CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tikinti şirkətləri qəzalı binaların sakinlərinə divan tutur

© Sputnik / Murad OrujovBakıda bina tikintisi, arxiv
Bakıda bina tikintisi, arxiv - Sputnik Azərbaycan, 1920, 11.07.2024
Abunə olmaq
Ekspert deyir ki, əksər hallarda tikinti şirkətləri binanın qəzalı vəziyyətdə olmasını əsas gətirərək vətəndaşları onların təklifləri ilə razılaşmağa vadar edirlər.
BAKI, 10 iyul — Sputnik. Tikinti şirkətlərinin mənzil sahibləri ilə davranışı gündəmi zəbt edən əsas hadisələrdəndir. Bakının Yasamal rayonunda "İbrahim-Q" MTK-nın bir sıra vəzifəli şəxslərinin gecə ilə qanunsuz olaraq Afət Quliyevaya aid mənzili sökməsi, tanınmış paralimpiyaçı Ramin Əliyevin "Mahal" MTK tərəfindən Sumqayıt şəhərində yerləşən evinin qanunsuz olaraq uçurmağa cəhd etməsi, vətəndaşların mülkiyyət hüququ toxunulmazlığı məsələsini aktuallaşdırıb. Sputnik Azərbaycan vətəndaşın öz mənzilindən hansı halda məcburi çıxardılmasının mümkünlüyünü araşdırıb.
Mənzil sahəsi üzrə ekspert Elnur Azadov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə hər bir vətəndaşın mülkiyyət toxunulmazlığı hüququ var. Ekspert deyir ki, vətəndaşın razılığı olmadığı təqdirdə heç bir tikinti şirkəti onun evini sökə bilməz!
"Vətəndaşı evindən çıxartmaq üçün məhkəmə qətnaməsi olmalıdır. Məhkəmə qətnaməsi isə o halda verilir ki, mənzil girovda olsun. Bu halda da vətəndaş mənzilindən yalnız məhkəmə icraçıları tərəfindən məhkəmə qətnaməsi əsasında çıxardıla bilər", -deyə Elnur Azadov bildirib.
Ekspert deyir ki, əksər hallarda tikinti şirkətləri binanın qəzalı vəziyyətdə olmasını əsas gətirərək vətəndaşları onların təklifləri ilə razılaşmağa vadar edirlər: "Tikinti şirkətləri binanın qəzalı vəziyyətdə olmasından bir növ sui istifadə edirlər. Vətəndaşı məcbur edirlər ki, onların təklifi ilə razılaşsın. Halbuki, istənilən halda tikinti şirkəti mənzil sahibi ilə evdən çıxması üçün razılığa gəlməlidir. Hətta sakin artıq məbləğ tələb etsə belə, tikinti şirkəti onunla razılaşmalıdır. Tikinti şirkətləri öz biznes planlarında bu riskləri gözə alaraq hesablamalıdırlar. Vətəndaşın evdən çıxardılması birbaşa onun konstitutsiya hüquqlarının pozulması deməkdir".
© Sputnik / Murad OrujovElnur Azadov
Председатель Союза риелторов Азербайджана Эльнур Азадов - Sputnik Azərbaycan, 1920, 10.07.2024
Elnur Azadov
Həmsöhbətimiz deyir ki Mənzil Məcəlləsinin 28-ci maddəsinin 28.4 bəndinə görə, qəza vəziyyətində olan mənzilin, yaxud yaşayış binasının mülkiyyətçiləri məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan, təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin və yaxud yaşayış binasının açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. Açıq hərraca çıxarılan qəza vəziyyətində olan mənzillərin qiymətləndirilməsi məqsədi ilə müstəqil qiymətləndirici cəlb olunur. Mənzilin , yaxud yaşayış binasının qiyməti son üç ay ərzində alınan mənzilə uyğun mənzilin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Mənzilin bazar qiymətinin müəyyən edilməsi üçün 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə bazar mövcud olmadıqda 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə mənzillə bağlı bazar olamdıqda 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq mənzilə uyğun mənzilin bazar qiyməti əsas götürülür.
Ekspert deyir ki, Mənzil Məcəlləsinin 5-ci maddəsi ilə hər kəsin mənzil toxunulmazlığı hüququ təmin edilməlidir.
"Mənzil Məcəlləsinin 5-ci maddəsində qeyd olunub ki, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Mənzilə orada yaşayanların razılığı olmadan daxil olmağa qanunla nəzərdə tutulmuş hallarda və qaydada qəza vəziyyəti, təbii fəlakət, kütləvi iğtişaş zamanı və ya fövqəladə xarakterli digər şəraitdə yalnız vətəndaşların həyatı və onların əmlakının xilas edilməsi, onların şəxsi təhlükəsizliyi və ya ictimai təhlükəsizliyin təmin edilməsi, habelə cinayət törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması, törədilməsində şübhə olmayan cinayət faktlarının qarşısının alınması və ya törədilmiş cinayətin, yaxud baş vermiş bədbəxt hadisənin şəraitinin müəyyənləşdirilməsi məqsədilə yol verilir. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz",-deyə ekspert bildirib.
Qeyd edək ki, iyunun 30-da gecə saatlarında Bakının Yasamal rayonunda Əlibəy Hüseynzadə küçəsi, ev 53, mənzil 1 ünvanında tikinti aparan şirkətin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək Afət Quliyevaya məxsus ev onun razılığı olmadan təhlükəli üsulla tamamilə sökülüb. Beləcə ona külli miqdarda maddi ziyan vurulub. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 186.2.1, 186.2.2 (külli miqdarda ziyan vurmaqla ümumi təhlükəli üsulla əmlakı qəsdən məhv etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Bu günlərdə Sumqayıtda yaşayan tanınmış paralimpiyaçı Ramin Əliyev mətbuata müraciət edərək bildirib ki, tikinti şirkətinin ona verdiyi kompensasiya ilə razılaşmadığına görə, onların evi uçurdulur.
O, şirkət tərəfindən evlərinin sökülməsindən narazıdır: "Şirkətin rəhbəri məni hədələyir. Deyir razılaşmasan, evdən çıxmasan, sənə başqa cür təzyiq göstərəcəyik. Evimin hazırkı dəyəri çox qalxıb. Onların vediyi kompensasiya maksimum 140 mindir. Halbuki, biz o məbləğə ancaq çox kənardan ev ala bilərik. Onların verdiyi məbləğ 2 il öncə üçün yaxşı idi. Kimsə pul qazanacaq deyə biz özümüzə orada-burada yer axtarmalı olacağıq. Mən özüm paralimpiyaçıyam, proses çətindir, xəstə halımla bu problem mənə lazım deyil. "Mahal" MTK bizi çox incidir".
Xəbər lenti
0