CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda ən çox əmək münasibətləri hansı sahələrdə pozulur?

© AP Photo / GREG BAKERTikintidə işçilər, arxiv
Tikintidə işçilər, arxiv - Sputnik Azərbaycan, 1920, 07.07.2024
Abunə olmaq
Bu pozuntulara görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə cərimələr tətbiq edilib.
BAKI, 7 iyul — Sputnik. Son 6 ayda əmək qanunvericiliyinin pozulmasına dair 1241 hal aşkarlanıb. Bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva deyib.
O bildirib ki, bu pozuntulara görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə cərimələr tətbiq edilib. Araşdırmalar nəticəsində 41 nəfər öz işinə bərpa edilib.
"Əmək münasibətlərinin ən çox pozulduğu sahələr rəsmiləşdirilmə aparılmadan işçilərin əməyə cəlb olunması, əməkhaqlarının qanunvericiliyə uyğun ödənilməməsidir. Həmçinin, işçilərin bədbəxt hadisələrdən, peşə xəstəliklərindən sığorta edilməməsi və əməyin mühafizəsi sahəsində işəgötürənlərin qanunvericilik hallarını pozması da bunların sırasındadır", N.Mirzəyeva vurğulayıb.
Əmək qanunvericiliyinin pozulması
Qeyd edək ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
İşçiyə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
Vergi Məcəlləsinə əsasən, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində bu cür hallara birinci dəfə yol verdikdə 2 min manat, ikinci dəfə yol verdikdə 4 min manat, üç və daha çox dəfə yol verdikdə isə 6 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Xatırladaq ki, əmək müqaviləsinin bağlanması, ilk növbədə, işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilib. İşçilər əmək müqaviləsi olmadan və ya işəgötürənlər tərəfindən onlara ödənilən qeyri-leqal əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Əmək müqaviləsi olmayan və əməkhaqqını qeyri-leqal alan işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin ödənilməməsi ilə rastlaşır və ən əsası, gələcəkdə pensiya təminatından məhrum olurlar. İşəgötürənlə əmək müqaviləsi bağlamaqla və yalnız rəsmi əməkhaqqı ödəməyi tələb etməklə hər bir işçi öz gələcəyini indidən düşünmüş olur.
Xəbər lenti
0