CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikintiyə hansı halda icazə veriləcək?

© Sputnik / Виталий Тимкив / Mediabanka keçidÇəltik əkini, arxiv şəkli
Çəltik əkini, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.07.2024
Abunə olmaq
Deputat Tahir Rzayev bildirib ki, dəyişikliklə kənd təsərrüfatlı topraq sahələrində müəyyən işlərin aparılması barədə aidiyyatı qurumlar məlumatlandırılacaq və bu məlumatlar Daşınmaz Əmlakın Dövlət Reyesterində qeydiyyata alınacaq.
BAKI, 7 iyul — Sputnik. Əvvəllər kənd təsərrüfatı təyinatlı torpaqlarda hansısa tikintinin aparılması və qurğunun inşa edilməsi üçün müvafiq orqanlardan icazə alınmalı idi. Bu uzun proses tələb edirdi.
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında kənd təsərrüfatlı təyinatlı torpaqlarda tikililərin inşasına münasibət bildirən Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Tahir Rzayev bildirib.
Deputat deyib ki, bəzi vətəndaşlar kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin inşasını özlərinə fərdi ev inşa etmək kimi başa düşür. Bu isə yalnışdır.
Rzayevin sözlərinə görə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bu dəyişikliklər əsasən Azərbaycan prezidentin "Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında" 15 iyul 2021-ci il tarixli Fərmanından irəli gəlir:
"Bu çox vacib dəyişikliklərdir. Dəyişikliklər kənd təsərrüfatlı təyinatlı torpaqlardan istifadənin səmərəliliyini yüksəltmək, kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının dəyişdirilməsinin çevik mexanizminin yaradılması üçün edilib. Bu, aqrar sektorun inkişafına müəyyən təkan verəcək. Nəticə biznes mühitinin yaxşılaşdırılmasına hesablanıb. Həmçinin bunu mülkiyyətçilərə göstərilən diqqətin nümunəsi kimi də dəyərləndirmək olar".
Qeyd edək ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin inşası (quraşdırılması) tənzimlənəcək. Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında Torpaq Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılaraq dəyişiklik layihəsi III oxunuşda qəbul edilib.
Belə ki, təklif olunan dəyişikliyə əsasən torpaq sahələrinin mülkiyyətçiləri (onların razılığı ilə istifadəçiləri və icarəçiləri) yay və qış otlaqları, örüş və biçənək sahələri istisna edilməklə, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə kənd təsərrüfatı yerlərinin məqsədli təyinatını dəyişdirmək imkanı əldə edəcəklər.
Deputat Tahir Rzayev bildirib ki, dəyişikliklə kənd təsərrüfatlı topraq sahələrində müəyyən işlərin aparılması barədə aidiyyatı qurumlar məlumatlandırılacaq və bu məlumatlar Daşınmaz Əmlakın Dövlət Reyesterində qeydiyyata alınacaq:
"Əvvəllər kənd təsərrüfatı təyinatlı torpaqlarda hansısa tikintinin aparılması, qurğunun inşa edilməsi üçün müvafiq orqanlardan icazə alınmalı idi. Bu uzun proses tələb edirdi. Edilmiş dəyişikliklər imkan verir ki, 5 hekatrdan az olmayan kənd təsərrüfatı təyinatlı torpaq sahələrində belə tikintilər aparılsın. Bu tikililərin aparılması da sözsüz ki, 1 faizdən artıq olmayan hissədə həyata keçirilə bilər. Bu yay və qış otlaqlarına, ümumi istifadədə olan torpaq sahələrinə şamil edilmir. Belə tikililərin aparılması aqrar sektorun inkişafı üçün çox vacibdir. Amma aparılan işlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun həyata keçirilməlidir. Burada da qanunvericiliyin tələbləri gözlənilməlidir".
Tahir Rzayev onu da vurğulayıb ki, dəyişiklik çox yaxşı haldır: "Həmin sahələrdə istixanaların və suvarma infrastruktunun inşası və quraşdırılması zamanı qeyd olunan torpaq sahələrinin minimum həddi nəzərə alınmır. Bu, istənilən həcmdə həyata keçirilə bilər. Dəyişikliklərin edilməsi kənd təsərrüfatı istehsalında müəyyən imtiyazlar yaradır. Ölkədə kənd təsərrüfatı inkişafının davamlı olmasına, səmərəli idarəetmə sisteminin yaradılmasına imkanlar verəcək.
Qeyd edək ki, hazırda Torpaq Məcəlləsinin 13-cü maddəsinə görə, ümumi şəkildə müəyyən olunur ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkili üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq mümkündür. Bu isə torpaqdan istifadəyə nəzarət çərçivəsində, o cümlədən istehsal və emal təyinatlı tikililərin aparılması, müvəqqəti tikililərin həyata keçirilməsi baxımından çətinliklər yaradır. Belə ki, tikintilərin aparılmasının qayda və şərtləri baxımından tənzimləmə mexanizmi olmadığından bu normanın icrasında problemlər yaranırdı.
Qeyd etmək lazımdır ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin aparılması ehtiyaclardan irəli gəlir və bu kənd təsərrüfatının inkişafı baxımından vacibdir. Bununla da kənd təsərrüfatı təyinatlı torpaqlarda məqsədli təyinat dəyişdirilmədən əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması həyata keçirilə biləcək, bu tikililərin inşa edilməsi və quraşdırılması Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tənzimlənəcək. Onu da vurğulayaq ki, kənd təsərrüfatı təyinatlı torpaqların xüsusi əhəmiyyətini, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsindəki rolunu nəzərə alaraq əsaslı tikintilərin aparılmasının müvafiq tələb və mexanizmi yaradılır. Belə ki, bu tikililər:
sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla) 1 faizindən artıq olmayan hissəsində inşa edilə və quraşdırıla bilər;
tikililərin inşa edilməsi və quraşdırılması torpaq sahəsinin mülkiyyətçisinin (onun yazılı razılığı ilə istifadəçinin və ya icarəçinin) müraciəti əsasında Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq həyata keçiriləcək. Bu məqsədlər üçün torpaq sahəsinin kateqoriyasının və məqsədli təyinatının dəyişdirilməsi tələb olunmur.
istixanalar və suvarma infrastrukturlarının inşası və quraşdırılması zamanı qeyd olunan torpaq sahələrinin minimum həddinə və tikinti əmsalının maksimum ölçülərinə dair məhdudiyyətlər tətbiq edilmir. Belə ki, suvarma infrastrukturu daha kiçik sahələrdə də quraşdırıla bilər.
Qanun layihəsi hazırlanarkən mütərəqqi beynəlxalq təcrübə öyrənilib və ondan istifadə edilib.
Məlumat üçün bildirək ki, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür:
kənd təsərrüfatı təyinatlı torpaqlar;
yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları;
sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar;
xüsusi qorunan ərazilərin torpaqları;
meşə fondu torpaqları;
su fondu torpaqları;
ehtiyat fondu torpaqları.
Xəbər lenti
0