasa da, xətdə olan vaqonların saz vəziyyətdə olması üçün bu xüsusi əhəmiyyət kəsb edir. Təkəryonma dəzgahının quraşdırılması ilə indiyədək bir vaqonun təkərinin yonulması üç günə başa gəlirdisə, bu vaxt bir neçə saata enəcək. Hazırda vaqonun daxil olduğu qatar tərkibi, yəni 5 vaqon nasazlıq olduqda üç gün xətdə işləmir. Bu da yeni avadanlığın alınması ilə aradan qaldırılacaq. Həmçinin sərnişinə bəlli olmayan, vaqonların təmiri prosesinin avtomatlaşdırılması da xidmət keyfiyyətinə müsbət təsir göstərəcək. Vaxt itkisinin qarşısı alınaraq depoya daxil olan qatarın problemləri operativ aradan qaldırılacaq".
Qeyd edək ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdə ictimai nəqliyyatda gediş haqqı 2 qəpik idi. Bu qiymət 1995-ci ildən 3 qəpik, 1996-cı ildən 5 qəpik olub. İctimai nəqliyyatda uzun müddət qüvvədə olan qiymət məhz 5 qəpik təşkil edib.
Gediş haqqı - 5 qəpikdən 50 qəpiyə
Hökumət 1996-cı ildən 2009-cu ilə qədər ictimai nəqliyyatda qiymətləri dəyişməyib. 1996-cı ildə Azərbaycan iqtisadiyyatı böhrandan çıxdı və uzun müddət ölkədə aşağı inflyasiya müşahidə edilib. İctimai nəqiyyatda gediş haqlarının uzun müddət aşağı olmasına 2009-cu ildə son verilib və qiymətlər 5 qəpikdən 3 dəfə artırılaraq 15 qəpiyə qaldırılıb. Bu qiymət iki il qalıb və 2011-ci ildən 20 qəpik müəyyənləşdirilib.
Əhali ictimai nəqliyyatda iyirmi qəpiklə ödənişi 7 ildən çox həyata keçirib. Bu qiymətə 2018-ci ildə yenidən baxılıb və gedişhaqqı 30 qəpik təyin olunub. Gedişhaqqı bir daha 2023-cü ildə artırılaraq 40 qəpik, 2024-cü ildə isə daha 10 qəpik artırılaraq 50 qəpik müəyyən edilib.
Xəbər lenti
0